“Azərbaycanla Türkiyə arasında strateji əməkdaşlıq və qarşılıqlı yardım haqqında müqavilə 1994-cu ilin fevral ayının 9-da imzalanıb. Bu müqavilə imzalanan zaman tərəflərin 1921-ci ildəki “Qars müqaviləsi”nə sadiq olduqları da ifadə olunub. Yəni bu müqavilədə həm də hərbi sahədə əməkdaşlığa geniş yer verilib. Həmin zamandan bəri bu istiqamətdə ciddi əməkdaşlıq davam edir”. Bunu SİA-ya açıqlamasında hərbi-siyasi icmalçı Ramil Məmmədli deyib.
Onun sözlərinə görə, son 6 ildə Azərbaycan Müdafiə Nazirliyi ilə Türkiyənin analoji qurumu arasında əməkdaşlıq daha intensiv hal alıb: “Birgə təlimlərin sayı artıb, genişmiqyaslı hərbi təlimlər keçirilib, hərbi-texniki əməkdaşlıq sahəsində əlaqələr daha da inkişaf etdirilib. Bizim ordularımızın qoşun növləri arasında ayrı-ayrılqda hərbi təlimlər keçirilir. 2018-ci ildə iki ölkə arasında ilk dəfə irimiqyaslı hərbi təlimlər keçirildi. Plana uyğun olaraq, ayın 29-dan başlayaraq birgə təlimlərə start verilib. Budəfəki təlimlər Azərbaycanın bir neçə şəhərini və bölgəsini əhatə edəcək. Aydındır ki, bu cür təlimlər ilk olaraq Ermənistanı narahat edir.
Ermənistan cəmiyyətində belə bir fikir formalaşıb ki, guya bu təlimlər Tovuzdakı hadisələrlə bağlıdır. Erməni KİV-i bu istiqamətdə ciddi təbliğat aparır. Ancaq bu əsla belə deyil. Bu cür irimiqyaslı hərbi təlimlər əvvəlcədən planlaşdırılır. Ermənistandakı narahatlıq başadüşüləndir. Cünki onlarda genetik olaraq Türkiyə və türk əsgəri ilə bağlı bir qorxu formalaşıb. Buna görə də bizim hərbi əməkdaşlığımız onları daha dərindən narahat edir. Hesab etmirəm ki, belə təlimlərlə ölkələrimiz kimlərəsə hansısa ismarıcı verir. Bizim üçün önəmli olan ordumuzun bütün parametrlər üzrə yoxlanışını həyata keçirməkdir. Ermənistan mətbuatında bunu bizim daxili problemlərimizlə əlaqələndirmək cəhdi də tam dezinformasiyadır. Bizim daxili vəziyyətimiz stabildi. Hər hansı daxili problemi aradan qaldırmaq üçün isə Azərbaycanın kifayət qədər gücü var. Bura kənar dövlətin dəstəyi və ya ordunun gücü lazım deyil. Ölkəmizdə həm də milli vətənpərvərlik hissləri yüksək səviyyədədir. Ermənistan yaxşı olar ki, öz daxili vəziyyətinə fikir versin. Orada ciddi parçalanma var. Hətta onların ordusunun daxilində belə bir neçə tirəlik hökm sürür. Ermənistanın bu yöndə yaydığı məlumat dezinformasiyadan başqa nəsə deyil”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB