"Korrupsiya və rüşvətxorluq dövlətimizin əsaslarını dağıda biləcək cinayətdir" ÖZƏL-MÜNASİBƏT

"Korrupsiya və rüşvətxorluq dövlətimizin əsaslarını dağıda biləcək cinayətdir" ÖZƏL-MÜNASİBƏT

"2018-ci il növbədənkənar prezident seçkilərindən sonra dövlət başçısının həyata keçirilməsinə start verdiyi genişmiqyaslı islahatların sürəti bir an belə ləngiməyib. Hətta indiki ağır pandemiya şəraitində davam etdirilən yeni siyasi kurs cəmiyyətimizin də böyük dəstəyinə səbəb olmuşdur. Çünki dövlət həyatının bütün sferalarını əhatə edən dəyişikliklər nəticə etibarilə insanlarımızın daha da yaxşı yaşamasına, ölkəmizin güclənməsinə, qanunçuluğun möhkəmlənməsinə xidmət edir. Bu kontekstdə korrupsiya ilə mübarizədə görülən konkret işlər vətəndaşlarımızın xüsusi rəğbətini qazanmışdır". Bunu SİA-ya Yurddaş Partiyasının sədri Mais Səfərli deyib.

Partiya sədrinin sözlərinə görə, hər kəs yaxşı başa düşür ki, korrupsiya və rüşvətxorluq dövlətimizin əsaslarını dağıda biləcək cinayətlərdir: "Belə qanunazidd hərəkətlər mövcud olduqca, Azərbaycanın dayanıqlı inkişafından söhbət gedə bilməz. Lakin hələ də dövlət orqanlarında çalışan, dövlətçiliyə, xalqa xəyanət edən bəzi vəzifəli şəxslərin çirkin əməlləri ölkəmizdə geniş vüsət almış islahatlara kölgə salır. Onlar Prezidentin yeni siyasi xəttinə qarşı çıxır, köhnə abhavanı qoruyub saxlamağa çalışır, dövlətin vəsaitini talan edirlər. Bu səbəbdən də bu gün vəzifə cinayətləri törədən həmən ünsürlərə qarşı ciddi qanuni tədbirlər həyata keçirilir.

2 gün bundan əvvəl İmişli rayonunun icra hakimiyyətinin başçısı V.Hacıyevin də çoxsaylı vəzifə cinayətlərinə, korrupsiyaya və rüşvətxorluq əməllərinə görə saxlanılması və barəsində həbs qəti imkan tədbiri seçilməsi ölkə rəhbərliyinin bu məsələdə ən sərt addımlardan çəkinməyəcəyindən xəbər verir. Prezidentin apardığı islahatlar kursu bu gün Azərbaycanda yeni siyasi, iqtisadi münasibətlər sisteminin formalaşmasına gətirib çıxarmışdır. Son 5 ay ərzində 5 icra başçısının, 20-dən çox dövlət məmurunun DTX tərəfindən qandallanması bir daha göstərir ki, yeni münasibətlər konfiqurasiyasında rüşvətxorlara, korrupsionerlərə, dövlətin və xalqın malını oğurlayanlara, qanunlarla hesablaşmayanlara yer yoxdur".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə