"Azərbaycanın türk dünyasında tutduğu önəmli mövqe bir daha sübut olundu” ŞƏRH-ÖZƏL

“Türk Şurasının Zirvə görüşünün videokonfrans formatında keçirilməsi təşəbbüsü cənab Prezidentin praqmatik və çevik qərar qəbuletmə xüsusiyyətini bir daha sübut etdi. Bu görüşdə Azərbaycanın türk dünyasında tutduğu mühüm mövqe bir daha sübut olundu”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq Şəbnəm Həsənova deyib.

Prezident İlham Əliyevin hazırda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının fəaliyyətdə olan sədri olduğunu xatırladan politoloq söyləyib ki, Naxçıvan müqaviləsinin müvafiq bəndlərinə uyğun olaraq ehtiyac olduğu təqdirdə fəaliyyətdə olan sədr fövqəladə görüşlər çağırmaq səlahiyyətinə malikdir.

O bildirib ki, COVİD-19 virusunun “diqtəsi” ilə yaranmış şəraiti nəzərə alaraq bu dəfəki Zirvə görüşü videokonfrans formatında baş tutdu ki, bunun ideya müəllifi məhz ölkə başçımız idi: “Elə bu səbəbdən də ölkə başçımız hər zaman olduğu kimi praqmatik və çevik qərar qəbuletmə xüsusiyyətinə sadiq qalaraq bu Zirvə görüşünün online videokonfrans formatında keçirilməsi təşəbbüsü ilə çıxış etdi. Cənab Prezidentin bu təşəbbüsünün Şuraya üzv ölkələr tərəfindən müsbət qarşılanması həm də ölkə başçımıza olan hörmətin və rəğbətin bariz nümunəsidir. Eyni zamanda mövcud şəraitin diqtəsi ilə bir ilk daha yaşandı. Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru, doktor Tedros Adhanom Qebreyesus da videokonfransa qoşuldu. Zirvənin nəticələrinə uyğun olaraq dövlət başçıları tərəfindən fövqəladə sammitin yekunlarına dair bəyənnamə qəbul olundu. İstər pandemiya, istərsə də post-pandemiya dövründə Şuraya üzv ölkələrin ortaq əməkdaşlıq mexanizmləri müəyyənləşdirildi. Koronavirus pandemiyasından sonra da iqtisadi, siyasi və sosial layihələrin davam etdirilməsi məsələsinin vacibliyi vurğulandı".

Ş. Həsənova qeyd edib ki, virusun yaratdığı mövcud şəraitdə Şuraya üzv ölkələr arasında viza vaxtı bitmiş və ya hər hansı bir məsələ barədə çətinlik yaşayan vətəndaşlara olduqları ölkələrdə lazımi şəraitin yaradılması ilə bağlı ölkələrin həmrəy olduqları vurğulandı: "Bundan əlavə üzv ölkələrin hər biri 2 aprel 2020-ci il tarixində BMT Baş Assamebleyasında COVİD-19-a qarşı qəbul olunmuş bütün qətnamələri ortaq həmrəylik nümayiş etdirərək tam dəstəklədiklərini ifadə etdilər. Pandemiya olmasına baxmayaraq, nəqliyyat dəhlizlərində 180 min tondan çox yüklərin daşınmasında da üzv ölkələrin birlik nümayiş etdirdiklərinin önəmi ortaya qoyuldu. Heç şübhəsiz ki, yüklərin daşınmasında dəhlizin Azərbaycan olduğu üçün ölkəmizin bu məsələdə də önəmli rol oynadığını bir daha ortaya çıxarmış oldu. Düşünürəm ki, bütün bu məsələlər ətrafında Şuraya üzv ölkələr arasında belə sıx həmrəyliyin olması Şuranın gələcəkdə də əməkdaşlıq formatına müsbət təsir edəcək. Mühüm bir fakt Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru, Tedros Adhanom Qebreyesusun Azərbaycanın pandemiyaya qarşı dövlət səviyyəsində effektiv mübarizə aparması və görülən işləri təqdir etməsidir. Bu da bilavasitə cənab Prezidentin şəxsinə verilən dəyərdir".

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə