"AŞPA həmməruzəçiləri yenə də gerçəkliyi əks etdirməyən ittihamlar irəli sürür" ÖZƏL-MÜNASİBƏT

"Bu günlərdə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) həmməruzəçiləri Azərbaycana qarşı növbəti qərəzli açıqlamalarla çıxış ediblər. Onlar hər zaman olduğu kimi gerçəkliyi əks etdirməyən ittihamlar irəli sürür və Azərbaycana demokratiya dərsi keçməyə cəhd edirlər". Bunu SİA-ya Yurddaş Partiyasının sədri Mais Səfərli deyib.

Partiya sədrinin sözlərinə görə, bu gün hər kəs çox yaxşı bilir ki, Avropa Şurasında ikiüzlülük, ədalətsizlik hökm sürür: "Bu və ya digər məsələlərdə qeyri-obyektivlik, ikili standartlarla çıxış etmək artıq Avropa Şurasının dəsti-xəttinə çevrilib. Bu qurumda istər Azərbaycana, istərsə də qardaş Türkiyəyə qarşı uzun illərdir ki, bir şəbəkənin mövcudluğu göz önündədir. Diqqət yetirsək görərik ki, koronovirusun bütün dünyanı lərzəyə saldığı bir dönəmdə həmin antiazərbaycan şəbəkə öz əməllərindən əl çəkmir. Onların məqsədi birdir. Bu da Azərbaycanda qarşıdurma meyilləri yaratmaq, sabitliyi pozmağa cəhd edən qüvvələrə stimul vermək və ölkəmizdə koronovirusa qarşı aparılan ciddi mübarizəni zəiflətməkdir. Nəinki həmməruzəçilərin, eləcə də Avropanın strukturlarında kök salmış digər antiazərbaycan çevrəsinin bu istəkləri həyata keçməyəcək. Bu gün Azərbaycanda möhkəm bir milli həmrəylik var. Cənab Prezident İlham Əliyev başda olmaqla hər bir Azərbaycanlı xalqımızın sağlamlığını, milli genefondumuzu, milli təhlükəsizliyimizi qorumaq üçün koronovirusla layiqli mübarizə aparır. Bizim dedi-qodulara, qeyri-ciddi söhbətlərə vaxtımız yoxdur. Əks təqdirdə bizdə də vəziyyət Avropa ölkələrindəki kimi acınacaqlı ola bilər".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...