"Dağlıq Qarabağ münaqişəsinin mərhələli həll planı hazırda alternativsiz variantdır" RƏY-ÖZƏL

"Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə aparılan danışıqlarda mərhələli həll planı hazırda alternativsiz variantdır". Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Sevil Mikayılova deyib.

O bildirib ki, bu plana əsasən, ilkin mərhələdə Azərbaycanın işğal olunmuş ərazilərinin bir hissəsi azad olunur: "Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirələr Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinin məhz mərhələli şəkildə qaytarılması üzrə aparılır və həm Azərbaycan, həm də beynəlxalq vasitəçilər bu plan ətrafında sülh əldə olunmasını istəyirlər. Təəssüf ki, işğalçı Ermənistan dövlətinin qeyri-konstruktiv mövqeyi səbəbindən danışıqlar prosesində hələlik irəliləyişə nail olmaq mümkün olmayıb".

S.Mikayılova vurğulayıb ki, münaqişəni dondurulmuş vəziyyətdə saxlamaq Ermənistanın hazırkı siyasi rejimini tam qane edir və öz hakimiyyətini qorumaq üçün danışıqlar prosesinin mahiyyətini riyakarcasına təhrif edir, heç bir siyasi məntiqə sığmayan çaşdırıcı bəyanatlar verməklə sanki vaxt qazanmağa çalışır: "Dağlıq Qarabağ münaqişəsinin bu günədək həll olunmaması və həm Ermənistan, həm də Azərbaycan vətəndaşları üçün törətdiyi ağır fəsadlara görə işğalçı Ermənistan dövləti birbaşa məsuliyyət daşıyır. Azərbaycan dövləti ədalətin bərpa olunması üçün bütün qanuni vasitələrdən istifadə edir və Dağlıq Qarabağ münaqişəsinin tarixi həllinə nail olmaq üçün bütün vacib addımlar atılacaq. Beynəlxalq hüquq, hərbi qüdrətimiz, eyni zamanda iqtisadi üstünlüyümüz, əlbəttə ki, torpaqlarımızın azad olunmasında əsas rol oynayacaq".

Deputat təəssüflə qeyd edib ki, beynəlxalq hüququn kağız üzərində qalmış qərarlarının bəzi hallarda məhz hərbi güc sayəsində icra olunmasını müşahidə edirik: "Güc amili bir sıra demokratik dövlətlərin öz maraqlarının təmin olunmasında belə başlıca amil kimi çıxış edir. Bu reallıq Azərbaycanı da münaqişənin həllində bütün vasitələrdən maksimum istifadə etmək, tarixi ədaləti bərpa etmək və beynəlxalq hüquq normalarını təmin etmək üçün hərbi güc faktorunu öndə saxlamağa səfərbər edir. Dövlətimizin amalı və məqsədi öz suverenliyini tam və birdəfəlik həll etməkdir. Dağlıq Qarabağ münaqişəsinin həllində Prezident İlham Əliyevin mövqeyi birmənalı və qətidir – Qarabağ Azərbaycandır və münaqişə yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapa bilər".

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...