Bakıda “Cırtdan” Uşaq İstirahət və Sağlamlıq Mərkəzinin açılışı olub

Bakıda “Cırtdan” Uşaq İstirahət və Sağlamlıq Mərkəzinin açılışı olub

Bu gün Bakının Şüvəlan qəsəbəsində yerləşən "Cırtdan" Respublika Uşaq İstirahət və Sağlamlıq Mərkəzinin açılış mərasimi olub. Mərkəzin açılışına gənclər və idman naziri Azad Rəhimov da qatılıb.

Azərbaycan Gənclər və İdman Nazirliyindən SİA-ya verilən məlumata görə, "Cırtdan" Respublika Uşaq İstirahət və Sağlamlıq Mərkəzi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 fevral 2008-ci il tarixli sərəncamına əsasən inşa edilib.

Sovet vaxtlarında uşaq düşərgəsi kimi fəaliyyət göstərən bu məkanda daim çoxlu sayda uşaq və yeniyetmələr hər yay öz istirahətini maraqlı keçirirdilər. Azərbaycan dövləti öz müstəqilliyini bərpa etdikdən sonra da düşərgə fəaliyyətini davam etdirib və 2000-ci ildən Gənclər və İdman Nazirliyinin strukturuna daxil edilib. Hər il bu mərkəzdə 1500 nəfərə yaxın uşaq və gənc istirahət edir. Xüsusi diqqət aztəminatlı ailələrə və sağlamlıq imkanları məhdud olan yeniyetmələrə verilir. Mərkəzin maddi-texniki bazasının köhnəlməsi və müasir standartlara cavab verməməsi ilə əlaqədar düşərgədə yenidənqurma işlərinin həyata keçirilməsi qərarı verilib. Beləliklə, sifarişçisi Gənclər və İdman Nazirliyi olan mərkəzin əsaslı təmirinə 2008-ci ilin dekabr ayından başlanılıb.

Mərkəz aşağıdakı bölmələrdən ibarətdir:

2 mərtəbəli Əsas korpus – burada 112 çarpayı yerlik yataqxana otaqları, 100 nəfərlik yeməkxana, ərzaq məhsullarının saxlanılması üçün anbar və mətbəx, trenajor zalı, hər mərtəbədə həkim otağı, tərbiyəçi-müəllim otaqları, sanitar qovşaqlar, duş otaqları, foyedə televiziya izləmə yerləri, təsərrüfat və s. köməkçi otaqlar yaradılıb.

Yaradıcılıq binası - burada 20 nəfərlik konfrans zalı, kompüter tədrisi otağı, şahmat və stolüstü oyunlar otağı, təsviri-incəsənət otağı, digər dərnək otaqları və köməkçi otaqlar vardır.

Qonaq evi – burada 3 ədəd 4 və 2 çarpayı yerlik otaqlar var, hər 3 otaqda sanitar qovşaq və duş otaqları var.

İnzibati bina – burada direktor və müavin otağı, metodist-təlimatçı otağı, mühasibatlıq, arxiv, sanitar qovşaq, və.s köməkçi otaqlar var.

Mərkəzin ərazisində - süni ot örtüklü futbol meydançası, basketbol-voleybol meydançası, açıq üzgüçülük hovuzu, bədən tərbiyəsi məşqləri üçün kiçik meydança, açıq havada müxtəlif tədbirlərin keçirilməsi üçün 55 oturacaq yerlik səhnə, 6 ədəd açıq havada köşk-çardaqlar (besetka), sanitar qovşaqlar, yaradılıb.

Mərkəzin bütün binalardakı otaqları kondisionerlər və mebel avadanlıqları ilə, yeməkxana müasir mətbəx avadanlıqları ilə təchiz edilib.

Bundan başqa mərkəzin 1350 m2 sahəsində yaşıllaşdırma işləri yerinə yetirilib, içməli su və yanğına qarşı yeraltı su anbarları, binaları isti su və istiliklə təmin edəcək avtonom istilik qazanxanası, elektrik enerjisi təminatı üçün transformator yarımstansiyası da əsaslı təmir edilərək yeni müasir avadanlıqlarla təchiz edilib. Mərkəzin daimi qaz, işıq, su təchizatı üçün yeni kommunikasiya xətləri çəkilib.

Bütün xəbərlər Facebook səhifəmizdə