"Düşmənə qarşı hər zaman milli birlik və həmrəylik nümayiş etdirməliyik" Pərvin Kərimzadə

“Tarix boyu erməni şovinistləri xarici qüvvələrin havadarlığı ilə Azərbaycan xalqına qarşı məkrli addımlar atıb, qırğınlar, soyqırımlar həyata keçiriblər. Ermənistan silahlı qüvvələri illərdir beynəlxalq humanitar hüququn bütün prinsip və normalarına zidd olaraq, mülki əhalini məqsədyönlü şəkildə əsas hədəf kimi seçdi. Faşizm siyasəti yürüdən “qonşu”larımız Əsgəranın Meşəli kəndində, Şuşanın Malıbəyli və Quşçular kəndlərində, Xocavəndin Qaradağlı kəndində, Xocalı şəhərində və digər yerlərdə dinc əhalinin amansız şəkildə kütləvi qırğınını, soyqırımını törətməklə, Dağlıq Qarabağda yaşayan azərbaycanlıları tarixi torpaqlarından didərgin saldılar”. SİA-nın verdiyi məlumata görə, bu fikirləri Milli Məclisin deputatı Pərvin Kərimzadə deyib.

P.Kərimzadə bildirib ki, işğal olunmuş Azərbaycan torpaqlarından Ermənistan qoşunlarının qeyd-şərtsiz çıxarılmasına dair BMT-nin qətnamələrinə məhəl qoymayan erməni hakimiyyəti əzəli-əbədi, dədə-baba torpaqlarımızda qanunsuz məskunlaşma aparır. Azərbaycan Respublikasının 20 faiz ərazisi – Xankəndi şəhəri, Xocalı, Şuşa, Laçın, Xocavənd, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonları, həmçinin Tərtər rayonunun 13, Qazax rayonunun 7, Naxçıvanın Sədərək rayonunun isə 1 kəndi Ermənistan ordusu tərəfindən işğal olundu. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində 1 milyondan artıq azərbaycanlı məcburi köçkün vəziyyətinə düşdü, 20 min nəfər hərbi əməliyyatlar dövründə həlak oldu, 50 min nəfər əlil oldu. Münaqişə nəticəsində 4 minə yaxın azərbaycanlı itkin düşdü, onların 67-i uşaq, 265-i qadın, 326-ı qoca idi. Bu şəxslərin aqibəti barədə hələ də məlumat yoxdur.

Millət vəkilinin sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə bəyan edib ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyü ilə bağlı beynəlxalq hüququn tələblərini yerinə yetirməyəcəksə, o zaman biz Dağlıq Qarabağ probleminin həllində digər yolları arayacağıq. Məlum Aprel hadisələri zamanı ölkəmiz hərbi üstünlüyü, siyasi uğurları və diplomatik qalibiyyəti bir daha nümayış etdirildi. Yenə də Azərbaycan humanistliyini göstərdi, atəşkəs elan etdi və sülh prosesinə sadiqliyini isbatlayaraq ordumuzun irəliləməsini dayandırdı. Beynəlxalq miqyasda bir daha sübut olundu ki, Ermənistan nizamlama prosesinin normal məcrada gedişinə maneə yaratmaqda israrlıdır.

“Bu il iyulun 12-də Ermənistan yenidən təxribata əl atdı, işğalçı dövlətin silahlı qüvvələrinin atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə dövlət sərhədinin Tovuz rayonu istiqamətində Azərbaycan silahlı qüvvələrinin mövqelərinə hücum etdi. Hətta işğalçı dövlətin silahlı qüvvələri mülki əhalini də atəşə tutmaqdan çəkinmədilər. Ağdam kəndinin sakini 76 yaşlı Əzizov Əziz erməni vandalizminin qurbanı oldu. Vətən torpağının hər qarışı uğrunda canından keçməyə hazır olan, el-obanın namusunu, şərəfini hər şeydən uca tutan igid oğullarımızın həyata keçirdiyi əks-tədbirlər nəticəsində düşmən geri otuzduruldu. Düşmənin ağır hərbi texnikaları, istehkamları, müdafiə qurğuları ordumuz tərəfindən darmadağın edildi. Bu gün Azərbaycanın güclü Ordusu var və istənilən təxribatın qarşısını almaq iqtidarındadır. Bu gün biz düşmənə qarşı milli birlik, həmrəylik, güclü iradə nümayiş etdirməliyik”-deyə, P.Kərimzadə vurğulayıb. yap.org.az

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə