"Prezident bütün imkanları xalqın rifahı üçün səfərbər edib" ÖZƏL-ŞƏRH

"Prezident bütün imkanları xalqın rifahı üçün səfərbər edib" ÖZƏL-ŞƏRH

“Dünya ölkələrinin təşvişə düşdüyü və iqtisadi böhran yaşandığı bir vaxtda Azərbaycan Prezidenti cənab İlham Əliyev zamanında və özünəməxsus şəkildə pandemiyaya qarşı mübarizə tədbirlərini gücləndirdi. Çünki böyük dövlətlərin bir çoxunun liderləri bu məsələdə aciz qaldılar və prosesi idarə edə bilmədilər. Nəticədə ölüm sayları artdı, sosial məsələlərdə çoxlu problemlər ortaya çıxdı”. Bunu SİA-ya Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, Partiyanın Gənclər Birliyinin sədri Seymur Orucov deyib.

YAP GB sədrinin sözlərinə görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın yaradılması, vaxtında atılmış düzgün addımlarla, düzgün verilmiş qərarlarla həm ölkəmiz bu pandemiya dövründə minimum iqtisadi itkilərlə çıxacaq, həm də insanların sosial məsələsinin həll olunması üçün cənab Prezident bütün imkanları xalqın rifahı üçün səfərbər etdi: “Dövlət başçısı hər zaman çıxışlarında deyirdi ki, “Mən hər kəsin Prezidentiyəm”, “Azərbaycan güclü dövlətdir”, “İqtisadiyyatımız güclüdür”. Bunun üçün dövlət siyasətinin prioritetində ən vacib insan sağlamlığı və sosial rifahı dayanır. Həmin bu göstəriciləri analiz edəndə görürük ki, Prezidentimiz nə deyirsə, onu da edir. Ona görə də ölkə rəhbəri bizim iqtisadi resurslarımızdan istifadə etdi. Azərbaycanın ehtiyat vəsaiti həmişə olub. İstər büdcə vəsaiti, istərsə də digər fondlar hesabına ehtiyatımızı saxlamışıq. Əgər ehtiyat vəsaitimiz olmasaydı, indiki dönəmdə bu qədər sosial layihələri həyata keçirmək mümkün olmazdı. Bu gün 200 mindən 600 minə qədər insana 190 manat məbləğində birdəfəlik məvaciblərin verilməsi çox təqdirəlayiq haldır. Bu çox böyük iqtisadi yükdür. Bu yükü Azərbaycan dövləti, cənab Prezidentimiz öz üzərinə götürdü və insanlarımızı həmrəy olmağa çağırdı.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva da eynilə bu çətin günlərdə bir olmağımızı arzu etdi və özü də Heydər Əliyev Fondu vasitəsilə bu işlərə başladı. Nəticə etibarilə insanlarımız da dövlətini, Prezidentini sevdiyi üçün həmin aksiyalara qoşuldular. Sahibkarlar, ictimai təşkilatlar, Yeni Azərbaycan Partiyası, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, Nəqliyyat Rabitə və Yüksək Texnologiya İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi və s. bu aksiyalara qoşularaq aztəminatlı ailələrə, xüsusi qayğıya ehtiyacı olan insanlara ərzaq yardımları ediblər. Bizlər hər zaman cənab Prezidentin siyasətini dəstəkləmişik və Mehriban xanım Əliyevanın bütün çağırışlarına dəstək olmuşuq və bundan sonra da olacayıq. Biz bu gün də bir çox ailələrə ərzaq yardımı apardıq və bu proses davam etdiriləcək. Hətta bizim Nəqliyyat Rabitə və Yüksək Texnologiya İşçiləri Həmkarlar İttifaqı Sumqayıt, Gəncə, Şəki regionlarında da bu aksiyaları davam etdirəcək. Bir sözlə “Biz birlikdə güclüyük”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə