Bahar Muradova: “Radikal müxalifət təkcə Yeni Azərbaycan Partiyasının üzvlərinə yox, parlamentdəki müxalifətin digər nümayəndələrinə də düşmənçilik hissləri bəsləyirlər”

Bahar Muradova: “Radikal müxalifət təkcə Yeni Azərbaycan Partiyasının üzvlərinə yox, parlamentdəki müxalifətin digər nümayəndələrinə də düşmənçilik hissləri bəsləyirlər”

"Radikal müxalifət təkcə Yeni Azərbaycan Partiyasının üzvlərinə yox, parlamentdə təmsil olunan müxalifətin digər nümayəndələrinə belə düşmənçilik hissləri bəsləyirlər". SİA-nın məlumatına görə, bu sözləri Milli Məclisin vitse-spikeri Bahar Muradova parlamentin bugünkü çıxışında deyib.

 

O bildirib ki, radikal müxalifət millət vəkilləri İqbal Ağazadəni, Fazil Mustafanı, Qüdrət Həsənquliyevi də düşmən kimi qələmə verirlər. Vitse-spikerin sözlərinə görə, onlar "İctimai Palataya İ.Ağazadə gəlməsin" söyləyirlər.

 

"Parlamentdəki müxalifət də xalqa düşməndir? Bu gün narahatçlığa səbəb yoxdur deyənlərlə şərikəm, amma eyni zamanda bizim narahatçılığımızı qeyri- adi qəbul edənlərə də demək istərdim ki, nədən siz məni, onu və qeyrisinin bu parlamentdə xalqın və dövlətin maraqlarına uyğun məsələlər mövqeyindən çıxış etməyimizi, narahatçılığımızı qəbul etmək istəmirsiniz? Səfirlər də bizim strateji müttəfiqlərimizdir. ABŞ və digər ölkələrin səfirliklərinin nümayəndələri düşünmürlər ki, bu hərəkətlər Azərbaycanla münasibətlərə xələl gətirə bilər. Həmin ölkələrin bölgəmizdə maraqları var. Ancaq bizim maraqlarımıza da hörmət etməlidirlər. Səfirlər bu məsələ ilə bağlı izahat versələr yaxşı olar. İctimaiyyətdə və mətbuatda belə fikir var ki, radikal müxalifətlə görüşdə maliyyə məsələləri ilə bağlı söhbət olub. Qoy bu barədə səfirlər açıqlama versinlər. Səfirlər müxalifətlə görüş keçirə bilərlər. Amma mətbuatdan gizli yox. Biz beynəlxalq təşkilatlarla görüş keçirəndə bütün mətbuat bunu işıqlandırır. Niyə müxalifətin həmin görüşü mətbuatda açıqlanmadı, gizli qaldı? Bizdən şəffaflıq tələb edənlər niyə özləri şəffaf fəaliyyətdə deyillər?",- Bahar Muradova deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə