"Dövlətimiz Prezdentin rəhbərliyi altında qəttiyyətli addımlar atır" ÖZƏL-ŞƏRH

"Dünyada geniş yayılmış koronavirusla bağlı mübarizə ölkəmizdə də uğurla davam etdirlir. Bu mübarizənin tərkib hissəsi olaraq Nazirlər Kabinetinin yanında yaradılmış Operativ Qərargah bir çox məhdudiyyətlər tətbiq edib. Bu məhdudiyyətlərin tətbiq olunması iqtisadiyyatın qeyri-neft sektorunda işləyənlərə, həm də biznes strukturların fəaliyyətinə öz təsirini göstərib. Bir çox sahələr var ki, demək olar ki, fəaliyyətlər dayanıb. Bununla əlaqədar cənab Prezident Nazirlər Kabinetinə 1 milyard manat vəsait ayırıb və dövlət dəstəyinə ehtiyacı olan sahələrin müəyyənləşdirilməsi üçün 4 qrupun yaradılmasına tapşırıq verib. Təbii ki, bu qruplar 1-ci vitse-prezdentimizin tövsiyyələri ilə fəaliyyət göstərərək ölkədəki iqtisadi fəallığının davam etməsinə, makroiqtisadi sabitliyin təmin olunmasına, biznes strukturların gələcək fəaliyyətlərinin təmin olunmasına, iş yerlərinin qorunub saxlanılmasına və əhalinin sosial dəstəyinə ehtiyacı olan təbəqəsinin sosial müdafiəsinə müsbət təsir göstərəcək əsas istiqamətlər müəyyənləşdirərək 9 proqram hazırlayıb". Bunu SİA-ya millət vəkili Azər Badamov deyib.

Deputatın sözlərinə görə, dünən cənab Prezident iqtisadiyyat nazirini qəbul edib və bu əsas istiqamətlər ətrafında Mikayl Cabbarov məruzə edib. Qeyd olunduğu kimi işçi qrupları tərəfindən ölkə iqtisadiyyatına pandemiyanın təsirlərini minimuma endirmək və az itkilərlə böhrandan çıxması istiqamətində 9 proqram tərtib olunub. Bunu əsasən pandemiyanın birbaşa təsir etdiyi 44 min sahibkarlıq subyektində çalışan 304 min muzdlu işçinin əmək haqqının ödənilməsi və bu pandemiyada zərər çəkmiş 292 min mikrobiznes subyektinə və fərdi sahibkarlara dəstək 2 proqramını qeyd etmək olar. Bu proqramlarda qısamüddətli likvidliyi olmayan sahibkarlara, müəssisələrə öz fəaliyyətini davam etdirməyə, onların bir çox hallarda demək olar ki, əsas xərci olan işçilərin, muzdlu işçilərin əməkhaqqı xərcinin əhəmiyyətli hissəsinin ödənilməsi təklif olunur.

Üçüncü proqram pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə vergi güzəştləri, imtiyazları və tətilləri proqramıdır.

Dördüncü proqram pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə yeni verilən bank kreditləri üzrə kredit zəmanəti dəstəyi proqramıdır ki, bu proqramın həcmi 500 milyon manat təşkil edir.

Beşinci proqram pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin mövcud kredit portfeli üzrə kredit zəmanət dəstəyi proqramıdır ki, bu proqramın həcmi də 1 milyard manat olacaqdır.

Altıncı və yeddinci proqramlar əhalinin maddi vəziyyətinin dəstəklənməsi üçün sosial paketdir ki, bu istiqamətə sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsinə dəstək nəzərdə tutrulur.

Səkkizinci proqram ipoteka və kredit zəmanət mexanizminə maliyyə dəstəyi istiqamətidir ki, bu da tikinti sahəsinin fəallığının davam etdirilməsinə, genişləndirilməsinə, həm də əhali üçün hər zaman vacib olan mənzil probleminin həllinə böyük töhfə verəcəkdir.

Doqquzuncu proqram isə əhalinin kommunal ödənişlərinə dəstək proqramıdır.

Ümumiyyətlə bu proqramların həyata keçirilməsinə ilkin olaraq 2,5 milyard manat vəsaitin xərcləyəcəyi gözlənilir. Məqsəd isə koronavirus pandemiyasının dünyada yaratdığı iqtisadi böhranın ölkə iqtisadiyyatına təsirlərini azaltmaqdan ibarətdir. Təbii ki, bu pandemiyanın iqtisadiyyatlarına təsir etmədiyi ölkə yoxdur. Azərbaycan isə cənab Prezdentin rəhbərliyi və tapşırıqları ilə bu böhrandan az itkilərlə çıxmaq istiqamətində çalışır və düşünürəm ki, qəbul olunan operativ qərarlar postneft dövrü kimi təsəvvür etdiyimiz cari vəziyyətdə özəl biznes strukturlarının fəaliyyətini və iş yerlərini qorunub saxlanmasına imkan verəcəkdir. Biz həm koronavirus pandemiyası ilə ciddi mübarizə aparırıq, həm də iqtisadiyyatımızı qorunması üçün dövlətin resurslarını səfərbər edirik. Dövlətimiz Prezdent İlham Əliyevin rəhbərliyi altında qəttiyyətli addımlar atır. Pandemiya ilə mübarizədə məsuliyyət isə vətəndaşlarımızın üzərinə düşür. Əgər insanlar evdə qal çağırışına məsuliyyətlə yanaşaraq canlı təması minimuma endirsələr həm pandemiyanın yayılmasının qarşısını almış olarıq, həm də dövlətin ölkə iqtisadiyyatının və sosial vəziyyətinin qorunması istiqamətində atdıqları addımların effektivliyi daha çox olacaqdır".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə