"Bundan sonrakı addımlar vətəndaşlarımızın qaydalara əməl etməsindən asılı olacaq" AÇIQLAMA-ÖZƏL

"Bundan sonrakı addımlar vətəndaşlarımızın qaydalara əməl etməsindən asılı olacaq" AÇIQLAMA-ÖZƏL

"Bu gündən etibarən Nazirlər Kabineti tərəfindən karantin rejiminin yumşaldılması istiqamətindən verilən qərarın qüvvəyə minməsi bir sınaqdır. Prezident İlham Əliyev də çıxışında bildirdi ki, daim monitorinq aparılacaq və əgər bu yumşalmadan sonra vəziyyət mənfi istiqamətə gedərsə, rejim yenidən sərtləşdirilə bilər”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov deyib.

O bildirib ki, bundan sonra baş verənlər vətəndaşlarımızı qaydalara düzgün əməl etməsindən asılı olacaq.

Yumşaldılma tədbirlərinin bundan sonra da davam edəcəyini deyən deputat söyləyib ki, ancaq bu vəziyyətdən sui-istifadəyə, səhlənkarlığa yol verilsə, məsuliyyət azaldılsa təbii ki əldə edilən nəticələrə xələl gələ bilər: “Qoyulan qaydalara məsuliyyətsiz yanaşma, yenidən əvvəlki vəziyyətə geri dönüşümüzə səbəb ola bilər. Belə olan halda, Azərbaycan dövləti yenidən sərt tədbirlər görmək məcburiyyətində qalacaq. Təbii ki bütün bunlar Prezident İlham Əliyevin də söylədiyi kimi, vətəndaşlarımızın sağlamlığı, onların həyatı üçündür”.

E. Məmmədov qeyd edib ki, hər kəs, hər bir vətəndaş dövlət tərəfindən pandemiyanın qarşısının alınması istiqamətində gördüyü yüksək səviyyəli tədbirlərin onlar üçün atıldığını dərk etməlidir: “Görülən tədbirlərin müsbət nəticələri göz qarşısındadır. Bu baxımdan biz bir vətəndaş olaraq atdığımız addımlara diqqət etməliyik ki, bundan sonrakı nəticələr indikindən də müsbət olsun. Belə halda koronavirus bəlasından birdəfəlik qurtula bilərik. Əgər biz bəlanın tezliklə bitməsini, dövlətçiliyimizin daha da möhkəmlənməsini, inkişafımızı, nailiyyətlərimizi daha da artırmaq istəyiriksə qaydalara əməl etməliyik. Başqa çıxış yolumuz yoxdur”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə