VİP sədri Əli Əliyev: “Bu gün biz Ordumuzun, əsgər və zabitlərimizin, Ali Baş Komandanımızın yanındayıq” BƏYANAT

"Bu təşəbbüs çox yaxşıdır. Belə ki, Azərbaycanın siyasi sektorunun müharibə ətrafında təmərküzləşməsi var, fikirlər bir mövqedən ifadə olunur". SİA xəbər verir ki, bu fikirləri Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev təcavüzkar və işğalçı Ermənistanın Tovuz rayonu ərazisində törətdiyi silahlı təxribatını və Silahlı Qüvvələrimizin düşmənə layiqli cavab verməsini, eləcə də Ordumuza ümumxalq dəstəyi göstərməsini şərh edərkən deyib.

"Mən öz efirimdən də demişəm ki, bu gün daxili münasibətlərin aydınlaşdırılması zamanı deyil, bu gün düşmənə cavab verilməsi vaxtıdır", deyən VİP sədri bildirib ki, əslində, düşmən daha da azğınlaşıb: "Düşmən azğınlaşıb və həyasızlaşıb. Onun cavabı verilməlidir. Onların cavablarını biz siyasilərdən qabaq artıq xalq verib. Xalq hər yerdən axışmaqla bu münasibətlərini ifadə ediblər. Siyasilər də bu gün xalqın arxasınca gedib, prosesdə öz mövqelərini ifadə etməlidirlər. Bəs bu mövqe nə olmalıdır? Bu mövqe ilk növbədə dövlətə, dövlətin başında dayanan şəxslərə, dövlətə görə məsuliyyət daşıyan birinci dərəcəli adamlara siyasi dəstəkdə ifadə olunmalıdır. Ümumiyyətlə, bu gün Azərbaycanda hamı siyasi fəaliyyətini dayandırmalıdır. Biz bu məsələni partiyada müzakirə edəcəyik və iclasın da vaxtı müəyyən edilib. Siyasi mübarizə dayandırılmalı və düşmənə qarşı yönəldilməli, düşmən əzilməlidir. Bu gün bizim üçün ağır gündür, generalımız şəhid olub, yanındakı zabit və sıravi heyəti də həlak olub. Amma mənə elə gəlir ki, ruhdan düşmək lazım deyil. Bu hadisə ilə hamı bir-birini təbrik etməlidir. Müharibə olan yerdə şəhid də olmalıdır. Biz şəhidlərimizi başıyuxarı qarşılamalıyıq. Bu gün Azərbaycanın hər nöqtəsində yürüş var və Azərbaycan xalqı öz torpaqlarını azad etmək üçün öz qeyrəti ilə nümayiş etdirir. Bu, çox böyük örnəkdir. Bu, əsgər və zabitlərimizlə yanaşı, həm də bütün dünyaya bir mesajdır ki, Azərbaycan dövləti və xalqı torpaq məsələsində, ərazi bütövlüyü uğrunda geri durmayacaq. Ona görə də müharibədən ruhlanmaq lazımdır ki, biz şəhidlərimizin qisasını alaq. Bu şəraitdə hər kəs bir-birinə çiyin verməlidir, şəxsi münasibətlər kənara qoyulmalıdır, bu günə qədər olanlar unudulmasa da, arxa plana keçirilməlidir. Biz bir Vətənin, bir dövlətin övladlarıyıq. Düşmən məsələsində daxili ayrıseçkilik, daxili qarşıdurma, daxili aydınlaşdırmalar ola bilməz. Bu gün bütün ölkənin potensialı ordu ətrafında, düşmənin əzilməsi ətrafında səfərbər olmalıdır. Bütün dünya görməlidir ki, Qarabağ məsələsində Azərbaycan xalqı bütövdür. Ən vacibi isə, qərarı qəbul edən adamlar tamamilə xatircəm və əmin olmalıdırlar ki, ölkənin daxilində heç bir təxribat, heç bir qarşıdurma ola bilməz. Biz öz tərəfimizdən bunun olmayacağı ilə bağlı tam məsuliyyətimlə bəyanat verirəm ki, bizim tərəfimizdən heç bir siyasi qarşıdurma, heç bir siyasi məsələ olmayacaq. Bu gün biz Ordumuzun, əsgər və zabitlərimizin, yeri gələndə Ali Baş Komandanımızın yanındayıq və onlar çox əminliklə qərar vermək gücündə olmalıdırlar. Düşmənə nifrət hissi bəslənilməlidir, müxalifət liderləri ilə görüşlər keçirilməli, dövlət telekanallarına siyasilər çıxarılmalıdırlar, siyasilər dövlətin adından hamıya müraciət etməlidirlər. Mən də bu məsələdə istənilən dəstəyi verməyə hazıram. Bu millətin bütövlüyünü, vahidliyini göstərmək hamının vəzifəsidir. Hər kəs görməlidir ki, çətin vaxtda biz bir-birimizlə deyil, düşmənlə həll eləməyi üzərimizə bir borc kimi götürürük. Erməni heç vaxt bizə qarşı tab gətirə bilməz. Əgər proses başlayıbsa, biz onu sona çatdırmağı bacarmalıyıq. Şuşanı da, Xankəndini də təmizləmək, sərhədlərimizi möhkəmləndirmək, Laçın və Kəlbəcəri geri qaytarmaq lazımdır. Tərəddüd etmədən Cəbrayıl körpülərini də geri qaytarmaq lazımdır, Zəngilan, Qubadlı və işğal altındakı bütün torpaqlarımız düşmən tapdağından azad olunmalıdır. Heç kəs bizi bu əməliyyatdan saxlaya bilməz. Hətta səfərbərlikdə də iştirak etməyə hazırıq".

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə