"Amerika ənənəvi olaraq Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir" ÖZƏL - AÇIQLAMA

"Amerika ənənəvi olaraq Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir" ÖZƏL - AÇIQLAMA

"Amerika Birləşmiş Ştatlarının prezident seçkilərinin nəticələrindən asılı olmayaraq Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ənənəvi yanaşmas, dəyişməyəcək. Düşünürəm ki, bütün hallarda ənənəvi kurs davam etdiriləcək". Bu sözləri SİA-ya açıqlamasında siyasi məsələlər üzrə ekspert İlqar Vəlizadə Amerika Birləşmiş Ştatlarında keçiriləcək 2020-ci il prezident seçkilərinin nəticəsinin Dağlıq Qarabağ münaqişəsinin həllində oynaya biləcəyi roldan danışarkən deyib.

Onun sözlərinə görə, ABŞ-da prezident seçkilərinin nəticələrindən asılı olmayaraq, bu nəticələrin Dağlıq Qarabağ münaqişəsinin həllində əsaslı təsirlərə gətirib çıxarmır: "Amerika Birləşmiş Ştatlarında həyata keçirilən seçkilər prosesini neçə illərdir ki, müşahidə edirik. Onların nəticələrini izləyirik. Eyni zamanda, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə təsiri ilə bağlı prosesləri izləyirik. Təəssüflər olsun ki, bu nəticələrin əsaslı təsirləri olmur. Sadəcə olaraq hər yeni administrasiya çalışır ki, bizim məsələmizlə bağlı müəyyən dəsti-xətt seçsin. Bu dəsti-xətt Amerikanın xarici siyasətinə uyğun seçilir. Amerika xarici siyasətində ənənəvi olaraq Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə köməklik göstərir və yaxud buna çalışır. Hər halda Amerikanın ATƏT-in Minsk qrupundakı təmsilçiləri də dəfələrlə onu vurğulayıb ki, işğal olunmuş ərazilər boşaldılmalıdır və Azərbaycana qaytarılmalıdır. Xüsusilə də, ilk növbədə Dağlıq Qarabağ ətrafında yerləşən 7 rayon nəzərdə tutulur".

Siyasi ekspertin fikrincə, Amerika Birləşmiş Ştatlarının prezident seçkilərinin nəticələrindən asılı olmayaraq bu ənənəvi yanaşma dəyişməyəcək: "Növbəti seçkilərin nəticələrindən asılı olmayaraq bu yanaşma tərzi dəyişilməyəcək. Əlbəttə ki, burada qalib gələn tərəflərin fəallığından biz danışa bilmərik, çünki, Amerikanın indi başı bir çox məsələlərə qarışıb. Hazırda, həm regionda, həm də dünyada prioritet olaraq Dağlıq Qarabağ münaqişəsi, təəsüflər olsun ki, ön planda deyil. Ona görə də, düşünürəm ki, bütün hallarda ənənəvi kurs davam etdiriləcək. Hansısa sıçrayışlar, hansısa real dəyişiklikləri gözləmək isə düzgün olmazdı".

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə