“Qadağalar bizim sağlamlığımız üçün çox vacibdir” ÖZƏL-MÜNASİBƏT

“Koronavirusa yoluxma hallarının sürətlə yayılmasının qarşısının alınması, eləcə də onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə xüsusi karantin rejiminin müəyyən günlərdə sərtləşdirilməsi qərarı xalqımızın can təminatı üçün gərəkli amildir”. Bunu SİA-ya açıqlamasında Azərbaycan Sosial Rifah Partiyasının Birinci müavini Əsli Kazımova deyib.

Əsli Kazımova xatırladıb ki, bu qərarın, yəni, cari ilin 6 iyun tarixindən 8 iyun tarixinə qədər evdən çıxmanın qadağan edilməsi ilə bağlı sərt qərarların verilməsini biz daha öncə Türkiyənin pandemiya ilə mübarizə tədbirləri ilə bağlı təcrübəsində də müşahidə etdik və müsbət nəticə verdiyini gördük.
“Panikaya heç də ehtiyac yoxdur. Bu pandemiya bütün dünyada vüsət alan epidemiyadır. Hansı ki, onun peyvəndi və müalicəsi üçün bütün sınaqlar hələki müsbət nəticə verməyib. Biz pandemiyanın pik nöqtəsini hər bir ölkənin praktikasında müşahidə etdik. Ölkədə lap əvvəldən Cənab İlham Əliyevin təşəbbüsü ilə tətbiq edilən sərt mübarizə konsepti əslində digər ölkələrin təcrübəsindən istifadə etmək üçün bizə şərait yaratmış oldu.
Dünyada 2020-ci ilin əvvəlindən başlayaraq cərəyan edən və Azərbaycana da fevral ayından idxal olunan koronavirus infeksiyasının qarşısının alınması məqsədilə dövlət və hökumət tərəfindən ilk günlərdən bu günə kimi təxirəsalınmaz və qətiyyətli tədbirlər görülməkdədir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 fevral tarixli Sərəncamı ilə Nazirlər Kabineti yanında Operativ Qərargah yaradılmışdır ki, bu da profilaktik və təxirəsalınmaz tədbirlərin operativ həyata keçirilməsi üçün vacibdir. “Sanitariya-epidemioloji salamatlıq haqqında” Qanuna uyğun olaraq martın 24-dən aprelin 20-dək Azərbaycanda xüsusi karantin rejimi elan edilib, kütləvi tədbirlər ləğv edilib, ölkəmizin quru sərhədləri bağlanılıb, şəhər və rayonlararası gediş-gəliş dayandırılıb. Düşünürəm ki, pandemiya ilə mübarizənin gücləndirilməsi məqsədilə ölkədə xüsusi karantin rejiminin mərhələli şəkildə sərtləşdirilməsi də, xüsusilə vacibdir. Dövlət başçısının tapşırıqlarına uyğun olaraq bütün sahələr və istiqamətlər üzrə lazımi tədbirlərin görülməsi birmənalı olaraq, Azərbaycan ərazisində yarana biləcək təhlükənin qarşısının alınmasına, eləcə də vətəndaşlarımızın sağlamlığının və həyatının qorunmasına hesablanmışdır.
Biz initmamalıyıq ki, dövlət tərəfindən qoyulan bütün qadağalar, hazırda panemiyada yaşanan ikinci dalğanı da ən az zərərlə dəf edə bilməyimiz, bizim səhhətimiz və can güvənliyimiz üçündür və çox vacibdir. Məhz bu baxımdan da hər kəsi hamılıqla pandemiya ilə mübarizədə həmrəy və bir olmağa çağırıram!”, deyə Əsli Kazımova bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə