“Hraparak” nəşri: “Qazpromla” razılaşmalar pozularsa, Ermənistanı dayanıqlı olmadığına görə çoxmilyonluq cərimələr gözləyir ki, bu da bütövlükdə ölkəni kollapsa sürükləyə bilər”
Rəsmi İrəvan Rusiyaya olan bütün ümidlərini demək olar ki, itirib. Belə ki, Kremlin bundan sonra da ermənilərə qəzəbi fonunda onları imkanlar çərçivəsində yedirdəcəyi, üstəlik havayı, yəni çox ucuz qiymətlə yanacaqla da təmin edəcəyi məsələsi də həmin ümidləri tükəndirib. Məhz bu baxımdan, İrəvan indi də Aşqabad və Tehranla danışıqlara başlamaq qərarını verib. Artıq Ermənistanın əsas problemlərindən biri də məhz mavi yanacaq məsələsidir və bu ölkə ödənişlərini nağd deyil, hansısa aktivləri hesabına edə biləcəyini düşünür. Lakin qarşıda heç bir çıxış yolu görünmür və bunu erməni ekspertləri və KİV-ləri də etiraf edirlər. Əsa günahkar kimi isə bilavasitə Nikol Paşinyan hökumətinin yarıtmaz siyasəti göstərilməkdədir.
Rusiya Avropaya satdığı qazın qiymətindən iki dəfə artığnı Ermənistandan tələb edir
SİA xəbər verir ki, ölkənin xarici işlər nazirinin müavini Şavarş Koçanyan KİV-lərə açıqlamasında İranın sanksiyalar altında olduğunu deyərək, ondan qaz almağın qeyri-mümkün olduğunu etiraf edib. “Bu, qırmızı xətdir ki, onu keçmək olmaz. Lakin biz qazı digər əməliyyatlar vasitəsi ilə əldə etmək məqsədindəyik. Söhbət o iş birliyindən gedir ki, həmin əməliyyatlar İrana valyuta verəcək. Ermənistan isə İran qazını elektrik enerjisi verərək, barter yolu ilə alacaq”, deyən erməni nazir müavini Türkmənistan faktorunu da inkar etməyib və digər inandırıcı olmayan planlarını önə sürüb. Lakin...
Lakin bütün bu kimi addımlar bir məqsədi daşımaqdadır – rus qazını əvəzləmək. Çünki Rusiya Avropaya satdığı qazın qiymətindən iki dəfə artığnı Ermənistandan tələb edir.
Bu arada onu da xatırlatmaq olar ki, Avrasiya İqtisadi İttifaqının iclaslarının birində Rusiya Federasiyasının prezidenti Vladimir Putin açıq şəkildə bəyan etmişdi ki, Ermənistan və Belarus ixrac edilən qazın tarif qiymətinin endirilməsinə ümid etməməlidirlər. Üstəlik, Kreml erməni və belaruslardan yerdə qalan borcları da tələb edir. Digər tərəfdən, əgər rus qazı Avropaya 87 dollara yaxın qiymətə satılırsa, Ermənistana 165 dollara satılır...
Armen Manvelyan: “Paşinyan hökuməti hər şeyi dağıtdı, hətta Moskvanın etimadını da itirdi”
Ermənistanın iqtisadi və energi təhlükəsizliyi məsələləri üzrə eksperti Armen Manvelyan isə belə hesab edir ki, ermənilər rus qazından çoxdan imtina etməliydilər. Əslində isə bu çox çətin məsələdir: “Son illərdə erməni-rus münasibətləri fonunda mövcud hakimiyyət o qədər səhvlər buraxıb ki, bunun üçün onilliklər lazım idi. Birincisi, bizdə enerji siyasəti olmalıdır ki, o da yoxdur. Əgər “yol xəritəsi” strategiyası mövcud deyilsə, yürüdülən siyasət gözlənildiyi kimi heç bir nəticə verməyəcək. Paşinyan hökuməti hər şeyi dağıtdı, hətta Moskvanın etimadını da itirdi.
İran qazının alınmasına gəlincə, burada da bir çox problemlər var. Çünki bu baş tutarsa, Ermənistanın bu dəfə ABŞ-la münasibətləri ağırlaşacaq. Hökumət özü-özünü küncə sıxışdırıb və yaranmış vəziyyətdən heç bir çıxış yolu tapa bilmir”.
Vaqe Davtyan: “Ermənistan özünün qaz nəqliyyatı diversifikasiyasını təmin edə biləcəkmi? Əlbəttə ki, yox”
Ermənilərin digər eksperti Vaqe Davtyan isə hesab edir ki, Ermənistan Rusiya qazından imtina edərək, İran qazını almamalıdır.
“2013-cü ilin dekabrında əldə edilmiş razılıq var ki, həmin sənədə əsasən Ermənistan Rusiya qazını 2043-cü ilə qədər almaq öhdəliyini daşıyır”, deyən erməni ekspert bildirib ki, bu məsələnin hüquqi tərəfidir və əgər mövcud razılıq sənədinə yenidən baxılacağı halda ermənilər rus qazından imtina edə bilərlər: “Lakin İran qazına keçərkən, Ermənistan özünün qaz nəqliyyatı diversifikasiyasını təmin edə biləcəkmi? Əlbəttə ki, yox. Nəyə görə? İran-Ermənistan qaz borusu həqiqətdə elə bir buraxılış qabiliyyətindədir ki, Ermənistanın təmin edə bilər. Bu kəmər ildə 2-3 milyard kubmetri təşkil edir. Biz ildə 2 milyard, ən yaxşı halda 2,2 milyard kubmetr qaz istifadə edirik. Yəni daxili təminat tam mənada ödənilə bilər. Lakin problem yalnız qazın idxalında deyil, Ermənistanın qaz nəqliyyatı sistemi yalnız “Qazprom Ermənistan” (Rusiya “Qazprom”unun qız şirkəti) vasitəsi ilə idarə olunmur, həm də Rusiyaya tabedir. Yəni biz qazı Rusiyadan, İrandan, Türkmənistandan idxal etsək belə, daxili tarifləri “Qazprom Ermənistan” müəyyən edəcək”.
Maraqlıdır ki, eyni mövqeni Ermənistanın “Hraparak” qəzetinin analitikləri də bölüşürlər. ”Qazpromla” razılaşmalar pozularsa, Ermənistanı dayanıqlı olmadığına görə çoxmilyonluq cərimələr gözləyir ki, bu da bütövlükdə ölkəni kollapsa sürükləyə bilər”, erməni nəşri yazıb.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB