Bəhruz Quliyev: “Minsk qrupu buraxılmalı, onun tərkibinin yenidən təşkilinə baxılmalıdır”

"Prezident İlham Əliyevin məqsədyönlü xarici siyasəti nəticəsində ötən dövr ərzində Azərbaycan regional və qlobal əhəmiyyətli iqtisadi, siyasi və humanitar layihələrin mərkəzinə çevrilib, bir sıra əhəmiyyətli əməkdaşlıq formatlarının təşəbbüskarı olub. Müasir dövrdə Azərbaycanın beynəlxalq səviyyədə həyata keçirdiyi bərabərhüquqlu və qarşılıqlı maraqlar prinsiplərinə söykənən xarici siyasət strategiyası ekspertlər tərəfindən təqdir olunan model kimi qiymətləndirilib.

Ümumilikdə, Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasət kursu həmişə öz dinamikliyi, intensivliyi və çevikliyi ilə xarakterizə olunub və daim milli maraqlara söykənib".

SİA xəbər verir ki, bu fikirləri "Olaylar.az"a açıqlamasında "SƏS" Media Qrupunun rəhbəri, siyasi ekspert Bəhruz Quliyev Prezident İlham Əliyevin Rusiya Prezidenti Vladimir Putinə telefon zəngini şərh edərkən deyib.

Qurum rəhbərinin sözlərinə görə, Azərbaycanın milli maraqlarına təsir edən hər bir məsələ Prezident İlham Əliyevin xüsusi nəzarətindədir və bununla əlaqədar istənilən ölkə, beynəlxalq qurum qarşısında məsələ qaldırılır, onların həllinə nail olunur: "Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizama salınması prosesində Azərbaycan dövləti və Prezident İlham Əliyev, ilk növbədə, sülh variantına üstünlük verir. Münaqişə həll olunmadan, yəni Ermənistan işğal olunmuş Azərbaycan torpaqlarından çıxmayınca bölgədə heç bir müsbət irəliləyişin mümkün olmayacağını vurğulamaqla yanaşı, dövlət başçısı ölkəmizin öz milli maraqları uğrunda sona qədər mübarizə aparacağını bildirib. Münaqişənin nizama salınmasında Azərbaycanın tutduğu mövqe birmənalıdır. Problem yalnız Azərbaycanın ərazi bütövlüyü və ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həllini tapmalıdır. Bu mövqe beynəlxalq hüququn normaları və prinsipləri, BMT Nizamnaməsi, Helsinki Yekun Aktı və münaqişənin nizamlanması istiqamətində qəbul edilmiş çoxsaylı beynəlxalq sənədlərə əsaslanır".

Bəhruz Quliyev bildirib ki, Rusiyanın Ermənistanı silahlandırmasını davam etdirməsi işğalçı ölkəyə dəstəkdir: "Silahlandırma münaqişənin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun həllinə imkan vermir. Problem ondadır ki, münaqişənin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupunun həmsədrləri indiyədək ciddi fəaliyyət ortaya qoya bilməyiblər. Əgər ATƏT-in Minsk qrupu və həmsədr dövlətlər Ermənistanın işğalçılıq siyasətinə, 1 milyon insanın qaçqın-köçkün həyatına, dinc insanların ölümünə, ermənilər tərəfindən insanların evlərinin, yurdlarının, məzarlıqlarının dağıdılmasına göz yumursa, bu qurum tarixdə mürtəce təşkilat kimi qalacaq. Əgər bu adı öz üzərindən götürmək istəyirsə, Minsk qrupu Ermənistanın təcavüzünün aradan qaldırılması üçün əməli fəaliyyət göstərməlidir. Amma biz bu gün nəyi müşahidə edirik? Minsk qrupu həmsədrlərinin bəyanatlarında həmişə Ermənistan ilə Azərbaycan bərabərləşdirilir. Lakin belə olmalı deyil. Ermənistan işğalçıdır, Azərbaycan isə işğala məruz qalan ölkədir. Ermənistana dəstək vermək işğalçıya, təcavüzkara nəfəs vermək deməkdir. Bütün bunlar deməyə əsas verir ki, həmsədrlər fəaliyyət göstərdikləri müddət ərzində münaqişənin həlli, Ermənistanın işğalına son qoyulması istiqamətində ciddi bir iş görməyiblər. Həmsədr dövlətlərin təmsilçiləri vaxtaşırı olaraq yenisi ilə əvəz olunurlar və onlar da sələfləri kimi bölgəyə turist səfərləri etməklə məşğuldurlar. Bu mənada hesab edirəm ki, ATƏT Minsk Qrupu buraxılmalı, onun tərkibinə yenidən baxılmalı, Türkiyə həmsədr ölkə qismində bu quruma və prosesə cəlb edilməlidir".

Bütün xəbərlər Facebook səhifəmizdə