"Minsk qrupu qondarma seçkilərə qarşı olduğunu bildirməli idi" ŞƏRH - ÖZƏL

“Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistanın keçirdiyi qondarma seçkilər birmənalı şəkildə heç bir dövlət tərəfindən tanınmır. Bununla bağlı verilən bəyanatlar, prinsipial yanaşmalar birdaha göstirir ki, dünya birliyi konkret olaraq işğala və separatizmə qarşıdır”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

O bildirib ki, Qarabağda qondarma seçkilərlə bağlı Türkiyədən, Ukraynadan verilən bəyanatlar bu ölkələrin Azərbaycanın ən yaxın tərəfdaşı olduğunu göstərdi: “ATƏT-ın Minsk qrupunun verdiyi bəyanat isə sadəcə diplomatik yanaşma idi və burada ortaq mövqeyin sərgilənməsi başa düşülən deyil. Halbuki, Minsk qrupununun bəyanatı belə bir seçkilərin keçirilməsinə qarşı olduğunu bildirməli idi. İşğala məruz qalanla, işğalçı ölkəni eyni mövqedə təqdim etməklə bu formatdan ədalət gözləməyə dəyməz”.

İran İslam Respublikasının qonşu ölkə kimi bu qondarma seçkilərə və işğala yanaşmasına gəlincə politoloq söyləyib ki, İran bu məsələdə Ermənistanın xətrinə dəyməmək kursu götürdü: “İranın Ermənistandan heç bir asılı vəziyyəti yoxdur və İrəvan Tehrana möhtacdır. Ona görədə İranın verdiyi bu bəyanat Ermənistana dəstəyin ifadəsi kimi baxılmalıdır”.

M.Əsədullazadə qeyd edib ki, İran rəsmi Tehranın münaqişənin həllində daha da effektli ola bilməsi ilə bağlı açıqlamlar versə də, onların qondarma seçkilərdə verdiyi bəyanat İranın münaqişənin həllində səmimi olmadığını bir daha göstərdi: “İran verdiyi bəyanatda işğalçı ölkənin adını çəkmir, separtizmi pisləmir. Belə bir mövqe ilə artıq rəsmi Tehranın münaqişənin həllində tutacağı mövqe aydın göründü”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə