“İqtidar - müxalifət dialoqu cəmiyyətdə çox böyük müsbət əks-səda yaradıb” MÜSAHİBƏ

Mais Səfərli: “Müstəqilliyimizin ilk illəri çağdaş tariximizin ən ağrılı - acılı dövrü idi”

Müsahibimiz "Yurddaş" Partiyasının sədri Mais Səfərlidir

- Mais bəy, Prezident İlham Əliyev qaçqın və məcburi köçkünlər üçün inşa edilən "Qobu -3" yaşayış kompleksinin açılışında bir sıra məsələlərlə bağlı fikirlərini bildirdi və müstəqilliyin ilk illərində AXC-Müsavat hakimiyyətinin ölkənin müstəqilliyini məhv etmək təhlükəsi qarşısında qoyduqlarını söylədi. Prezidentin bu açıq və konkret mövqeyi bir daha AXC-Müsavat hakimiyyətinin yarıtmaz və səriştəsiz fəaliyyətinə verilən əsaslı qiymət olduğunu demək olarmı?

- Bir neçə gün bundan öncə xalqımız öz tarixinin ən gözəl günlərindən birini qeyd etdi. Ölkəmizdə əlamətdar hadisələrin bayram edildiyi bir vaxtda dövlət başçısının iştirakı ilə ictimai əhəmiyyət kəsb edən obyektlərin istifadəyə verilməsi ənənəyə çevrilib. Koronovirusla mübarizə fonunda bu ənənə yenə də davam etdirildi. Əziz bayramımızda Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın iştirakı ilə məcburi köçkünlər üçün salınmış "Qobu -3" yaşayış kompleksinin açılışı həyata keçirildi. Bütün normal şərait və infrastrukturu olan şəhərciyə 1336 köçkün ailəsi yerləşəcək. Yüksək təhsil üçün hər cür komfortu olan 960 şagirdlik və böyük uşaq bağçası öz istifadəçilərini gözləyir. Yadınızdadırsa, xeyli müddət bundan öncə Azərbaycanın hər yerində köçkün həmvətənlərimizin məskunlaşdığı çadır şəhərcikləri mövcud idi. Necə oldu ki, biz torpaqlarımızı qoruya bilmədik, böyük sayda qardaş-bacımız öz yurd - yuvasından didərgin düşdü. Prezidentin qeyd etdiyi kimi o vaxt hakimiyyətdə olan qüvvələr AXC-Müsavat cütlüyünün səriştəsizliyi, buraxdığı böyük səhvlər və yarıtmaz fəaliyyəti ölkəmizi müstəqilliyinin itirilmə təhlükəsi ilə üz-üzə qoydu. Əgər xalqın təkidi ilə Ulu Öndər Heydər Əliyev Bakıya gəlməsəydi bəlkə də siyasi səhnədə hadisələr başqa cür cərəyan edərdi və itkilərimiz daha böyük və acınacaqlı olardı. Cənab Prezidentin o illərdə hakimiyyətdə olmuş qüvvələrin fəaliyyətinə verdiyi qiymət tarixi gerçəkliyi əks etdirir.

- Cənab Prezident dəfələrlə çıxışlarında AXC - Müsavat hakimiyyətinin ölkəni dağıtmaq təhlükəsi ilə üzləşdirdiklərini qeyd edib və onların qiyam yolu ilə hakimiyyəti zəbt etdiklərini bildirib. Bütün bunlar müxalifətin bu günkü hay - küylü iddialarının əsassız olduğunun təsdiqi sayıla bilər?

- Söz yox ki, müstəqilliyimizin ilk illəri çağdaş tariximizin ən ağrılı - acılı, keşməkeşli, ziddiyyətli dövrü idi. Bir tərəfdən Ermənistanın bir-birinin dalınca rayonlarımızı işğal etməsi, böyük qaçqın dalğasının yaranması, digər tərəfdən ölkə daxili siyasi vəziyyət, hakimiyyət uğrunda mübarizələr etnik separatizmin güclənməsi Azərbaycanı çıxılmaz vəziyyətə salmışdı. Silah yolu ilə hakimiyyətə gələnlər nəinki bu problemləri həll edə bilmədilər, bacarıqsızlıqları ucbatından vəziyyəti daha da ağırlaşdırdılar. Yuxarıda qeyd etdiyim kimi, xalqın tələbi ilə hakimiyyətə gələn Ulu Öndər Heydər Əliyev böyük zəhmətlər hesabına və öz şəxsi sağlamlığı hesabına problemləri bir-birinin ardınca çözülməsi, stabillik yaratdı, erməni işğalını dayandırdı, ordu və dövlət quruculuğu sahəsindəki böyük işlər gördü. İndi cəmiyyətdə radikallıq edən, yenidən ölkəni xaosa sürükləmək istəyən o zaman ki, hakimiyyətin tör-töküntülərinin hay - küylü iddialarının heç bir əsası yoxdur. Xalq onları yaxşı tanıyır və bütün seçkilərdə onlara layiq olduqları yeri göstərir.

- Cəmiyyət konstruktiv müxalifətin mövcudluğunun daha önəmli və cəmiyyətə xeyir verə biləcəyini qeyd edir. Bu halda demək olarmı ki, cəmiyyət artıq radikalizmi qətiyyətlə rədd edir?

- Qeyd etmək istəyirəm ki, Azərbaycan xalqı savadlı və siyasi baxımdan yetkin olduğu üçün istənilən məsələlərdə qəbul edilmiş normaların, davranış qaydalarının, əxlaq dəyərlərinin gözlənilməsini vacib sayır. Bu baxımdan bizim cəmiyyət radikalizmi qəbul etmir. Bununla belə istər cəmiyyətimiz, istər dövlətimiz hər zaman istənilən mədəni müzakirələrə, qeyri çılğın fikir mübadiləsinə həmişə açıqdır. Birmənalı şəkildə bildirmək istəyirəm ki, radikalizm tarix boyu hələ heç kimə, heç bir topluma xeyir gətirməmişdi. Belə cərəyanların fəaliyyəti bir qayda olaraq dağıdıcılıq və pozuculuqla yekunlaşır.

- Prezident Administrasiyasında bir sıra siyasi partiya rəhbərləri ilə görüşlər keçirildi və müzakirələr aparıldı. Sizcə, bu cür müzakirələr və yaxın ünsiyyət cəmiyyətə nə verə bilər?

- Bildiyiniz kimi 2018-ci il prezident seçkilərindən sonra dövlət başçısı bütün sahələrdə olduğu kimi siyasi müstəvidə də köklü dəyişikliklərdən xəbər verən addımların atılmasına rəvac verdi. Ölkədə siyasi açılım elan edildi və bütün siyasi partiyalar dialoqa dəvət edildi. Mən bunu ölkəmizdə siyasi sistemin təkmilləşdirilməsinə hesablanmış addımlar kimi müsbət qiymətləndirirəm. İqtidar - müxalifət münasibətlərinin yeni formatda qurulması, tərəflər arasında dialoqun davamlı olması üçün Prezident Administrasiyasında yeni - siyasi partiyalarla və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin yaradılması önəmli məsələdir. Ölkə rəhbərinin bu vacib sahədə siyasətini icra edən şöbənin siyasi təşkilatlarla təmasları daimidir. Partiyaların qeydiyyata alınma məsələlərinin yüngülləşdirilməsi, siyasi arenaya yeni qüvvələrin gəlməsinə qanunlar çərçivəsində şəraitin yaradılması ölkəmizdə plüralizmin, çoxpartiyalı sistemin inkişafının təzahürüdür. Bunların hamısı təbii ki, cəmiyyətdə xoş atmosfer, ictimai-siyasi sabitliyin möhkəmləndirilməsi üçün güclü zəmin yaradır.

- Keçirilən görüşlərdə nədənsə "Milli Şura" və AXCP iştirakdan imtina etdilər. Bu bir daha təsdiq etmir ki, radikallar masa arxasında konstruktiv müzakirələrdən yayınırlar?

- Bəli, yuxarıda qeyd etdiyim kimi iqtidar - müxalifət dialoqu cəmiyyətdə çox böyük müsbət əks - səda yaratmışdır. Lakin siyasi spektrdəki 2 təşkilatın - AXCP və Müsavatın dialoqdan boyun qaçırma ları, yeni siyasi münasibətlərin formatında yer almamaq istəyi, siyasi təmaslardan kənarda durması qətiyyən başa düşülən deyil. Amma mətbuata gedən məlumatlardan da görünür ki, bu təşkilatların dialoqa getməməsi onların öz sıralarında da etirazlar doğurub. Həmin partiyaların sıravi üzvləri arasında iqtidarla münasibətlərin normallaşdırılmasını istəyənlər çoxdur. Fikrimcə özünütəcrid sözügedən qüvvələrin özlərinə mənfi təsir göstərir. Həmin təşkilatlardakı zəifləmə, dağılma prosesləri dediklərimi təsdiq edir. “Milli Şura”ya gəldikdə isə bu qurumun ictimai siyasi proseslərə təsir edə biləcək qüvvədə olmadığını vurğulamaq istəyirəm. Əslində "şurada " AXCP-dən başqa təşkilat yoxdur.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...