"Ermənistan bəyanatlara məhəl qoymur" ÖZƏL-MÜNASİBƏT

"Ermənistan bəyanatlara məhəl qoymur" ÖZƏL-MÜNASİBƏT

“Bildiyimiz kimi yaxınlarda Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev tərəfindən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans şəklində növbədənkənar iclası keçirilmişdi. Həmin videokonfransda Cənab Prezident Azərbaycanın Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar, Ermənistanın Azərbaycan torpaqlarını zəbt etməsi ilə əlaqədar Azərbaycanın bir daha konkret mövqeyini sərgiləmişdi”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq Yusif Bağırzadə deyib.

Y.Bağırzadə qeyd edib ki, bu mövqe münaqişənin sülh yolu ilə tənzimlənməsi, Azərbaycanın bütövlüyü çərçivəsində çözülməsi və Dağlıq Qarabağa ən yüksək Müxtar Respublika statusunun verilməsindən ibarət idi:
“Azərbaycanın mövqeyini həm Azərbaycan Respublikasının Prezidenti, həm Azərbaycan Xarici İşlər Nazirliyi dəfələrlə yüksək tribunalardan sərgiləyib. Yaxınlarda bildiyimiz kimi Dağlıq Qarabağ münaqişəsilə əlaqədar həmsədrlərdən biri, Rusiya Xarici İşlər naziri Lavrovun bəyanatı da səslənib. O, belə bir bəyanat vermişdi ki, indiki halda Azərbaycanla Ermənistan arasında həm həmsədrlər səviyyəsində, yəni Minsk Qrupu çırçivəsində münaqişənin mərhələli həlli ilə əlaqədar masada yazılar vardır. Yəni bu anlaşma ilə əlaqədar müzakirələr gedir və bu haqda da ictimaiyyətə məlumat verilib. Ermənistan dövləti yenə də bu bəyanatlara məhəl qoymur, qeyri-konstruktiv bir mövqe tutaraq məsələnin ancaq və ancaq Dağlıq Qarabağda yaşayan ermənilərin marağı səviyyəsində, yaxud belə deyək ki, Dağlıq Qarabağdakı qondarma qurumun maraqları çərçivəsində həll olunmasını bəyan edir. Bu bir daha göstərir ki, Ermənistan öz aqressiv platformasından əl çəkmir. Yəni, bu işğalçı dövlət münaqişənin sülh yolu ilə həll olunması istiqamətində danışıqlar prosesindən kənarda qalmaq istəyir və Dağlıq Qarabağın "status-kvo" məsələsini dəyişməz olaraq saxlamaq niyyətindədir".

Politoloq bunun səbəbini də deyib: "Çünki Ermənistan tərəfi belə fikirləşir ki, bu danışıqlar prosesi uzandıqca beynəlxalq ictimaiyyət "de-fakto" bu Dağlıq Qarabağı Ermənistanın bir tərkib hissəsi kimi, yaxud müstəqil dövlət kimi qəbul edər və beləliklə də dünyada ikinci bir Ermənistan dövlətinin yaranması ilə əlaqədar prosesə başlayarlar. Mən belə başa düşürəm ki, Ermənistanda olan o rəngli inqlab da ermənilərin öz oyunları idi. Yəni Sarkisyan tərəfindən hakimiyyətin Paşinyana verilməsi də ancaq və ancaq Dağlıq Qarabağın Azərbaycana qaytarılmaması ilə əlaqədar bir şou proqram idi. Bildiyimiz kimi, iyunda Vaşinqton toplantısında, yəni həmsədrlərin görüşündə, dekabrda Nyu-York görüşündə, dekabrda həmçinin Bratislava görüşündə, eləcə də Cenevrə görüşündə Azərbaycan dövləti münaqişənin tez bir müddətdə ətraf rayonları boşaldılandan sonra Dağlıq Qarabağın statusuna baxılması məsələsini qaldırıb. Azərbaycan birinci gündən bu günkü günə qədər, yəni ATƏT-in Minsk Qrupu yaradılandan bu ana qədər bir mövqedən çıxış edir ki, bu münaqişə sülh yolu ilə həll olunmalıdır. İkincisi də ki, Dağlıq Qarabağ və ətrafında olan rayonlar erməni qoşunları tərəfindən boşaldılandan sonra Azərbaycan qaçqın və məcburi köçkünləri ora məskunlaşdırandan sonra Dağlıq Qarabağın statusu məsələsinə baxılmalıdır. Yəni Azərbaycanın bir dövlət olaraq prinsipial mövqeyi bundan ibarətdir. Hadisələr göstərir ki, Ermənistan bu günkü gün də qeyri-konstruktiv mövqe tutur və münaqişənin hərbi yolla həllindən başqa Azərbaycana seçim qoymur. Buna görə biz ilk növbədə beynəlxalq ictimaiyyəti buna hazırlamalıyıq, ATƏT-in Minsk Qrupuna məntiqi qiymət verməliyik. Çünki, Lavrov özü də həmsədrlərin bir nümayəndəsidir. Yaxud da münaqişənin başqa bir çərçivədə həll olunmasını göstərmək lazımdır. Çünki, Lavrov bu çıxışında da qeyd etmişdi ki, münaqişənin mərhələli həlli, yəni erməni qoşunları tərəfindən ətraf rayonların azad olunması BMT qətnamələrinin yerinə yetirilməsi istiqamətində bir addım olardı. Yəni söhbət bundan ibarətdir ki, bu münaqişə deyil, bu qəsbkarlıqdır. Azərbaycan torpaqlarının işğalından söhbət gedir və ona görə də Azərbaycan bu vəziyyətdən istifadə edərək Minsk Qrupu həmsədrlərinin bu mövqeyinə konkret münasibət bildirməlidir”.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə