"Azərbaycan-Rusiya münasibətləri getdikcə möhkəmlənir və yeni çalarlarla zənginləşir” RƏY-ÖZƏL
"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev həm Rusiyanın TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman, həm də həm də Rusiyanın nüfuzlu "Natsionalnaya oborona" ("Milli müdafiə") jurnalının may buraxılışına müsahibəsi zamanı xatırladıb ki, biz daimi həmrəyliyə, birliyə nail olmaq istəyirik, dünyada ədalətsizliyin, millətçiliyin əleyhinəyik". Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Eldəniz Səlimov deyib.
O bildirib ki, müsahibələr zamanı dövlət başçısı Azərbaycanla Rusiya arasında qarşılıqlı siyasi əlaqələrin çox yüksək səviyyədə olduğunu qeyd edib: "Cənab Prezident vurğulayıb ki, əgər pandemiya olmasaydı, iki ölkə arasında əmtəə dövriyyəsi daha da artardı. Ölkə başçısı iki ölkə arasında iqtisadi əlaqələrin lazımi səviyyədə olacağına əminliyini bildirərək nəqliyyat-logistika sahəsində böyük planların olduğunu söyləyib. Prezident İlham Əliyev qeyd edib ki, bu gün bizim fəal istifadə etdiyimiz Şimal-Cənub dəhlizi ilə yanaşı, Rusiyanın Şimal-Qərb nəqliyyat dəhlizinə qoşulması da bizi sevindirir. Rusiyalı yükgöndərənlər Azərbaycandan Avropa istiqamətinə gedən bu marşrutdan istifadə edirlər. Elektroenergetika sahəsində elektrik enerjisi mübadiləsi, habelə çoxtərəfli əməkdaşlıq baxımından böyük potensial var. Biz yüksəkvoltlu elektrikötürmə xətləri ilə bağlıyıq. Dövlətimizin başçısı neft-qaz sahəsində də əməkdaşlığın yaxşı vəziyyətdə olduğunu söyləyib, eləcə də humanitar əməkdaşlığın əhəmiyyətini diqqətə çatdırıb".
Deputat söyləyib ki, Azərbaycan və Rusiya həm yaxın qonşu, həm də mehriban dost ölkələrdir: "İki ölkə arasında müxtəlif istiqamətləri əhatə edən münasibətlər onilliklər ərzində sınaqdan çıxan tarixi ənənələrə söykənir. Ümumiyyətlə, Azərbaycan-Rusiya əlaqələri çoxşaxəli səciyyə daşıyır. Həyatın elə bir sahəsi yoxdur ki, Azərbaycanla Rusiya sıx əməkdaşlıq etməsinlər. Azərbaycanla Rusiya arasında əməkdaşlığın yüksələn xətlə inkişafına iki ölkənin dövlət başçıları arasında formalaşan dostluq münasibətlərinin rolunu xüsusi vurğulamaq lazımdır. İki ölkənin dövlət başçıları və yüksək səviyyəli rəsmiləri mütəmadi görüşlər keçirərək əməkdaşlığın müxtəlif aspektlərini müzakirə edirlər. Təkcə ötən il Azərbaycan Prezidenti İlham Əliyevlə Rusiya Prezidenti Vladimir Putun bir neçə dəfə görüşüb. O cümlədən, keçən ilin noyabr ayında respublkamızın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Rusiya Federasiyasına rəsmi səfəri iki dövlət arasında əlaqələrin inkişafına mühüm töhfə oldu. Bütün bunlar göstərir ki, iki ölkənin münasibətləri getdikcə möhkəmlənir və zamanın dəyişən çağırışlarına uyğun olaraq yeni çalarlarla daha da zənginləşir".
E. Səlimov qeyd edib ki, cənab prezident müsahibələrində xatırladıb ki, alman faşistləri üzərində qələbə ümumxalq qələbəsidir və bu bəşəri qələbənin təmin olunması üçün dünya xalqları həmrəy olmalıdırlar və biz də daim həmrəyliyin, birliyin tərəfdarıyıq: "Ölkə başçısı diqqəti həm də erməni faşizminin üzərinə yönəldib. Azərbaycan torpaqlarının 20 faizini işğal edən erməni təcavüzkarlarının faşizm mahiyyəti ortadadır. Onlar faşizm ideologiyasını bu gün təbliğ edirlər, faşizmə xidmət edən adamların heykəlini qoyurlar. Beynəlxalq aləm də bilir ki, II Dünya müharibəsi zamanı faşistlərin əlaltısı olan və qəddarlığı ilə əsir düşərgələrində ad çıxaran Qaregin Njde kimdir, fəaliyyəti nə olub. Çox təəssüflər olsun ki, bu gün Ermənistanın paytaxtında faşizm ideologiyasına xidmət edən belə bir insanın abidəsi ucaldılıb. Əlbəttə ki, Rusiya bu məsələyə münasibətini bildirməlidir. Çünki bu müharibədə daha çox ruslar itki verib, faşizmin təcavüzkarlığına məruz qalıblar. Belə bir adamın abidəsinin ucaldılması əlbəttə ki, insanlığa zidd olan məsələdir. Prezident İlham Əliyev müsahibələrində Azərbaycan torpaqlarının işğalında erməni təcavüzkarlarının rolunu qiymətləndirərək bildirib ki, ermənistan bu gün də faşizmin mənfur niyyətlərini həyata keçirir. Daimi olaraq atəşkəs pozulur, azərbaycanlılar qətlə yetirilir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB