"Növbəti addımlar karantin rejiminin yumlaşmasının nəticəsindən asılı olacaq" MÖVQE-ÖZƏL

"Növbəti addımlar karantin rejiminin yumlaşmasının nəticəsindən asılı olacaq" MÖVQE-ÖZƏL

“Cənab Prezident koronavirusla mübarizə məsələsini həmişə özünün gündəlik fəaliyyətinin mərkəzində saxlayır. Məhz Azərbaycanın səmərəli addımları nəticəsində koronavirusun geniş yayılmasının qarşısı alındı”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

Məcburiyyətdən evdə qalmalı olan vətəndaşların sosial problemlərini dövlətin öz çiyninə götürdüyünü deyən deputat söyləyib ki, ölkəmizdə pandemiyaya qarşı görülən tədbirlər öz nəticəsini verməkdədir: “Artıq sağalanların sayı, yoluxanların sayını 2 dəfə üstələməkdədir. Eyni zamanda artıq ölkəmizin müəyyən regionlarında uzun müddətdir ki, koronavirus yoluxması faktı qeydə alınmır. Bütün bunlar göstərir ki, dövlət və vətəndaş bu məsələlərə qarşı birlikdə mübarizə apardıqda istənilən nəticəni əldə etmək mümkündür”.

A. Mirzəzadə söyləyib ki, bütün bunlara baxmayaraq hələ də ölkəmizdə koronavirus təhlükəsinə son qoyulmayıb: “Gündəlik yoluxma faktları var. Bu da ilk növbədə insanların bir-birilə kontaktları nəticəsində mümkün olur. Adi qrip virusu maksimum 12 özünəoxşarlıq törədirsə, koronavirus isə azı 100 özünəoxşarlıq törədir. Bu baxımdan koronavirusa qarşı mübarizə aparılmalıdır”.

Cənab Prezidentin ötən gün çıxışında yumlaşma ilə bağlı mesaj verdiyini deyən Milli Məclisin deputatı vurğulayıb ki, artıq insanlar yumlaşmanı hiss edir: “Evdən kənarda qalmanın müddətinin uzadılması, aprelin 27-dən bəzi spesifik ticarət mərkəzlərinin xidmət sahələrinin işə başlaması yumşalmadır. Ümid edilir ki, bu yumşalma koronavirusun sıçrayışla böyüməsinə səbəb olmayacaq. Ancaq bununla bağlı bu təhlükənin dünya tarixində təcrübəsi yoxdur. Bunun yenidən ikinci dalğa ilə gəlməsi tamamilə mümkün olan məsələdir. Bu baxımdan tətbiq olunan yumlaşmaların nəticəsini zaman göstərəcək. Nəticələrdən asılı olaraq, karantin rejimi ya yumlaşdıla, ya da sərtləşdirilə bilər. Cənab Prezident hər zaman vurğuladığı kimi bu gün dövlət üçün, şəxsən prezident kimi Onun fəaliyyəti üçün əsas məsələ insanların sağlamlığıdır. İnsanların sağlamlığı üçün bir tərəfdən dövlətin dəstəyi, digər tərəfdən isə zərurət yarananda müəyyən məhdudiyyətlərin olması bu gün gündəmdə olan yeganə təsirli addımlar sayıla bilər”

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə