Yenilik arzulayanlar özləri niyə yeniliyə imza atmırlar? ANALİTİK
Yaxud, dövlətin siyasi islahatlarına dəstək partiyalar tərəfindən də olmalıdır
Artıq uzun müddətdir ki, iqtidar bir sıra sahələri əhatə edən iri miqyaslı islahatlarla yanaşı, siyasi islahatları da həyata keçirir. Xüsusilə kadr islahatları fonunda münbit yenilikərə doğru addımlar atılır, gənc nəslin nümayəndələri müxtəlif yüksək vəzifələrə təyinat alır və o cümlədən, iqtidar komandasının fəaliyyətinə yeni impulslar verilir. Söz yox ki, bu reallıq həm də növbəti yeniliklərə, müasir siyasi idarəçilik maraqlarına doğru atılan uğurlu addım olaraq qiymətləndirilir.
Daha bir məqam isə, ölkədə fəaliyyət göstərən və fəaliyyətləri uzun illərə söykənən siyasi partiyalarla bağlıdır. Belə ki, istər hakimiyyətə loyal münasibətdə olan, istərsə də qeyri-konstruktiv fəaliyyətləri ilə seçilən iqtidaryönlü və ya müxalifəyönlü siyasi partiyalar var ki, onların sədrləri zaman-zaman yeniləşmə vacibliyindən, gəncləşmədən bəhs etsələr də, bu kimi amillər sadəcə söz olaraq qalır. Daha dəqiq desək, partiyalar siyasi arenada qaldıqca, onların sədrləri də partiyaları ilə birlikdə həmin arenada yaşa dolurlar. İstefa verərək yerlərini gənclərə təhvil vermək istəyənlər isə hələ ki, görünmürlər.
Partiya sədrinin istefa verib siyasətdən çəkilməsi və yerini gənclərə təhvil verməsi faktı barmaqla sayılacaq qədərdir
Onu da qeyd edək ki, Azərbaycanda bir partiya sədrinin istefa verib siyasətdən çəkilməsi və yerini gənclərə təhvil verməsi faktı barmaqla sayılacaq qədərdir, yaxud demək olar ki, yoxdur. Hazırkı dövrə qədər yalnız iki müxalifət partiyalarının sədrləri – AMİP və ALP-nin rəhbərləri olmuş Etibar Məmmədov və Lalə Şövkət Hacıyeva illər əvvəl rəsmən öz postlarından istefa verərək, siyasi təşkilatlarının formal olaraq “fəxri lideri” statuslarına yiyələniblər.
O cümlədən, uzun illər Müsavat partiyasına başqanlıq etmiş İsa Qəmbər də postunu şübhəli qurultay və qalmaqallı seçkilər yolu ilə gənc nəslin nümayəndələrinə deyil, məhz Arif Hacılıya təhvil versə də, hazırda “MSDM” adlı quruma rəhbərlik edir və yuxarıda adları çəkilənlərdən fərqli olaraq, siyasətdə qalmaqda davam etməkdədir.
O da əbəs deyil ki, bu gün siyasi səhnədə sədrləri gənc olan partiyalar da mövcuddur. Məsələn, müxalifətyönlü və destruktvlikdən uzaq olan AĞ Partiyanın sədri Tural Abbaslını, eləcə də GAP sədri Ağsif Şakiroğlunu burada göstərmək olar. Ancaq təəssüf ki, belə gənc partiya sədrləri azdır və digər partiyaların sədrləri uzun illərdir ki, kreslolarında qalmaqda davam edirlər. Hətta belə bir fikir də formalaşır ki, onlar bundan sonrakı illərdə də sədrlik postlarını kimsəyə təhvil vermək fikrində olmayacaqlar.
30... 27... 22... 20... 16... 14... - illər ötür sədrlər qalır
Misal üçün, AMİP-dən istefa verib, VİP-i təsis edən Əli Əliyev artıq 14 ildir ki, bu siyasi təşkilata sədrlik edir. Lakin onun sədrliyindən iki dəfə artıq sədr olanlar da bu gün siyasi səhnədə qalmaqda davam edirlər...
1990-cı ildə təsis edilən və 30 ildir ki, ASDP-yə sədrlik edən Araz Əlizadə çox güman ki, növbəti illərdə də sədr vəzifəsində qalmağı düşünür.
Vətəndaş Həmrəyliyi Partiyasının sədri də partiya yarandığı gündən dəyişmir. 1992-ci ildən Sabir Rüstəmxanlı VHP-yə 28 ildir sədrlik edir.
Ədalət Partiyasının sədri isə 27 ildir eyni şəxsdir. 1993-cü ildə yaradılan Ədalət Partiyasının qurucusu və sədri o vaxtdan indiyədək İlyas İsmayılovdur.
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev isə, 16 ildir bu siyasi təşkilatın rəhbəridir.
Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri isə 14 ildir dəyişməzdir. KXCP 2006-cı ilin mart ayında Mirmahmud Mirəlioğlunun başçılığı ilə yaradılıb. Bu günə qədər Mirmahmud Mirəlioğlu partiyanın sədri kimi qalmaqda davam edir.
Onu da qeyd edək ki, bu iki partiya sədrləri məhz AXCP-də yaranmış qalmaqallardan, xüsusilə Əli Kərimlinin adıçəkilən partiyanı parçalamasından sonra özlərinə siyasi təşkilat yaradıblar.
Yeri gəlmişkən, AXCP-nin sədri Əli Kərimli 2000-ci ildən – 20 ildir ki, həmin partiyanın sədrlik kürsüsünü zəbt edib və hətta qurultaylarını keçirsə belə, öz postunu kimsəyə verməyib.
Ümid Partiyasına isə 18 ildir eyni şəxs sədrlik edir. 1993-cü ildə təsis edilərək, elə həmin ildə də dövlət qeydiyyatına alınan partiyanın ilk sədri mərhum Əbülfət Əhmədov olub. 2002-ci il dekabrın 15-də Ümid Partiyasının III (I) Qurultayında partiyanın sədri İqbal Ağazadə seçilib və bu gün də sədrdir.
Ən uzunömürlü partiya sədrlərindən biri də Azərbaycan Xalq Partiyası (AXP) sədri Pənah Hüseyndir. Bu siyasi təşkilat 1995-ci ildə təsis edilib və nə az, nə çox düz 25 ildir ona rəhbərliyi P.Hüseyn etməkdədir.
Azərbaycan Liberal Demokratik Partiyasının (ALDP) sədri isə Fuad Əliyevdir o 2001-ci ildən – 19 ildir ki, bu təşkilata rəhbərlik edir və görünür o da yerini kimsəyə vermək fikrində deyil.
Ana Vətən Partiyasının (AVP) sədri Fəzail Ağamalı da ən uzunömürlü sədrlərdəndir. O, bu partiya yaranandan həmin təşkilatın sədridir – 30 il.
Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu da 1991-ci ildən bu partiyanı təsis edib və hələ də rəhbəri qalmaqda davam edir. 29 ildir bu partiyaya sədrlik edən S.Cəlaloğlunun yenilik çağırışlarında bulunmasına baxmayaraq, o öz postunu təhvil-təslim etməyib.
Beləliklə, bu siyahını daha çox uzatmaq olar və sadəcə, buradakı fikrin aydın olması üçün qeyd etmək yerinə düşərdi ki, ölkədə yeniliklərin, tərəqqinin, siyasi və s. islahatların dəstəkçiləri olmaq üçün artıq bu partiyaların sədrləri də az-çox düşünməli, öz yerlərini xələflərinə verməlidirlər. Çünki ölkədə gəncləşmə siyasəti aparılırsa, bu zaman həmin siyasətə dəstəyin göstərilməsi də müsbət addım olaraq qiymətləndirilə bilər. Hər halda, uzunömürlü siyasi partiya sədrlərinin yeniləşməmələri, yaxud bunu etmək istəməmələri, daha dəqiqi isə real siyasi çalarlar da bu gerçəkliyi diktə etməyə başlayıb.
Rövşən NURƏDDİNOĞLU
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB