“Erməni soyqırımı”na ənənəvi olaraq geniş yer ayıran İran mətbuatı ilk dəfə Türkiyə və Azərbaycanın mövqeyini dərc edib
Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyindən verilən məlumata əsasən, Tehranda nəşr olunan "Şərq" qəzeti özünün həftəlik buraxılışında "erməni soyqırımı"na geniş yer ayırmış, Azərbaycan, Türkiyə və Ermənistan səfirlərinin müsahibəsini yerləşdirmiş, 1915-ci il hadisələri və Dağlıq Qarabağ münaqişəsi barədə yerli təhlilçilərin mövqeyini dərc edib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya daxil olan xəbərə görə, "Erməni soyqırımı"na ənənəvi olaraq geniş yer ayıran İran mətbuatı ilk dəfə olaraq qarşı tərəfin – Türkiyə və Azərbaycanın mövqeyini dərc edib.
Azərbaycanın İrandakı səfiri Cavanşir Axundov "erməni soyqırımı" ilə bağlı öz müsahibəsini konkret faktlar üzərində qurmuş, yerli mətbuatda qondarma erməni soyqırımına yer ayrıldığını, lakin ermənilərin müsəlmanlara qarşı etdikləri vəhşiliklərə toxunulmadığını, Xocalıda törədilmiş soyqırımından bəhs edilmədiyini təəssüflə bildirib. Birinci dünya müharibəsi illərində yüz minlərlə türk və azərbaycanlının ermənilər tərəfindən qətlə yetirilməsi faktına göz yumulduğunu bildirən səfir C.Axundov qədim Azərbaycan torpaqlarında bolşeviklər tərəfindən süni şəkildə Ermənistan dövlətinin yaradıldığını bildirmiş, erməni hərbi birləşmələri tərəfindən Bakı, Şamaxı, Gəncə, Qubada 52 min, İranın Azərbaycan dilli qədim Urumiyə, Xoy, Salmas və digər şəhərlərdə isə 120 min günahsız insanın öldürüldüyünü diqqətə çatdırıb.
Azərbaycan səfiri ermənilərin başqa yerlərdən, o cümlədən Marağadan Dağlıq Qarabağa köçürmələrindən danışmış, ermənilərin Qarabağa köçməsini tərənnüm edən abidənin uçurulduğunu qeyd etmiş, tarixi faktlara söykənmədən "erməni soyqırımını" iddia edənlərin Osmanlı imperiyasının o zaman üzləşdiyi tarixi reallıqları nəzərə almadan fikir yürütmələrinin əsassız olduğunu bildirib. Ermənilərin tarixi faktları saxtalaşdırmağa həmişə meylli olduqları, Alban abidələrini özününkiləşdirməyə can atdıqları, coğrafi adları dəyişdirdikləri müsahibədə qeyd edilmiş, Alban ortodoks kilsəsinin məhz 1836-cı ildə çarın fərmanı ilə ləğv edildiyi, indiki Ermənistan dövlətinin ərazisində yaşayan əhalinin 80-85 faizinin müsəlman olduğu diqqətə çatdırılıb. Ermənilərin XX əsrin sonlarında, müasir tariximizdə Xocalıda törətdikləri vəhşiliklərin isə insanlığa yaraşmayan bir hərəkət olduğunu, dünyanın heç bir yerində belə vəhşilik törədilmədiyini bildirib.
Səfir Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin yeganə həllinin işğalçı Ermənistan hərbi birləşmələrinin işğal edilmiş torpaqlardan çıxmasında, BMT və Avropa Şurasının qətnamələrinin yerinə yetirilməsində, beynəlxalq hüquq normalarına riayət edilməsində olduğunu bildirib. Azərbaycan torpaqlarının işğal altında saxlanılması davam etdirildiyi təqdirdə Ermənistanda heç bir siyasi sabitliyin və iqtisadi inkişafın olmayacağını qeyd edən səfir ermənilərin yeganə çıxış yolunun Azərbaycan torpaqlarından qeyri-şərtsiz azad etməsi olduğunu bildirmiş, hələlik danışıqlar yoluna üstünlük verən Azərbaycanın öz hərbi qüdrətini dayanmadan artırdığını, lazım gələrsə hərbi yolla torpaqlarımızı azad edəcəyimizi diqqətə çatdırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB