"Azərbaycanla Respublikaçılar Partiyası arasında münasibətlər daha yaxşıdır" ÖZƏL - AÇIQLAMA
"Bu ənənəvi Azərbaycan-Amerika münasibətlərindən daha çox Amerika Respublikaçılar Partiyasının xarici siyasətə baxışı ilə bağlıdır". Bu sözləri SİA-ya açıqlamasında Prezident yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi, Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov ABŞ-da baş tutacaq seçkilərin nəticəsi ilə bağlı və nəticənin növbəti mərhələdə Azərbaycan və Amerika Birləşmiş Ştatları arasındakı münasibətlərə necə təsir edəcəyi ilə bağlı danışarkən deyib.
Amerikada Respublikaçılarla Demokratlar arasındakı mübarizə fonunda keçən seçkilərdən danışan politoloq bildirib ki, birmənalı şəkildə Azərbaycanla Respublikaçılar Partiyası arasında münasibətlər daha yaxşıdır:
"Bu bir sıra məqamlarla bağlıdır. Əslində bu ənənəvi Azərbaycan-Amerika münasibətlərindən çox Amerika Respublikaçılar Partiyasının xarici siyasətə baxışı ilə bağlıdır. Xarici siyasətdə Respublikaçılar Partiyası realist nəzəriyyəsindən çıxış edir. Onlar daha çox münasibətlərdə iqtisadi və siyasi məsələlərə diqqət çəkirlər. Bildiyiniz kimi Respublikaçılar Partiyasının Rusiya ilə də daha yaxşı və sıx münasibətləri var və MDB məkanında da Respublikaçılar Partiyası Demokratlardan daha fərqli siyasət yürüdürlər. İndiki Azərbaycanın durumuna nəzər salsaq, bu rəsmi Bakının istəklərinə daha çox uyğun gəlir. Yəni, Azərbaycanın apardığı siyasətə daha çox uyğun gəlir".
Zaur Məmmədovun fikrincə sırf bu uyğunluqlara nəzərən biz qarşılıqlı anlaşmanı görürük, lakin bu dəfəki seçkilərdən sonra müəyyən qlobal dəyişikliklər görə bilərik:
"Bu dəfəki seçkilərdən sonra Respublikaçılar Partiyası və yaxud Demokratlar Partiyasının qalib gəlməsindən sonra onların Cənubi Qafqaza olan münasibəti o qədər də intensiv mahiyyət daşımayacaq. İndi qlobal dünya formalaşır. Dünya qarşısında, böyük güclər qarşısında çox böyük çağırışlar var. Bu çağırışlar qlobal mahiyyət daşıyır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB