Rusiyalı həmsədr: “Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşü yayda keçirilə bilər”
"Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqların davam etdirilməsi üçün Rusiya, Azərbaycan və Ermənistan prezidentləri arasında növbəti görüş cari ilin yayında keçirilə bilər". SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında ATƏT-in Minsk qrupunun Rusiyadan olan həmsədri İqor Popov deyib. O, qeyd edib ki, növbəti görüşün dəqiq tarixini müəyyənləşdirmək üçün isə aprelin sonunadək Azərbaycan və Ermənistan xarici işlər nazirləri səviyyəsində görüş keçiriləcək: " Azərbaycan ilə Ermənistan arasında "2+1" formatında danışıqlar səmərəlidir və gələcəkdə davam etdirilməlidir".
Qeyd edək ki, ötən gün ATƏT-in Minsk Qrupunun həmsədrləri Bernar Fasye (Fransa), Robert Bratke (ABŞ) və İqor Popov (Rusiya) regiona etdikləri son səfərin nəticələri ilə bağlı bəyanatla çıxış ediblər. Bəyanatda bildirilir ki, həmsədrlər 11-14 aprel tarixində İrəvan, Dağlıq Qarabağ və Bakıda səfərdə olublar. Həmsədrlər əmindirlər ki, baza prinsiplərinin yekunlaşdırılması və sülh sazişinə doğru irəliləmək vaxtı yetişib.
Həmsədrlər narahatlıqla qeyd edirlər ki, Dağlıq Qarabağda hava limanının açılışı gərginliyi daha da artıra bilər. Onlar bildirir ki, bu hava limanından uçuşlar Qarabağın mövcud statusunu dəyişməyə yönəlmiş cəhdlər üçün istifadə oluna bilməz. Həmsədrlər tərəfləri beynəlxalq konvensiya və razılaşmalara riayət etmək məqsədilə ortaq məxrəcə gəlməyə, həmçinin Azərbaycanla Ermənistan arasında mövcud uçuşlar praktikasını saxlamağa səsləyirlər. Həmsədrlər tərəflərin mülkü təyyarələrə yönəlmiş təhlükələri qəbul etmədikləri, məsələləri diplomatik üsulla və siyasiləşdirmədən həllinə dair vədini alqışlayırlar.
Bəyanatda qeyd olunur ki, həmsədrlər aprelin sonunda Vaşinqtona səfər edərək ABŞ Dövlət Departamentinin yüksək rütbəli rəsmiləri ilə sülh razılaşması istiqamətində təmasları müzakirə edəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB