Koronavirus qlobal siyasi münasibətlərə necə təsir edir? ÖZƏL - AÇIQLAMA

"İndi əsas düşmən koronavirusdur və indi əsas düşmənlə mübarizə aparmaq lazımdır". Bu sözləri SİA-ya açıqlamasında Qərbi Kaspi Universitetinin "Siyasi Elmlər" kafedrasının professoru, politoloq Fikrət Sadıxov koronavirus pandemiyasının qlobal siyasi münasibətlərə və münaqişələrə təsirindən danışarkən deyib.

Pandemiyanın xüsusilə dövlətlərarası və ölkədaxili münaqişələrdə durğunluğa səbəb olması məsələsinə aydınlıq gətirən siyasi ekspert bildirib ki, tamamilə durunluğun yarandığını demək olmaz: "Bu fonda tam durğunluq yaranmayıb. Çünki, niyyətlər və iddialar eynidir. Bunlar dəyişilməz olaraq qalıb. Bizim regionumuzda yəni, Dağlıq Qarabağ münaqişə zonasında baş verən hadisələrin timsalında da bunu görürük və müşahidə edirik. Mən ilk növbədə Ermənistanı nəzərdə tururam. Onlar bu şəraitdə belə təmas xəttində təxribatların törədilməsi ilə məşğul olmağa davam edirlər. Lakin, əgər ümumi mənzərəni götürsək dünyada baş verən hadisələrin təhlili prizmasından müəyyən durğunluğun olduğunu qismən müşahidə edə bilərik".

Politoloq vurğulayır ki, xüsusilə də İsrail və Fələstin arasında, həmçinin, Suriyada bu durğunluğu nisbətən müşahidə etmək olur: "Məsələn, demək olar ki, İsrail və Fələstin arasındakı münasibətlər pandemiya ilə əlaqədar müəyyən stabilliyə gətirib çıxarıb. Burada hər halda elə bir ciddi münaqişə müşahidə olunmur. Suriyada da baş verən hadisələr bizə əsas vermir ki, burada ciddi radikal şəkildə döyüşlərin getdiyini deyək. Müəyyən dərəcədə bu baxımdan durğunluq var".

Fikrət Sadıxov qeyd edib ki, bu siyasi durğunluq heç də qüvvələrin iddialarından əl çəkdiklərini göstərmir: "Bu heç də o demək deyil ki, qüvvələr öz iddialarından əl çəkib və öz maraqlarını arxa plana çəkib. Sadəcə olaraq onlar gözləmə şəraitindədirlər və müşahidə etmək mövqeyini tutublar. Onlar başa düşürlər ki, indi əsas düşmən koronavirusdur və indi əsas düşmənlə mübarizə aparmaq lazımdır. Çünki birinci dərəcəli təhlükə bax budur. Təhlükə ilə bağlı əsas maraqlar eyni istiqamətdə cəmləşdirlib".

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...