“Azərbaycan heç kimdən yardım istəmir, resurslarımız kifayət qədərdir” Adil ƏLİYEV

“Azərbaycan heç kimdən yardım istəmir, resurslarımız kifayət qədərdir” Adil ƏLİYEV

“Müxtəlif ölkələrdə yayılan koronavirus pandemiyası insanlarla yanaşı iqtisadiyyatlara da ciddi təhdidlər yaradıb. Hətta inkişaf etmiş dövlətlərdə işsizlərin sayı və sosial problemlər artır”. SİA xəbər verir ki, bu fikirləri Milli Məclisin vitse-spikeri Adil Əliyev feysbuk sosial şəbəkəsindəki statusunda yazıb.

“Azərbaycan Prezidenti İlham Əliyev ilk gündən iş adamlarına tapşırıb ki, yaranmış vəziyyətə baxmayaraq heç kim işdən çıxarılmasın”, qeyd edən vitse-spikerə görə, bu yanaşma Azərbaycanın sosial dövlət prinsipinə uyğundur. SİTAT: “Bu siyasətin davamı kimi heç bir yerdən gəliri olmayan vətəndaşlarımıza 190 manat ayrıldı. Əvvəlcə 200 min nəfərə 190 manat ayrılmışdısa, daha sonra 600 min nəfərə yardım etmək qərarı verildi. Prezidentin tapşırığı ilə eyni maddi yardımın may ayında da vətəndaşlarımıza çatdırılacağı açıqlandı”.

“Yardımlaşma, bir-birimizə dəstək, qanvermə aksiyalarındakı fəallığımız, qanunlara riayət etməyimiz bizi bir millət olaraq daha da kamilləşdirir, vətəndaşlar arasında ictimai əlaqələri gücləndirir”, fikrini əlavə edən Adil Əliyev qeyd edir ki, bundan başqa, koronarivusla mübarizə zəminində pis vərdişlərdən də uzaqlaşırıq, elə etməliyik ki, koronavirus dövrü bitdikdən sonra da formalaşdırdığımız müsbət keyfiyyətləri qoruyaq və inkişaf etdirək: “Dövlətimizin növbəti addımı kimi kiçik və orta sahibkarlara vergi güzəştlərinin tətbiqini göstərə bilərik. Bu güzəştlərin əsas məqsədi pandemiya ilə əlaqədar yarana biləcək çətinlikləri aradan qaldırmaq və iqtisadi potensialımızın gücünü artırmaqdır. Bir çox dövlət, o cümlədən qonşularımız müxtəlif maliyyə qurumlarından yardım almaq üçün növbəyə dayanıblar. Azərbaycan heç kimdən yardım istəmir, resurslarımız kifayət qədərdir, sadəcə bu resurslarımızdan səmərəli istifadə etməliyik”.

Vitse-spiker hesab edir ki, istənilən dövlətin inkişafı və gücü kiçik və orta sahibkarlığın inkişafı və gücü ilə birbaşa bağlıdır: “Azərbaycanda son illər orta və kiçik sahibkarlığın inkişafına xüsusi diqqət ayrılıb. Müxtəlif kreditlər və vergi güzəştləri vasitəsilə biznesin inkişafı diqqət mərkəzində olub. Hazırda dünya bazarlarında neftin qiyməti kəskin aşağı düşüb. Bu istər-istəməz Azərbaycanın da gərlirlərinin azalmasına səbəb olub. Son hadisələr göstərir ki, ümumiyyətlə bundan sonra dünya bazarlarında neftə tələbat azalacaq. Biz bu amillə hesablaşmaq məcburiyyətindəyik”.

“Dövlət başçısı bir neçə dəfə vurğulayıb ki, elə düşünməliyik ki, heç bizim neftimiz yoxdur və iqtisadiyyatımızın enerjidən asılılığını sıfıra endirməliyik”, deyə bildirən Adil Əliev bu səbəbdən son illər qeyri-neft sektorunun inkişafına xüsusi diqqətin yetirildiyini vurğulayıb: “Prezidentin söylədiyi kimi, bir gün neft resurslarımız qurtararsa, iqtisadiyyatımız qeyri-neft sekoturunun dayaqları üzərində dayanmalı olacaq. Həmin günə qədər kiçik və orta sahibkarlığın dayaqlarını o dərəcədə möhkəmləndirməliyik ki, büdcəmiz məhz bu əsasda formalaşsın. Bu baxımdan orta və kiçik sahibkarlara növbəti və böyük həcmdə vergi güzətşlərinin tətbiqi bu sahənin gücləndirilməsi, o cümlədən gənclərimizin iş həyatına maraqlarının artması və yeni iş yerlərinin yaranması baxımından vacibir”.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə