ADİP-də “Azərbaycanın ictimai-siyasi həyatında qadınların rolu” mövzusunda dəyirmi masa təşkil edilib
Bu gün Azərbaycan Demokratik İslahatlar Partiyasının (ADİP) qərargahında "Azərbaycanın ictimai-siyasi həyatında qadınların rolu" mövzusunda dəyirmi masa təşkil edilib. SİA-nın məlumatına görə, tədbirdə ABŞ səfirinin xanımı Zeyno Brayza (Baran), QHT rəhbərləri, millət vəkilləri, KİV rəhbərləri iştirak ediblər.
Tədbiri açan ADİP sədri, millət vəkili Asim Mollazadə Azərbaycanda ABŞ-dan, bir çox Avropa ölkəsindən əvvəl qadınlara seçki hüququnun verildiyini deyib. O, qeyd edib ki, Azərbaycan tarixində qadınların rolu hər zaman önəmli olub. Ölkədə hələ də 12-13 yaşlı qızların ərə verildiyini deyən millət vəkili bildirib ki, bu da təhlükənin aradan qaldırılmadığını göstərir. Skandinaviya ölkələrində qadınların parlamentdə üstünlük təşkil etdiyini qeyd edən A.Mollazadə qadınların rolunun artırılması üçün müəyyən bir dövlət proqramına ehtiyac olduğunu vurğulayıb. O, bir çox Avropa ölkələrinin seçkili qurumlarında qadınların say tərkibi ilə bağlı tələblərin olduğunu diqqətə çatdırıb. A. Mollazadə bildirib ki, dəyirmi masada səsləndirilən təkliflər ümumiləşdirilərək Milli Məclisə, həmçinin digər əlaqədar təşkilatlara göndəriləcək.
Millət vəkili Elmira Axundova bildirib ki, bu gün icra strukturlarında qadınlar daha azdır: "Hal-hazırda parlamentdə 20 qadın millət vəkili var, bu rəqəm keçən parlamentdə 14 idi. Bələdiyyələrdə qadınların xüsusi çəkisi 25 faizdir. İcra strukturlarında qadınların sayı çox azdır. Ən azından icra başçısının bir müavini qadın olmalıdır. Bir qadın nazirimiz belə yoxdur. Ölkəmizdə prezident üsul-idarəsi olduğundan əsas məsuliyyət icra strukturlarının üzərinə düşür. Ona görə də bu sahədə vəziyyət dəyişilməlidir".
Daha sonra çıxış edən millət vəkili Gülər Əhmədova ailədə qadına qarşı zorakılığın təkcə Azərbaycanın deyil, bütün dünyanın problemi olduğunu deyib. Millət vəkili bildirib ki, əsas problem qızların tərbiyəsi ilə bağlıdır: "Nə zaman özümüzə, qızlarımıza olan münasibəti dəyişsək, onda bu sahədə vəziyyət də dəyişəcək. Təbii ki, bu məsələdə birmənalı şəkildə kütləvi informasiya vasitələrinin üzərinə böyük iş düşür. Azərbaycan qadının rolunu artırmaq üçün problemin həll edilməsinin vacibliyini cəmiyyətin diqqətinə çatdırmalıyıq. Hesab edirəm ki, polisdə qadın inspektorların sayı artırılmalıdır. Zorakılığa məruz qalan qadın qadın inspektora daha rahat şəkildə problemini danışa bilər".
APA informasiya agentliyinin baş direktoru Vüsalə Mahirqızı isə çıxışında bildirib ki, vəzifədə olan xanımların sayı artsa da bu onlara olan münasibəti tezliklə dəyişməyəcək. O, siyasi partiyaların da daha çox siyasi məsələləri müzakirə etdiyini bildirərək qeyd edib ki, sosial məsələlərin gündəmə gətirilməsi vacibdir: "Qadına qarşı münasibətin dəyişməsi bir təfəkkür məsələsidir, bu zamanla dəyişən məsələdir. Qadınlara hüquqlarını öyrətmək lazımdır. Onların başa düşəcəyi şəkildə hüquqlarla bağlı telekanallarda sosial reklamlar yerləşdirilməli, verilişlər hazırlanmalıdır".
Millət vəkili Qənirə Paşayeva qeyd edib ki, cəmiyyətdə qadının rolunun artırılması məsələsi daim gündəlikdə olmalıdır. O, bələdiyyələrdə, Milli Məclisdə qadınların iştirakı ilə bağlı kvotanın qəbuluna ehtiyac olduğunu deyib. Şimali Avropa və Skandinaviya ölkələrində kvotalardan keçərək indiki mərhələyə çatdığını deyən millət vəkili bildirib ki, telekanallarda cəmiyyətdə qadının rolunun artırılması, onların hüquqlarının qorunması ilə bağlı sosial roliklər verilməlidir.
Çıxış edən digər iştirakçılar da cəmiyyətdə qadınların rolunun artırılması və onların qarşılaşdığı problemlərlə bağlı fikirlərini bildiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB