Bakı şəhəri üzrə Təhsil İdarəsi vahid məktəbli geyimləri ilə bağlı valideynlərə müraciət etdi

Bakı şəhəri üzrə Təhsil İdarəsi vahid məktəbli geyimləri ilə bağlı valideynlərə müraciət etdi
"2011-2012-ci tədris ili üçün vahid məktəbli geyimlərinin tikilişinə artıq yanvar ayından başlanıb. Qeyd etmək istəyirəm ki, artıq bu gün vahid məktəbli geyimlərinin satışı mövcuddur". Bu barədə SİA-ya açıqlamasında Bakı şəhəri üzrə Təhsil İdarəsinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Zəminə Əliqızı məlumat verib. O bildirib ki, idarə mütəmadi olaraq Bakı Tikiş evi ilə əlaqə saxlayır. Onun sözlərinə görə, bu işin əsas fəaliyyəti ilə Bakı Tikiş evi məşğul olur.

Z.Əliqızı qeyd edib ki, 2011-2012-ci tədris ili bütün Bakı məktəbləri şagirdlərinin vahid məktəbli geyiminə keçid ili olacaq: "I-VI siniflər üçün bir, VI-XI siniflər üçün isə başqa geyim formaları müəyyənləşdirilib. Onların tikilməsi prosesinə də artıq başlanıb. Valideynlər dərs ilinin başlamasını gözləməsinlər, indidən geyimləri almaqla məşğul olsunlar. Sentyabrın 15-nə yaxın geyimlərin alınmasına başlanır, mağazalara çox güclü axın olur və nəticədə narahatlıqlar müşahidə olunur. Ona görə də valideynlər geyimləri indidən ala bilərlər.

Geyimlərin sayına gəlincə, Z.Əliqızı deyib ki, bu gün mağazalara müraciət edən insanlara geyimlər verilə bilər. O qeyd edib ki, bu tədris ilində vahid məktəbli geyiminə keçəcək məktəblilərin sayı 340 minə yaxındır.

Bütün xəbərlər Facebook səhifəmizdə