"Fürsətbazlıq siyasətinin ifşası" MƏQALƏ

Nurlana Əliyeva,

YAP İdarə Heyətinin üzvü, partiyanın Qadınlar Şurasının sədri, Bakı Slavyan Universitetinin rektoru, filologiya elmləri doktoru, professor

İyulun 12-də Ermənistanın silahlı qüvvələrinin Azərbaycan- Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində növbəti təxribatının qarşısı qətiyyətlə alındı. İşğalçı dövlətin bütün cəhdləri iflasa uğradı, Azərbaycan öz dövlət sərhədini qorudu, Ermənistan əsgərləri bir qarış belə, Azərbaycan torpagına keçə bilmədilər. Azərbaycan Ordusunun əsgərlərinin böyük şücaəti Ermənistan hakimiyyətinin apardığı reallıqdan uzaq təbliğatlarını bir daha alt-üst etdi. Ermənistan ordusu barədə güclü imic yaratmağa cəhd göstərən işğalçı dövlətin rəhbərliyi görünür 2016-cı ilin Aprel döyüşlərini, 2018-ci ilin Naxçıvan qələbəsini unudur. Dövlətimizin başçısı, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı Cənab İlham Əliyev Təhlükəsizlik Şurasının iclasında, eyni zamanda, Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bir daha bildirdi ki, məhz Ermənistan rəhbərliyinin ikiüzlü və riyakar fəaliyyətinə görə belə hadisələr baş verir. Ermənistan bir tərəfdən beynəlxalq ictimaiyyətə müraciət edir və Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində atəşkəs rejiminin möhkəmləndirilməsi üçün kömək xahiş edir. Digər tərəfdən, hərbi təxribatlar törədərək Azərbaycan ərazisinə basqın edir, mövqelərimizi zəbt etmək istəyir, mülki əhalini, kəndlərimizi atəşə tutur.

Təbii ki, Ermənistanın Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində hərbi təxribatı ilk hadisə deyil. Son bir neçə ay ərzində bu hərbi təxribatlar nəticəsində Azərbaycan hərbçiləri, mülki şəxslər həlak olmuşlar. Nazirlər Kabinetinin iclasında “Azərbaycan Silahlı Qüvvələrinə göstəriş verdim ki, hərbçilərimizin intiqamı alınmalıdır, onların qanı yerdə qalmamalıdır və düşmənə elə bir zərbə endirilməlidir ki, onu uzun illər bundan sonra da yaddan çıxarmasın” söyləyən möhtərəm Prezidentimiz İlham Əliyev təxribat nəticəsində həlak olmuş general-mayor Polad Həşimovun və polkovnik İlqar Mirzəyevin qəhrəmanlıgından bəhs etmişdir. “Xalqımız, dövlətimiz üçün bu cür övladlar, igidlər yetişdirən analara eşq olsun!” bildirən cənab İlham Əliyev bu mühüm məqamı da xüsusi diqqətə çatdırmışdır ki, onların həyatı, torpaq, Vətən uğrunda göstərdikləri şücaət, qəhrəmanlıq hər bir gənc üçün nümunə olmalıdır. Biz fəxr edirik ki, Azərbaycan xalqı, Azərbaycan torpağı belə övladlar yetişdirib.”

Müharibə şəraitində yaşayan ölkədə bu itkilərin olması, oğul və qızlarımızın Vətən, torpaq uğrunda öz canlarından keçərək şəhidlik zirvəsinə ucalmaları vətənpərvərlik kimi ali dəyərin mövcudluğunun göstəricisidir. Şəhidlik insanlığın, vətəndaşlığın ən ali zirvəsidir. Hazırkı dövrdə gənclərimizin vətənpərvərlik ruhunda yetişdirilməsindən bəhs edərkən Vətən, torpaq uğrunda canlarından keçmiş qəhrəman oğullarımızın həyat yolunu örnək kimi əzizləyib gələcək nəsillərə yetirmək ən müqəddəs borcumuz olmalıdır.

İyulun 12-də Ermənistanın Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində hərbi təxribatının qarşısını almaq üçün Milli Ordumuzun əsgərləri xalqımızın mənəvi varlığında, bütün milli ruhunda yaşayan qəhrəmanlıq ənənələrinə sadiqlik nümayiş etdirdilər. İyulun 14-də döyüş zamanı müdafiənin ön xəttində olan Azərbaycan Ordusunun general-mayoru Polad Həşimov, polkovnik İlqar Mirzəyev qəhrəmancasına həlak oldular. Orduda generallarla əsgərlərin bir cərgədə, ön sırada düşmənə qarşı vuruşduğunu əyani şəkildə təsdiq edən bu fakt, sübut etdi ki, Azərbaycan Ordusunun generalı, polkovniki özlərini tabeliklərində olan hərbçilərdən fərqləndirmirlər, qarşıda duran tapşırığı yerinə yetirmək üçün öz canlarını belə qurban verməyə hazır olurlar. Azərbaycan xalqı belə qəhrəman generalları, zabitləri olan milli ordumuzla fəxr edir. Düşmən hücumları zamanı Azərbaycan ordusunun iki mayoru, iki giziri və bir əsgəri də şəhid olub. Şəhidlərimizə Allahdan rəhmət, əzizlərinə səbr, dözüm diləyir, dözüm, onları vətənpərvərlik ruhunda yetişdirən anaların, müəllimlərin qarşısında baş əyirik.

Əsgərlərimizin, eyni zamanda, təxribat zamanı həlak olanların qohum-tanışlarının qeyd etdiyi kimi, hər iki komandir peşəkarlığı, Vətən sevgisi ilə nümunə olub. Vətənpərvərlik duyğuları onlarda o qədər güclü olub ki, hərbi heyət qarşısındakı hər bir çıxışları əsgərlərimizdə döyüş ruhunu yüksəldib və onlar gərəkli anda düşmən üzərinə getməyə hazır olduqlarını bəyan ediblər. Yeri gəlmişkən qeyd etmək istərdim ki, polkovnik İlqar Mirzəyevin oğlu Elvin Mirzəyev rəhbərlik etdiyim Bakı Slavyan Universitetinin tələbəsidir. Bir ana, bir ziyalı, bir Azərbaycan vətəndaşı olaraq mən də şəhidlərimizin məzarını ziyarət etdim, dualar oxudum. Böyük yaradandan onların ruhuna rahatlıq dilədim. Elvinlə söhbətimdə onun atası kimi igid, vətənpərvər, qeyrətli oğullarımızla ancaq qürur hissi keçirdiyimizi, onların xatirəsinin bizim üçün canımız qədər əziz olduğunu söylədim. Möhtərəm Prezidentimiz, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin düşünülmüş və məqsədyönlü siyasəti, Ordumuzun gücü, qüdrəti sayəsində işğal altında olan torpaqlarımızın azad olacağını, müstəqilliyimizin qorunması, ərazi bütövlüyümüzün təminatı, torpaqlarımızın işğaldan azad edilməsi yolunda həyatlarını qurban verən oğul və qızlarımızın ruhunun şad olacağı günün uzaqda olmadığını böyük əminliklə bildirdim. Elvin Mirzəyevin qeyd etdi ki, şəhidlik hər adama qismət olmur. Onun adını da, şanını da həmişə əməllərim ilə uca tutacağam. Möhtərəm Prezidentimiz İlham Əliyev Nazirlər Kabinetinin iclasında bu məqamı da qeyd etmişdir: “Polkovnik İlqar Mirzəyevin oğlu Elvinlə bu gün söhbət zamanı atasının qəhrəmanlığı haqqında danışdım. Dedim ki, o, atasına oxşamalıdır, bizim bütün gənclərimiz qəhrəmanlarımıza oxşamalıdırlar.”

Təəssüf ki, müharibələr, döyüşlər itkisiz olmur. Bu itkilər nə qədər ağrılı, acılı olsa da, o qədər də şərəflidir. Sevincimizin, fərəhimizin ünvanı bugünkü qüdrətli Azərbaycan və onun güclü ordusudur. Günbəgün ucalan, dünya birliyinin fəal üzvünə çevrilən, təşəbbüsləri gerçəkləşdirən Dövlətimiz, Vətənimiz Azərbaycan harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı üçün qürur, iftixar mənbəyi olmalı, onun gələcəyi naminə vətəndaşlıq təəssübkeşliyindən irəli gələn fədakarlığımızı, töhvələrimizi əsirgəməməliyik.

İyulun 14-15-də Azərbaycan Ordusuna dəstək məqsədilə keçirilən aksiya cəmiyyətimizdə vətənpərvərlik ruhunun yüksək olduğunu bir daha nümayiş etdirdi. Sözsüz ki, aksiya iştirakçılarının təəssübkeşliyi, ordu sıralarında qulluq etmək niyyətləri sevindirici və qürurvericidir. Orduya dəstək hər birimizin vətəndaşlıq borcudur. Bu aksiya Azərbaycan gəncinin milli ruhu, milli qeyrəti, böyüklərindən aldıqları qəhrəmanlıq dərslərinin şərəf verən nəticələridir. Lakin insan beyninə sığışdırmaq istəmir ki, vəziyyətdən sui-istifadə edib millətin, Vətənin bu sınaqlı günlərində ermənilərdən də betər öz içimizdə olan “insanlar” bu tədbirlərdə düşmənçilik toxumları səpmək niyyəti ilə addım atsınlar, gəncləri yoldan çıxarsınlar. Belələrinə ancaq və ancaq “ar olsun” deyirik. Minlərlə insan-xalq-ordu birliyindən ilham alanlar
meydanlara axışır, Dövlətə, orduya məhəbbətlərini, düşmənə etirazlarını bildirmək niyyətilə şüarlar səsləndirir, öz həmrəyliklərini izhar edirlər. Lakin sabitlik şəraitində davam edən yürüş birdən-birə istiqamətini dəyişib başqa yönümə keçir. Əhmədli qəsəbəsindən Milli Məclisin binasına qədər keçirilən yürüşün bir qrup iştirakçısı parlamentin binasına girir, digər qrup isə polis maşınını çevirir. Bu hərəkətlər artıq cızılan ssenarinin kimlərə məxsusluğuna vətəndaşlıq təəssübkeşliyini itirib dövlətçiliyimizə, Ordumuza dəstək məqsədilə keçirilən birlik, həmrəylik yürüşündən öz çirkin məqsədləri üçün istifadə etməyə cəhd edənlərin mənəviyyatsızlığına işıq salır. İctimai fikrin çaşdırılmasına yönələn qızışdırıcı şüarların səsləndirilməsi ikrah doğurmaya bilməz. Xarici dairələrin əlində oyuncağa çevrilən, qul psixologiyalarının əlində əsir olan, dövlətin, xalqın maraqlarına arxa çevirən, öz şəxsi ambisiyalarını düşünən AXCP-nin nümayəndələri unudurlar ki, ən böyük cəza ictimai qınaqdır. Onları artıq çoxdan tanıyan bu cəmiyyətdə belə naqis düşüncəli şəxslərə yer yoxdur. Azərbaycanın uğurlu inkişafını həzm etməyən, müstəqil siyasətindən narahatlıq keçirən xarici anti-Azərbaycan dairələrin maraqlarının icrası ilə məşğul olan, “düşmən dəyirmanına su tökən” daxili bədxahlarımızın özləri unutsalar da, xalq onların fürsət düşdükcə ölkəmizdə qarşıdurma yaratmağa cəhd göstərdiklərini, Azərbaycanın imicinə zərbə vurmaq üçün gecəli-gündüzlü çalışdıqlarını unutmur. Hər dəfə belə ikrah doğuran cəhdlərinin qarşısı Azərbaycan dövləti tərəfindən qətiyyətlə alınıb. Milli mənsubiyyətlərini itirmiş, ali dəyəri yadlara satmış bu ünsürlər açıq-aşkar ermənilərlə işbirliklərini, ermənipərəst dairələrin sifarişləri əsasında hərəkət etdiklərini növbəti dəfə təsdiqlədilər. Görünür, erməni sevgilərindəndir ki, on minlərlə gəncin yürüşə çıxıb cəbhədə hələ də davam edən döyüşlərdə qəhrəmanlıq göstərən əsgərlərimizə dəstək olmaları, səsləndirilən «Ya Qarabağ, ya ölüm!» «Ali Baş Komandan, əmrini gösləyirik!» kimi şüarlar onları narahat edir. Çünki bu addımlar, çağırışlar müdafiəsinə qalxdıqları düşmən Ermənistana ideoloji bir zərbədir. Azərbaycana dünya dövlətlərindən və beynəlxalq təşkilatlardan böyük dəstəklərin daxil olduğu, Ermənistanın törətdiyi təxribatın pislənərək dünyaya işğalçı dövlətə qarşı sanksiyaların tətbiq edilməsinin zamanı olması ilə bağlı müraciətlərin ünvanlandığı, eyni zamanda, Azərbaycanın şəhidlər verərək böyük ağrılar, acılar yaşadığı bir vaxtda düşmən kimi baş qaldırmaları damarlarından azərbaycanlı qanı axdığına, ulu babalarının hansı millətə mənsub olduğuna şübhələr yaradır. Dahi Nizami belələri haqqında deyib:

Düşməninlə dost olana

Sən də bax bir düşmən kimi,

İlan üstdə yatan milçək

Zəhərlidir ilan kimi...

Unutmamalıyıq ki, Vətən, xalq üçün çətin, sınaqlı günlər iqtidar-müxalifət münasibətləri bir kənara qoyulub, xalqın, Vətənin sınaqlı günlərində unudulmalı, əsl məqsəd düşmən üzərində qələbə çalmaq arzusu olmalıdır. Amma göründüyü kimi, əksinə, hələ də bu iddialı ünsürlərin kreslo davaları davam etməkdə, Azərbaycana qarşı qərəzli mövqedə dayanan dairələrin çirkin maraqlarının icraçı qulu olmalarından məmnunluq hissi keçirməkdədirlər.

Bu günkü həyatımız tələb edir ki, Azərbaycana qarşı əsassız torpaq iddiası ilə çıxış edib 20 faiz torpaqlarımızı işğal altında saxlayan, bir milyondan artıq soydaşımızın qaçqın və köçkün vəziyyətində yaşamasına səbəb olan ermənilərin iç üzünü dünyaya açıb göstərən, Azərbaycan dövlətinin həqiqətlərinin təbliği istiqamətində ədalətli siyasətinə dəstək olmalıyıq. Dağlıq Qarabağ probleminin həlli istiqamətində əsas amillərdən olan təbliğat gündəlik işimiz olmalıdır. Çünki əsrin tələbləri bizə bunu diktə edir.

İyulun 14-də gecə saatlarında yaşananlar 1990-ci illərdə baş verən hadisələri yenidən yada saldı. Belə ki, həmin gərgin hadisələr, anarxiya, özbaşınalıq və xaos yaxın tariximizdir və yaddaşlardan silinməyib. Bəzi siyasi qrupların, şəxslərin bir daha hərc-mərclik yaratmaq, ölkəmizi yenidən o dövrə qaytarmaq cəhdləri ciddi qınanılmalı, cəmiyyətimiz, ziyalılarımız, ictimaiyyət nümayəndələrimiz bu pozucu fəaliyyətə lazımi qiymət verməlidirlər. 90-cı illərin əvvəllərində hakimiyyətdə olan AXC-Müsavat cütlüyünün nümayəndələrinin özlərinin də etiraf etdikləri kimi, tanklar üstündə zorla hakimiyyətə gəliblər. Həmin ünsürlər bu gün də əvvəlki ssenarilərinə uyğun xəyanət planlarını həyata keçirməyə cəhd etməklə özlərinə qarşı yalnız nifrət artırırlar. Milli Məclisin binasının qapılarını sındıraraq içəri daxil olmaq, dağıntılar törətmək ikrah doğurur və bir daha isbat edir ki, bunlar ölkəni abad etmək deyil, öz iyrənc məqsədləri naminə bərbad etmək, lap xarabalığa çevirmək niyyətindən çəkinmirlər. Sual olunur ki, dünyanın dörd tərəfindən gələn əcnəbi qonaqların bəzən həsəd, bəzən fərəhlə izlədikləri bu ali qanunverici orqanın binasını yüksək səviyyədə tər töküb təmir edən, ərsəyə gətirən sizin atalarımız, qardaşlarımız, əzizlərimiz deyil mi? Bu xalqın əməyini, zəhmətini niyə məhv edirsiniz? Sizi bu barbarlığa itələyənlərin bu ölkənin abadlığında zərrə qədər haqqı olub mu? Cəbhədə Azərbaycan ordusu şücaət göstərib, erməni silahlı qüvvələrinin hücumlarının qarşısını qətiyyətlə alır, milli xəyanətkarkarlarımız ölkə daxilində təxribatlar törədərək dövlət əmlakını dağıdır, bəd əməllərini əks etdirən fotoları sosial şəbəklərdə yerləşdirərək ermənilərə ölkəmizə qarşı ideoloji müharibə üçün şərait yaradırlar. Çünki onların rəzil hərəkətlərinə güc verən ermənilərin özləri də, dövləti iflasa uğradıb çıxış yolunu ara qarışdırmaqda, atəşkəsi pozmaqda görən rəhbərləri də, Vətən çörəyini yeyib ona arxa çevirən daxili nankorlar da fürsətbazlıq siyasətinə sığınırlar. Unudurlar ki, bu siyasətin ifşası həqiqətin, qətiyyətin, müdrik siyasıtin əlində çox asandır. Hazırda sərhəddə hərbi əməliyyatların getdiyi bir zamanda bir qrup ünsürün ölkədə iğtişaş törətmək cəhdi, ictimai-siyasi asayişin keşişçiləri olan polislərə qarşı zor tətbiq etməsi vətəndaşlıq mövqeyinə, qanunlarımıza ziddir, ən əsası şəhidlərimizin ruhuna hörmətsizlikdir. Ölkədə COVID-19-a, həmçinin cəbhədə erməni silahlı qüvvələrinə qarşı mübarizədə birliyə, həmrəyliyə ehtiyacın yarandığı bir zamanda bu çirkin əməllərə əl atmaqla heç bir şeyə nail olmaq mümkün deyil. Çünki Azərbaycan dövləti və Azərbaycan xalqı qüdrətli ağıla, təəssübkeşliyə, dəstəyə və sarsılmaz həmrəyliyə, mübarizə əzminə malikdir. Bu gücün qarşısında vaxtilə göstərdikləri “hünər”lərini bir daha işə salmaq gülünc bir hərəkətdir. Bu heç bir özünü ağıllı heab edən müxalifətə başıucalığı gətirməz. Dövlətə, xalqa və onun milli ruhuna müxalifətdə dayanmaq bağışlanmazdır. Vətən birdir, harada yaşamasından, siyasi əqidəsindən, mənsubiyyətindən asılı olmayaraq hər kəs Azərbaycanın xoşbəxt gələcəyi üçün çalışmalıdır. Uğurlarımızdan qürur duymaq əvəzinə, narahatlıq keçirmək, nə yolla olursa-olsun onlara kölgə salmaq mənəviyyatsızlıq, vicdansızlıqdır. Unutmayaq ki, vətənpərvərlik hər kəsin daxilindəki ali duyğular, hər kəsin damarları ilə axan qanın təmizliyidir, Azərbaycan insanının zatının, xislətinin bütövlüyü, qırılmazlığıdır. Əgər bu yoxdursa, o insan mənəviyyatsızdır. Mənəviyyatını, insanlığını şəxsi ambisiyalarına qurban verib satan belələri bir reallığı da yaddaşlarına birdəfəlik həkk etsinlər ki, itirilmiş şərəfi, ləyaqəti düşmənlərdən gələn milyonların hesabına bərpa etmək mümkün deyil.

Azərbaycan güclü dövlətdir. Sabitlik, iqtisadi tərəqqi, yüksək rifah, ölkəzimin dünya birliyində möhkəmlənən mövqeyi, bir sözlə, yeni-yeni hədəfləri şərtləndirən möhkəm baza ən böyük sərvətimizdir. Bu sərvəti qorumaq hər kəsin vətəndaşlıq borcudur. Çünki bu uğurlarımız göydəndüşmə deyil, gərgin səylərin, əməyin, zəhmətin nəticəsidir. Bu abad, müstəqil ölkədə biz yaşayırıq. Övladlarımız pərvazlanır, ağ günlər görür. Azərbaycanın bugününü müstəqilliyimizin ilk illəri ilə müqayisə etdikdə bunu böyük inamla qeyd edirik ki, xalqın həyat tərzi, kökündən dəyişib, əminamanlığa, firavanlığa, xoşbəxtliyə qovuşub. Bu həyata çatanadək kipriyimizlə od götürmüşük. Müstəqilliyimizin qorunması, möhkəmləndirilməsi, daimi və əbədi olması üçün həsr olunanlar hər birimizin ömrümüzdən keçib. Dövlətçilik maraqlarına xələl gətirənlər, siyasi sabitliyi pozmağa cəhd edənlər qanun çərçivəsində cəzalandırılmalıdırlar. Hər kəs qanun qarşısında eyni məsuliyyəti daşımaqla yanaşı onun tələblərinə yüksək səviyyədə əməl etməlidir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev Nazirlər Kabinetinin iclasında “Xalq qələbəni qeyd etmək, şəhidlərimizin ruhunu yad etmək üçün Şəhidlər xiyabanına gəldi. Hansısa yaramaz ünsürlər burada iğtişaş törədəcək? Bu olmayacaq. Onların fikri 1990-cı illərin əvvəllərinə getməsin. Azərbaycanın o vaxtkı hakimiyyətinin bədbəxtliyi də ondan ibarət idi ki, Xalq Cəbhəsi kimi çirkin, mənfur, qorxaq, satqın fərarilərdən qaçdı. O fərarilər ki, ondan bir il sonra hakimiyyəti qoyub qaçdılar” söyləyərək aidiyyəti orqanlara bu tapşırığını verdi: “Bütün aidiyyəti qurumlara deyirəm. Əgər dünənki hadisələrdə onların əli varsa, bizim qətiyyətimizi görəcəklər. Onlar ermənidən də pisdirlər... Bu gün bu düşmənçiliyin başında dayanan Azərbaycan Xalq Cəbhəsidir, onun çirkin, satqın rəhbərləridir, özünü lider sayan qorxaqlar, fərarilərdir. Onlar artıq Azərbaycan xalqı tərəfindən dəfələrlə öz yerini görüblər və görəcəklər.”

Bu qətiyyətli çıxışın mahiyyətində fürsətbazlıq siyasətinin ifşası durur və bir daha isbat edir ki, Azərbaycanın ən qüdrətlii silahı onun Dövlətinin dəmir məntiqində, təfəkküründə, öz siyasətinin doğruluğuna böyük inamında, müstəqil uğurlu fəaliyyətində, xalqla Dövlət arasında yaranmış sarsılmaz məhəbbətin gücündədir. yap.org.az

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə