"Faşist və qatillərin qəhrəmanlaşdırılması ümumbəşəri sülh çağırışlarına tamamilə ziddir” ŞƏRH-ÖZƏL

"Faşist və qatillərin qəhrəmanlaşdırılması ümumbəşəri sülh çağırışlarına tamamilə ziddir” ŞƏRH-ÖZƏL

"Bu gün Azərbaycanla Rusiya arasında qarşılıqlı siyasi əlaqələr strateji tərəfdaşlıq səviyyəsində yüksələn xətlə inkişaf edir. Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə ölkəmizin başçısı İlham Əliyev arasında baş tutan görüşlər bunun əyani sübutudur. İki ölkə başçısı arasında olan bu sıx ünsiyyət qarşılıqlı əlaqələrimizin inkişafına çox müsbət təkan verir". Bu fikirləri SİA-ya açıqlamasında politoloq Şəbnəm Həsənova deyib.

O bildirib ki, bundan əlavə, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Rusiya Federasiyasına ilk rəsmi səfərinin yekunları da Rusiya ilə Azərbaycan arasında münasibətlərin daim yüksəliş tempində olduğunu bir daha sübut etdi: "Səfər çərçivəsində keçirilən görüşlər, X Azərbaycan-Rusiya Regionlararası Forumunda, Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində "Azərbaycan" pavilyonunun açılışı göstərdi ki, həqiqətən də, iki ölkə arasında münasibətlər strateji tərəfdaşlıq, mehriban qonşuluq və səmimi dostluğun təzahürüdür".

Prezident İlham Əliyevin Qələbə Günü ərəfəsində həm TASS Agentliyinin baş direktor müavini Mixail Qusman, həm də Rusiyanın nüfuzlu "Natsionalnaya oborona" ("Milli müdafiə") jurnalının may buraxılışına müsahibə verdiyini xatırladan politoloq söyləyib ki, Azərbaycanın bu böyük zəfərdə əvəzsiz payı var: "123 azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. Bu rəqəm bütün Azərbaycan xalqının igidliyidir. O dövrdə hələ Sibirdəki yataqlar kəşf edilmədiyinə və Azərbaycan yanacaq-sürtkü materiallarının əsas bazası olduğuna görə müharibə dövründə Azərbaycan yanacağın ən önəmli təchizatçısı idi".

Ş. Həsənova qeyd edib ki, adətən mayın 9-da hər zaman veteranlarla görüşən cənab Prezident onların qayğıları ilə yaxından maraqlanır, problemlərinin həlli istiqamətində əsaslı göstərişlər verir: "Lakin təəssüf ki, bu il koronavirusla əlaqədar bu görüş baş tutmadı. Buna baxmayaraq dövlət qayğısı ilə əhatə olunan veteranlar üçün Azərbaycanda hər il mükafatlar ayrılır. Bu il üçün həmin mükafatın məbləği 1500 manatdır. 9 May Gününün bayram kimi təqvimdə bərpa olunması da xalqımızın Ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır".

O qeyd edib ki, bütün dünya birliyinin faşizm üzərində qələbəni böyük sevinc və fəxrlə qeyd etdiyi bir gündə Ermənistanda faşist cəlladının abidəsi önünə əklil qoyulması bu ölkədə siyasi rejimin faşizm ideologiyasına xidmət etdiyini əyani şəkildə sübut edir: "Təqdirəlayiq məqam isə ondan ibarətdir ki, Azərbaycan Prezidenti İlham Əliyevin qatil və cani Njdenin Ermənistanda qəhrəmanlaşdırılması və bu ölkənin hazırkı rejiminin faşist ideologiyasını təbliğ etməsi məsələsini MDB Dövlət Başçıları Şurasının iclasında qaldırmasından sonra Rusiyanın Krasnodar diyarının Armavir şəhərində faşistlərin əlaltısı Qarergin Njdeyə quraşdırılan xatirə lövhəsi söküldü. Njdenin qəhrəmanlaşdırılması Rusiyanın siyası dairələri tərəfindən də pislənilib. Ümumiyyətlə faşist, millətçi və qatillərin qəhrəmanlaşdırılması ümumbəşəri sülh çağırışlarına tamamilə ziddir".

Politoloq vurğulayıb ki, ölkə başçısının hər iki müsahibəsində Azərbaycan-Rusiya arasındakı mövcud münasibətlər haqqında söylədiyi kimi pandemiya olmasaydı, iki ölkə arasında əmtəə dövriyyəsi daha da artardı: "Lakin buna baxmayaraq cənab Prezident iqtisadi əlaqələrimizin lazımi səviyyədə olacağına əminliyini ifadə etdi və bildirdi ki, "bizim nəqliyyat-logistika sahəsində də böyük planlarımız var. Bu gün bizim fəal istifadə etdiyimiz Şimal-Cənub dəhlizi ilə yanaşı, Rusiyanın Şimal-Qərb nəqliyyat dəhlizinə qoşulması da bizi sevindirir. Rusiyalı yükgöndərənlər Azərbaycandan Avropa istiqamətinə gedən bu marşrutdan istifadə edirlər. Elektroenergetika sahəsində elektrik enerjisi mübadiləsi, habelə çoxtərəfli əməkdaşlıq baxımından böyük potensial var. Biz yüksəkvoltlu elektrikötürmə xətləri ilə bağlıyıq".

Ş. Həsənova əlavə edib ki, neft-qaz, humanitar sahədə Azərbaycan-Rusiya əməkdaşlığı yüksək səviyyədədir: "Bu gün Azərbaycanda tədrisin rus dilində olduğu 330-dan çox məktəb mövcuddur. Bütün bu amillər Azərbaycan və Rusiya arasında olan münasibətlərin yüksək dinamikasından xəbər verir".

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə