Paşinyanlar, arutunyanlar isterika vəziyyətinə düşüblər - ŞƏRH ÖZƏL
"Tovuz təxribatından sonra həm hərbi, həm də diplomatik-siyasi müstəvidə layiqli cavab alan ermənilər görünür yeni təxribatlar yaratmağa cəhd etməklə sonuncu uğursuzluqlarını daxili ictimai rəydə kompensasiya etməyə çalışırlar. Ancaq Qarabağ probleminin bu cür manipuliyasiya edilməsi uzun müddət davam edə bilməz və Azərbaycanın ərazi bütövlüyü işğalçı Ermənistanın daxili siyasət spekulyasiyasına çevrilə bilməz". Bunu SİA-ya açıqlamasında Milli Məclisin üzvü, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, politoloq Hikmət Babaoğlu deyib.
Deputatın sözlərinə görə, Dağlıq Qarabağdakı qondarma rejimin başçısı, terrorçu Araik Arutunyan Gəncəni vurmaqla bağlı sərsəm fikirlər irəli sürüb: "Bu seperatçı əmin olmalıdır ki, onun səsi elə çıxdığı yerdəcə susdurulacaq və buna çox az qalıb. Xankəndi də, bütün Qarabağ da tezliklə öz həqiqi sahibinə, Azərbaycana qovuşacaq. Elə Tovuz təxribatından sonra işğalçı ölkənin ən sadiq havadarlarının belə Ermənistana sahib çıxmaması görünür bütün paşinyanları, arutunyanları isterika vəziyyətinə salıb və onlarda nostalji hissələrini o qədər qabardıb ki, Gəncənin adını belə Kirovabad kimi söyləməyə məcbur edib. Ancaq seperatçılar və işğalçılar bilməlidirlər ki, yeni tarixi mərhələ başlayıb və onların böyük nostalji hissi ilə xatırladıqları sovet imperiyası və onun işğal maşını yeni mərhələdə real hərbi-siyasi mexanizm deyil və separatçı rejimi dəstəkəlyən qorbaçovlar da artıq yoxdur".
H.Babaoğlu bildirib ki, təəccüb və təəssüf doğuran isə odur ki, separatçı Arutunyanın yeni terror aktı planları ilə bağlı səsləndirdiyi fikrlərə ATƏT-in Minsk qrupu və digər müvafiq beynəlxalq təşkilatlar heç bir reaksiya vermirlər: "Görünür ATƏT-in Minsk Qrupu öz missiyasını yalnız Ermənistan dara düşəndə tərəfləri sülhə çağırmaqla bitmiş hesab edir. Bu cür davranışa son qoyulmalıdır. Onsuz da gərgin olan regionumuzda növbəti təxribatların böyük müharibəyə çevrilməsi əsla istisna deyil. İşğal faktı qaldıqca müharibə riski də qalacaq. Vasitəçilik missiyası üçün BMT Təhlükəsizlik Şurasından mandat alan Minsk Qrupu ya missiyasını yerinə yetirməli, ya da fəaliyyətinidə iflasa uğradığını etiraf etməlidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB