"Seroloji testlərin keçirilməsi ən sürətli üsullardan biri hesab olunur" ÖZƏL-MÜNASİBƏT

"Pandemiya meydana gəldiyi ilk gündən virusla mübarizə istiqamətində ölkəmizdə operativ və adekvat tədbirlərin həyata keçirilməsinə başlanıldı. Azərbaycanda ilk gündən Prezident İlham Əliyev məsələni bilavasitə öz nəzarətinə götürdü. Bir neçə mühüm sərəncam imzaladı. Məhz bu tədbirlər nəticəsində bir çox ölkələrdən fərqli olaraq virusun ölkəmizdə yayılması tam nəzarətdə saxlanıldı. Yeni tibb müəssisələri, xəstəxanalar fəaliyyətə başladı". Bunu SİA-ya millət vəkili Ceyhun Məmmədov deyib.

Deputatın sözlərinə görə, qısa müddətdə ölkəmizdə maska və spirt zavodları istifadəyə verildi: "Pandemiyanın əhaliyə mənfi təsirlərinin aradan qaldırılması üçün dövlət qurumları gərgin iş rejiminə keçdilər. Dünyanın heç bir ölkəsi pandemiya ilə mübarizəyə tam hazır deyildi. Məhz bu səbəbdən bir sıra ölkələr virusla mübarizədə ciddi sınaqla üz-üzə qaldılar. Hətta bəzi ölkələrdə xəstəxanalarda yer olmadı, insanlar küçələrdə qaldılar. Virusun geniş yayılmasının qarşısının alınmasında testlərin sürətli təşkili xüsusi əhəmiyyət daşıyır. Hazırda dünyada virusun aşkarlanması üçün müxtəlif üsullardan istifadə edilir. Bu üsullardan biri də seroloji testlər vasitəsilə virusun aşkarlanmasıdır. Seroloji testlərin keçirilməsi bu gün virusun aşkarlanması üçün ən sürətli üsullardan biri hesab olunur. Bu metoddan istifadə testlərin daha sürətlə aparılmasına və nəticələrin daha tez bilinməsinə təkan verəcək. Bütün bunlar onu göstərir ki, ölkəmizdə COVID-19 pandemiyası ilə mübarizənin daha effektiv qurulması üçün bütün zəruri tədbirlər görülür".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə