AİHM-nin aldığı qərarda ermənilərin heç bir iddiası təmin edilməyib - ŞƏRH ÖZƏL

"Ermənilər Ramil Səfərov məsələsi ilə əlqədar AİHM qarşısında iddia qaldıraraq, cinayət işinin yenidən başladılmasvını, eyni zamanda Azərbaycan Prezidentinin imzaladığı əfv fərmanının ləğv edilməsi ilə bağlı tədbirlər görülməsini tələb ediblər və həmçinin Ramil Səfərovun azadlığa buraxılmasında Azərbaycan dövlətini ittiham etməyə cəhd göstərirdilər. Şübhəsiz ki, onlar bu məqsədlərinə çata bilmədilər". Bunu SİA-ya açıqlamasında Milli Məclisi Müdafiə, təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə komitəsinin sədr müavini Hikmət Babaoğlu deyib.

Deputatın sözlərinə görə, AİHM-i nə cinayətin yenidən başladılması ilə əlaqədar, nə də hər hansı tədbir görülməsi ilə bağlı qərar qəbul etmədi: "Bu əslində ermənilərin Avropa hüququ qarşısında da növbəti məğlubiyyəti deməkdir. "Makutyan və Mnasyan Azərbaycana və Macarıstana qarşı" işin adı bu cür idi. Əlbəttə ki, işğalçı dövlətin heç bir mənəvi, hüquqi haqqı yoxdur ki, ərazilərinin 20 faizini işğal etdiyi bir ölkənin zabitini nədəsə ittiham etsin və üstəlik də öz tələbinə AİHM-nin qərarı ilə bir bəraət qazandırmış olsun. Şübhəsiz ki, Azərbaycan AİHM-nin aldığı qərarı doğru hesab edir, çünki bu qərarda ermənilərin heç bir iddiası təmin edilməyib".

H. Babaoğlu vurğulayıb ki, bu məsələ ilə bağlı təkcə ermənilər deyil, eyni zamanda erməni lobbisi və ermənipərəst mərkəzlər də AİHM-nə təzyiqlər edirdilər, müxtəlif vasitələrlə onları qəbul edəcəkləri hüquqi qərardan yayındırmağa çalışırdılar, lakin buna nail ola bilmədilər: "Ona görə ki, Azərbaycan güclü dövlətdir, beynəlxalq hüququn ən əhəmiyyətli milli aktorlarından biridir və eyni zamanda Azərbaycan işğala məruz qalan tərəfdir. Belə olan halda hansısa hadisəni manipulyasiya edərək müstəqil dövlətin hegemon iradəsinə hər hansı beynəlxalq məhkəmənin qərarını direktiv kimi tətbiq etmək mümkün ola bilməz. AİHM-nin aldığı qərarda beynəlxalq hüquq və onun tətbiqi texniki baxımdan bu məhkəmə tərəfindən düzgün şərh edilib. Şübhəsiz ki, ermənilərin Azərbaycana qarşı qaldırdıqları iddialar bundan sonra da bu və ya digər şəkildə istər hüquq-məhkəmə sistemində, istərsə də siyasi qərarların qəbul olunduğu digər beynəlxalq təşkilatlarda rədd ediləcəkdir. Azərbaycan son məqsədinə- ərazi bütövlüyünün bərpasına mütləq nail olacaq".

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə