Ermənistanın qara niyyətli qonşuluq siyasəti - ÖZƏL ŞƏRH

“Ermənistan regional və qlobal beynəlxalq siyasətdə qeyri-ardıcıl və qeyri-səmimi davranışlarını hətta bəşəriyyət üçün ağır koronavirusla mübarizə dövründə də davam etdirir. Dünya koronavirusla mübarizə çərçivəsində ən zəruri sosial məsafə tələbinə ciddi əməl etdiyi halda, Ermənistan təcavüzkar siyasətindən imtina etməyib və bütün mötəbər beynəlxalq təşkilatlatların və dövlətlərin açıq etirazına baxmayaraq qondarma "DQR"-da seçki oyununu davam etdirib. Bu fakt təcavüzkar ölkənin beynəlxalq sülh və təhlükəsizlik maraqlarına nə qədər sayqısız yanaşdığını bir daha sübut edib”. Bunu SİA-ya açıqlamasında “Bakı Xəbər” qəzetinin baş redaktoru, siyasi şərhçi Aydın Quliyev deyib.

Onun sözlərinə görə, qonşularla qeyri-səmimi və nadürüst siyasət aparmağın artıq adətə çevrildiyini Ermənistanın Türkiyə və İranla münasibətlərində son günlər üzə çıxan bəzi təzahürlər də təsdiqləyir: “Ermənistan tarixən Türkiyəyə və türk dünyasına düşmən kimi davransa da, qardaş Türkiyə bu ölkə ilə ədalətli və şəffaf prinsiplər üzərində münasibətlər qurmaq istədiyini dəfələrlə göstərib. Bu günlərdə Türkiyə koronavirusla mübarizədə Ermənistana dəstək verməyə hazır olduğunu bildirsə də, təcavüzkar ölkənin reaksiyası heç bir beynəlxalq-hüquqi və humanitar qaydalara uyğun olmayıb. Türkiyə bəşəri təhlükə ilə mübarizədə hamı ilə, o cümlədən Ermənistanla qeyri-siyasi və humanitar əməkdaşlıq mühiti qurmaqda maraqlı olduğunu nümayiş etdirib. Əvəzində isə Ermənistandan qeyri-etik və aqressiv cavab alıb. Əslində Türkiyənin beynəlxalq təhlükəsizlik mənafelərinə tam uyğun jesti Ermənistan tərəfindən yersiz süngü ilə qarşılanıb”.

A.Quliyev bildirib ki, təcavüzkar ölkə olan Ermənistan Türkiyəyə heç bir müraciət etmədiyini və yalnız 70 nəfər vətəndaşının Gürcüstan vasitəsi ilə Türkiyədən gətirildiyini böyük hay-küylə dünyaya car çəkib: “Ermənistan bir daha göstərib ki, qonşuları ilə heç bir davamlı, iddiasız və dinc yanaşı yaşamaq normalarına uyğunlaşmaq istəmir”.

Ekspert vurğulayıb ki, Ermənistanın eyni qara niyyətli qonşuluq siyasəti İranla münasibətlərdə də özünü göstərir: “Baxın,bu günlərdə uydurma videogörüntülərlə guya İranın Ermənistana yardımlar etdiyini nümayiş etməyə çalışıb. Təcavüzkar ölkənin bu saxtakarlığı da dərhal öz cavabını alıb və qonşu İran dövləti Ermənistana işğal edilmiş Azərbaycan torpaqları üzərindən yanacaq yardımı göstərmədiyini açıq bəyan edib. İran əslində sübut edib ki, Ermənistan qonşularla dürüst siyasətə adət etməyib və bir ölkə ilə münasibətlərini fürsət düşən kimi başqa qonşulara qarşı yönəltməyə çalışır. Bütün bu faktlar Ermənistanın öz təcavüzkar siyasəti üzündən regional təcridə düşməsinin və regionda vahid dinc əməkdaşlıq mühitinin yaranması əleyhinə daim pozucu siyasət aparmasının əyani sübutudur”.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə