Dövlətin gördüyü işin əhəmiyyətinə kölgə salmaq cəhdləri yolverilməzdir - MÖVQE ÖZƏL

"Məlum olduğu kimi, ölkəmizdə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən hazırkı sanitar-epidemioloji vəziyyətə uyğun olaraq sərt karantin rejiminin mövcud olduğu şəhər və rayonlarda, eləcə də ölkə üzrə bəzi yumşalmaların tətbiqinə qərar verilib. Qərarda karantin rejiminin tələblərinə uyğun müəyyən edilən qaydalar çərçivəsində ölkə üzrə çimərliklərin istifadəsinə icazə verilməsi də əksini tapıb. Təbii ki, burada sanitar-epidemioloji vəziyyətlə yanaşı, analoji məsələ ilə bağlı beynəlxalq təcrübədə əksini tapmış şərtlər və qaydalar da nəzərə alınıb ki, bu da olduqca mühüm və mütərəqqi addımdır". Bunu SİA-ya açıqlamasında Milli Məclisin üzvü, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu deyib.

"ASAN xidmət"in pandemiya dövründə çimərlik ərazilərindən istifadə ilə bağlı beynəlxalq təcrübəni öyrəndiyini, geniş araşdırmadan sonra vətəndaşlar üçün ən təhlükəsiz şəraitdə çimərliklərdən istifadənin təmin edildiyini diqqətə çatdıran millət vəkili vurğulayıb ki, 120 çimərlikdə xüsusi çimərlik zonası yaradılıb, məlumatlandırıcı lövhələr və dezinfeksiya etmək üçün xüsusi qurğular quraşdırılıb, prosesə min ASAN könüllüsü cəlb edilib. Eyni zamanda, müvafiq onlayn resurs istifadəyə verilib. Beləliklə, karantin dövründə insanların açıq havada istirahət etmələri üçün tam təhlükəsiz şərait yaradılıb".

Deputat bildrib ki, bu mərhələdə də vacib amil gigiyena qaydalarına və sosial məsafə tələbinə riayət etməkdir: “Təəssüflər olsun ki, bəzi şəxslər insanların sağlamlığı və təhlükəsizliyinə xidmət edən mövcud qərarlarla bağlı spekulyativ rəy formalaşdırmağa çalışırlar. Məsələn, bir müddətdir ki, sosial şəbəkələrdə “çimərliklər istifadəyə açılmalıdır” fikrini fəal təbliğ edənlər müvafiq qərarın əhəmiyyətini azaltmaq, yaxud bu addımın üzərinə kölgə salmaq üçün diqqəti başqa məsələyə yönətməyə çalışırlar . Onlar “rayonlara gediş-gəlişin bərpa olunması lazımdır” fikrini ifadə etməklə ictimai rəyi manipulyasiyaya məruz qoymağa çalışırlar. Mütəxəssislərin birmənalı rəyi budur ki, yumşalma prosesi tədricən olmalı, mövcud sanitar-epidemioloji vəziyyətə uyğun mərhələli addımlar atılmalıdır. İlk olaraq çimərliklər istifadəyə verildi, növbəti mərhələlərdə müxtəlif yumşalmalar da ola bilər".

H.Babaoğlu qeyd edib ki, əsas məsələ insanların məsuliyyəti və qaydalara tam əməl etmələridir: "Unutmamalıyıq ki, vətəndaş məsuliyyətinin nəticəsi kimi, yoluxma və aktiv xəstə sayı azalsa, daha bir sıra məhdudiyyətlər aradan qaldırılar. Avropanın koronavirusla ciddi mübarizə sınağı vermiş bir sıra inkişaf etmiş ölkələrinin, o cümlədən Almaniya, İtaliya, İspaniya kimi dövlətlərin təcrübəsi də mərhələli və tədricən yumşalma prosesinin məqbul və effektiv seçim olduğunu göstərir. Dövlətimizin koronavirus pandemiyası ilə mübarizə çərçivəsində bütün zəruri resursları səfərbər edib və Azərbaycan təcrübəsi dünya miqyasında müsbət nümunə kimi dəyərləndirilir. Hazırkı həlledici mərhələdə dövlətin müvafiq tədbirlərinə ictimai dəstək davam etdirilməli, işin ciddiliyinə və əhəmiyyətinə kölgə salmaq cəhdlərinə yol verilməməlidir. Bu, koronavirusla mübarizənin effektivliyini təmin edəcək ən mühüm strateji faktordur".

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...