İtaliya mətbuatında Azərbaycanın işğal edilmiş ərazilərində keçirilmiş “seçkiləri” pisləyən məqalələr dərc olunub

İtaliyanın nüfuzlu “Askanews” və “Agenzia Nova” informasiya agentlikləri, “Notizie Geopolitiche” onlayn qəzeti, “Yahoo Notizie” xəbər saytı, “Giornale Diplomatico” və “Eurasianews” xəbər portalları Azərbaycan Respublikasının işğal edilmiş ərazilərində martın 31-də keçirilmiş qondarma “seçkilər”i pisləyən məqalələr dərc edib.

SİA "AZƏRTAC"a istinadən xəbər verir ki, yazılarda Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin və ətraf yeddi rayonunun işğalına gətirib çıxardığı və həmin ərazilərdəki yerli əhalinin doğma yurdlarından didərgin salındığı bildirilib. Sözügedən ərazilərdə azərbaycanlı əhaliyə qarşı etnik təmizləmənin həyata keçirildiyi, orada bir azərbaycanlının belə qalmadığı, işğal olunmuş torpaqlarda Ermənistan tərəfindən yaradılmış qondarma rejimin təcavüz və irqi ayrı-seçkiliyin nümunəsi olduğu diqqətə çatdırılıb.

Məqalələrdə, həmçinin Azərbaycana qarşı hərbi gücün nəticəsi olaraq Azərbaycan torpaqlarının işğalının beynəlxalq ictimaiyyət tərəfindən davamlı şəkildə pisləndiyi qeyd edilir. Bu xüsusda BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə Azərbaycan ərazilərinin işğalını pisləyən və Azərbaycan Respublikasının suverenliyinə və ərazi bütövlüyünə hörməti və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını təsdiqləyən 822 (1993), 853 (1993), 874 (1993) və 884 (1993) saylı qətnamələrinə istinad edilərək həmin qətnamələrin Dağlıq Qarabağ bölgəsinin Azərbaycanın ayrılmaz hissəsi olduğunu təsdiqlədiyi, Ermənistanın işğalçı qüvvələrinin Azərbaycanın bütün işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb etdiyi, habelə digər beynəlxalq təşkilatların da oxşar mövqe sərgilədiyi vurğulanıb.

Məqalələrdə Azərbaycan ərazilərinin hərbi işğalının və bu ərazilərdə etnik təmizləmənin davam etdiyi bir vaxtda qanunsuz rejim tərəfindən sözügedən qondarma “seçkilərin” keçirilməsinin Azərbaycan Respublikası Konstitusiyasını, beynəlxalq hüququn norma və prinsiplərini, o cümlədən insan hüquqları və beynəlxalq humanitar hüququn normalarını açıq şəkildə pozduğu qeyd olunub. Habelə məlumatlarda bu qondarma “seçkilər”in Ermənistanın işğalçı siyasətinin nəticələri və ilhaq istəklərini özündə əks etdirən ardıcıl tədbirlərdən biri olduğu bildirilir və bunun Ermənistanın status-kvonun saxlanılmasında və silahlı münaqişənin siyasi həllinin tapılmasında maraqlı olmadığı və təxribatlar və gərginliyin artırılması yolunu tutduğunun əyani sübutu olduğu diqqətə çatdırılır.

Məlumatlarda beynəlxalq hüquqa istinad edilərək güc tətbiq etməklə ərazinin əldə edilməsinin qadağan olunduğu, hər hansı hərbi işğalın müvəqqəti xarakter daşıdığı, bunun işğal olunmuş əraziyə suverenliyin ötürülməsi anlamına gəlmədiyi vurğulanır. Habelə beynəlxalq hüququn normalarına görə dövlətlərin heç bir halda ümumi beynəlxalq hüququn öhdəliklərinin ciddi şəkildə pozulması nəticəsində yaranmış bir vəziyyəti qanuni olaraq tanımaması, bu cür vəziyyətin saxlanmasına kömək göstərməməsi, bu kimi hüquq pozuntularının qarşısını almaq üçün birgə əməkdaşlıq etmələri diqqətə çatdırılır.

Azərbaycan tərəfinin dövlətləri və beynəlxalq təşkilatları Ermənistan tərəfindən işğal olunmuş ərazilərdə qondarma “seçkilər”in keçirilməsini qətiyyətlə pisləməyə, bununla da etnik təmizləmə siyasətinə qarşı çıxaraq beynəlxalq sərhədləri çərçivəsində Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünə hörmətlərini bir daha təsdiq etməyə, onlardan öz vətəndaşlarının və nümayəndələrinin bu “seçkilərdə”, o cümlədən “müşahidəçi” olaraq iştirak etməsinin qarşısını almaq üçün bütün lazımi tədbirləri görməyə çağırdığı bildirilir.

Sonda İtaliya Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyi tərəfindən xarici səfərlərlə əlaqədar olaraq vətəndaşlara xəbərdarlıqları özündə əks etdirən müvafiq veb-səhifəyə keçid verilməklə işğal edilmiş ərazilərə səfər etmək və qondarma “seçkilər”də iştiraka dəvət olunan hər kəs üçün Azərbaycana məxsus beynəlxalq səviyyədə tanınan bir əraziyə - Dağlıq Qarabağa girişin beynəlxalq hüquq pozuntusu olması, Azərbaycanda arzuolunmaz şəxslər siyahısına daxil edilməklə nəticələnəcəyi barədə oxuculara məlumat verilir.

Bütün xəbərlər Facebook səhifəmizdə