"Azərbaycan Türk Şurası ilə əməkdaşlığa böyük əhəmiyyət verir" AÇIQLAMA-ÖZƏL

“Bir müddətdir ki, koronovirusla əlaqədar dünyanın ayrı-ayrı beynəlxalq təşkilatları və institutları videobağlantı şəklində virtual olaraq görüşlər, toplantılar keçirirlər. Türk Şurası Zirvə toplantısının Prezident İlham Əliyevin təşəbbüsü ilə videokonfrans şəklində keçirilməsi Azərbaycanın bu Şura ilə əməkdaşlığa mühüm əhəmiyyət verdiyini göstərir”. Bu fikirləri SİA-ya açıqlamasında Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov deyib.

Azərbaycanın türk dünyasında mühüm dövlətlərdən biri olduğunu deyən politoloq söyləyib ki, müstəqillik illərindən bu yana bütün türkdilli ölkələr arasında məhz Azərbaycanın, Türkiyənin səyləri nəticəsində inteqrasiya prosesi sürətlənib: “Yeri gəlmişkən Türk Şurasının zirvə toplantısının videobağlantı şəklində görüntüsü dünyada dövlət başçılarının bu şəkildə ilk toplantısı idi. Düzdür bundan qabaq da toplantılar olub, lakin ölkə rəhbərləri səviyyəsində olmamışdı”.

O bildirib ki, Prezident İlham Əliyev Zirvə toplantısında koronavirusla bağlı olan sosial, iqtisadi proqramlar haqqında söhbət açıb: “Təbii ki söhbət ayrı-ayrı ölkələrin təcrübələrinin mənimsənilməsindən gedir. Bildiyiniz kimi Azərbaycanın koronovirusla mübarizə ilə bağlı təcrübələri artıq Ukrayna, Gürcüstan tərəfindən mənimsənilib. Burada söhbət dərslərin “online” şəkildə keçirilməsi, “Virtual məktəb” layihələrindən gedir. Eyni zamanda toplantıda Azərbaycanda həyata keçirilən sosial paketlər, iqtisadi sahədə bir neçə istiqaməti nəzərdə tutan koronavirusla bağlı yardımlar haqqında da söhbət açılıb”.

Z. Məmmədov qeyd edib ki, bütün bu toplantılar təşkilatların dayanıqlığında, inkişafında, xalqların inteqrasiyasında və komminikasında olduqca vacib toplantılardır.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə