"Ermənistan-İsrail yaxınlaşması İranla əməkdaşlığa ziyan vurur" ŞƏRH-ÖZƏL

“Ermənistan-İsrail əməkdaşlığının güclənməsi istiqamətində atılan addımlara, münasibətlərin yaxınlaşmasına rəsmi Tehranın mövqe bildirməyəcəyi mümkün deyildi. Çünki İran vaxtilə Ermənistanı konkret olaraq iflasdan xilas edib”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq Sahil İsgəndərov deyib

O bildirib ki, Ermənistanın İrana təşəkkür edəcəyini də gözləmək sadəlövhlük olardı: “İran çox gözəl bilir ki, Ermənistanın tarixən onların ərazilərinə iddiaları var. Ermənistan əgər Azərbaycan, Gürcüstan, Türkiyə və hətta Rusiyaya ərazi iddiası irəli sürübsə, İran bu kontekstdən kənarda qala bilməz”.

Politoloq söyləyib ki, rəsmi Tehran uzun illərdir ki, məhz Ermənistanı dəstəkləmək, onlara müəyyən yardımlar etməklə bir növ dünyaya çıxış almaq istəyirdi: “Artıq Ermənistanın İsrailə yaxınlaşması kontekstində İran narahat olmaya bilməz. Çünki İsrail İranın 2-3 düşmənlərindən biri olduğunu açıqlayıb. Belə bir vəziyyətdə Ermənistanın İsrailə istiqamətlənməsi bu ölkədə narahatlıq doğurmaya bilməz”.

Hazırki dövrdə Ermənistanın məhz İsrailə tərəf yaxınlaşmasının səbəblərini açıqlayan S. İsgəndərov vurğulayıb ki, dünyada gedən pandemiya proseslərinin ölkə iqtisadiyyatlarından da yan keçməyəcəyini anlayan Ermənistan dünyada nüfuz imkanlarına görə birinci olan yəhudi lobbisinin maliyyə imkanlarından istifadə etmək istəyir: “Digər məsələ qondarma erməni soyqırımının tanınması məsələsi ola bilər. Çünki hər kəsə məlumdur ki, yəhudi lobbisinin dünyada qondarma erməni soyqırımının tanınmasının qarşısının alınması istiqamətində fəaliyyəti böyükdür. Belə olan halda Ermənistan tərəfi İsraillə yaxınlaşmağa cəhd edir”.

Ekspert qeyd edib ki, bütün hallarda Ermənistanın müttəfiqi, qonşusu olan İranın siyasi probemlər yaşadığı İsraillə münasibətləri genişləndirilməsi riyakarlıqdır: “Ermənistan tarixən gizli oyunlar oyunmaqla, dostlarını maraqlarına qurban verən, ona buna yarınmaqla dividentlər qazanan ölkə olub. Hazırda Rusiyadan divident qazanmaq şansına malik olmayan işğalçı ölkə indi də İraillə yaxınlaşmaq fonunda nəsə əldə edəcəyinə ümid edir. Lakin bu addımlar İranla Ermənistan münasibətlərinə zərər verəcək”.

Politoloq əlavə edib ki, İsrail də çox yaxşı bilir ki, Ermənistanın Təl-Əvivlə yaxınlaşması onlara ziyan verə bilər: “Çünki digərlərinin xəncər sancan ölkədən yaxşı heç nə gözləmək olmaz”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...