Hidayət Orucov Türkiyədə rəsmi səfərdə olub

Hidayət Orucov Türkiyədə rəsmi səfərdə olub

Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov Türkiyə Cümhuriyyəti Diyanət İşləri başqanı Mehmet Görməzin dəvəti ilə bu ilin aprel ayının 15-dən 18-dək Türkiyədə rəsmi səfərdə olub.


Komitədən SİA-ya verilən xəbərə görə, hər iki ölkə arasında din sahəsində mövcud əlaqələrin daha da inkişaf etdirilməsi və möhkəmləndirilməsi baxımından aktuallıq daşıyan səfər çərçivəsində keçirilən görüşlərdə Dövlət Komitəsi ilə Diyanət İşləri Başqanlığı arasında mövcud əlaqələrin gücləndirilməsi, ortaq milli-mənəvi dəyərlərimizin yad təsirlərdən qorunması ilə bağlı məsələlər müzakirə edilmiş, bölgədə dini durumun sabitliyi, vicdan azadlığının təmin olunması barədə ətraflı fikir mübadiləsi aparılıb.


Türkiyə Cümhuriyyətinin Prezidenti Abdullah Gül Hidayət Orucovu qəbul edib. Görüşdə ortaq milli-mənəvi dəyərlərimizin qorunması, böyüməkdə olan nəsillərin vətənpərvərlik ruhunda tərbiyə olunması, regionda dini sabitliyin daha da möhkəmləndirilməsi imkanları ilə bağlı fikirlər ifadə edilib. Səmimi şəraitdə keçən görüşdə Azərbaycan-Türkiyə münasibətlərinin yüksələn xətlə inkişafından və iki ölkə arasında qarşılıqlı etimadın getdikcə güclənməsindən məmunluq bildirilib.


Prezident Abdullan Gül səmimi salamlarını və xoş arzularını Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə çatdırmağı xahiş edib.
Ölkənin digər rəsmi dövlət adamları və qeyri-hökumət təsisatlarının rəhbərləri ilə görüşlərdə də maraqlı müzakirələr aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə