"Məsuliyyətsizlik nəticəsində virus yenidən pik nöqtəyə çata bilər" RƏY-ÖZƏL

"Məsuliyyətsizlik nəticəsində virus yenidən pik nöqtəyə çata bilər" RƏY-ÖZƏL

“Karantin rejimi ilə bağlı yumşalma tədbirləri pandemiya ilə bağlı mübarizədə həyata keçirilən böyük planlı fəaliyyətin nəticəsidir. Lakin yumşalma heç də insanlarda rahatlıq, əminlik hissi yaratmamalıdır. Vətəndaşlar birdəfəlik anlamalıdır ki, koronavirus nə sərhəd, nə insan, nə də mövqe tanıyır”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Jalə Əliyeva deyib.

O bildirib ki, hazırda pandemiya ilə bağlı vəziyyət nəzarət altında olsa da, məsuliyyətsizlik nəticəsində virusla bağlı yenidən pik nöqtəyə çatmaq an məsələsidir: “Heç kim yumşalma tədbirlərinə arxayın olmamalı, qaydaları pozmamalıdır. Biz yenə də diqqətli olmalı, gücümüzü səfərbər edib, dövlətimiz tərəfindən sağlamlığımız üçün edilən bütün çağırışlara qoşulmalıyıq”.

Deputat söyləyib ki, hər kəs maksimum şəkildə özünü və ailəsini yoluxmadan qorumağa davam etməlidir: “Çünki, proqnozlar, eləcə də Dünya Səhiyyə Təşkilatı və digər təşkilatların gəldiyi qənaət budur ki, virus təkrarlana, qayıda bilər. Bunun qarşısını almaq üçün ayıq-sayıqlığımızı itirməməli, dövlətin çağırışlarına diqqətli olmalıyıq. Tətbiq olunan qadağalar vətəndaşların sağlamlığının qorunması üçündür. Bunu hər kəs nəzərə almalıdır”.

J.Əliyeva qeyd edib ki, xüsusilə də 65 yaşdan yuxarı insanlar “ Evdə qal”mağa davam etməlidirlər: “Bildiyiniz kimi, Azərbaycanda tətbiq olunan karantin rejiminin ilk müddəası yaşlılarla bağlı olub. Çünki səhiyyənin verdiyi proqnoza görə, 65 yaşdan yuxarı insanlarda immun sistemi zəif olduğu üçün onların virusa, xüsusilə də koronavirus kimi ağır keçirilən xəstəliyə yoluxma riski daha çoxdur. Ona görə də bu kateqoriyaya daxil olan insanlar cəmiyyətdən daha tez təcrid olundu. Bu yumşalma onların yenidən cəmiyyətə qovuşması anlamına gəlməməlidir. Ölkəmizdə 65-yaşdan yuxarı insanların sosial baxımından problemləri dövlət tərəfindən tam olaraq qarşılanır. Bu baxımdan ahıl insanlar narahatçılıq keçirməməli, sadəcə verilən tövsiyələrə riayət edərək sağlamlıqlarını qorumalıdırlar”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə