"Biz ancaq bu yolla pandemiyanın qarşısını ala bilərik" ÖZƏL-ŞƏRH

"Dünya ölkələrinin gündəlik həyatını koronovirus pandemiyası iflic vəziyyətə salıb. Bu günə kimi bu pandemiyaya qarşı heç bir dərman və yaxud baksin tapılmayıb. Nəticədə yüz minlərlə insan bu virusa yoluxub və minlərlə insan öz həyatını itirib. Biz görürük ki, dünyanın ən qabaqcıl ölkələri belə koronovirus (COVİD-19) infeksiyası qarşısında acizdirlər". Bunu SİA-ya millət vəkili Cavid Osmanov deyib.

Deputatın sözlərinə görə, koronovirus epidemiyası heç bir sərhəd tanımır: "Bu günə olan məlumat ondan ibarətdir ki, dünyanın bütün ölkələrində artıq bu virusa yoluxmuş insanlar tapılıb. Təbii ki, Azərbaycan dövləti başda cənab Prezidentimiz İlham Əliyev olmaqla ölkə başçısının tapşırığına əsasən bu virusun Azərbaycanda daha az yayılması məqsədilə silsilə və təsirli tədbirlər həyata keçirilib. Hələ bu ilin yanvarın 24-də koronovirusla əlaqədar Nazirlər Kabineti yanında Operativ Qərargah yaradılmışdır. Belə ki, bütün növ təhsil müəssisələrinin, iri ticarət müəssisələrinin, obyektlərin, mərkəzlərin, “mall”ların fəaliyyəti dayandırıb və 65 yaşdan yuxarı insanların artıq evdən çölə çıxması qadağan olunub. Bununla belə kütləvi tədbirlərin keçirilməsi qadağan edilib. Bakı, Abşeron və Sumqayıta gəliş-gediş məhdudlaşdırılıb, həmçinin bir çox dövlət müəssisələrində çalışan əməkdaşların bir aylıq əməkhaqqısı ödənilməklə bir aylıq məzuniyyətə buraxılıblar. Eləcə də xaricdə qalan soydaşlarımızın ölkəmizə gətirilməsi üçün davamlı tədbirlər həyata keçirilib.

Azərbaycan Prezidentinin Sərəncamı ilə dünyada koronovirus pandemiyasının dünya enerji və səhm bazarında kəskin dalğalanmasını nəzərə alaraq ölkəmizdə gələcək bu pandemiyadan ehtimal olunan zərərin qarşısını almaq məqsədilə dövlət başçısı 1milyard manat vəsait ayırıb. Bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Maliyyə Nazirliyi, İqtisadiyyat naziri və Mərkəzi Bankın sədrinin rəhbərliyi ilə dörd işçi qrupu yaradılıb. Həmçinin ölkə başçısı tərəfindən Koronovirusla Mübarizəyə Dəstək Fondu da yaradılıb. Prezidentimiz bir illik əməkhaqqısını da həmin Fonda ianə etdi. Ölkə başçısı Novruz bayramı ərəfəsində Azərbaycan xalqına təbriki zamanı da insanların daha məsuliyyətlə yanaşmağını, koronovirus pandemiyasının çox ciddi bir virus olmasını bir daha izah etdi.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva da Azərbaycan xalqına çağırış etdi, insanlara, Azərbaycan vətəndaşlarına tövsiyyələri ondan ibarət oldu ki, maksimum evdə qalsınlar və zərurət olmadığı halda evdən çölə çıxmasınlar. Biz beləliklə bu pandemiyanın qarşısını ala bilərik. Eyni zamanda Mehriban xanım Əliyeva da öz bir illik əməkhaqqısını sözügedən Fonda köçürdü. Heydər Əliyev Fondu da böyük bir məbləğdə həmin Fonda dəstək oldu. Bununla yanaşı cənab Prezidentimizin çağırışına bir çox böyük şirkətlər, banklar, ayrı-ayrı ictimai-siyasi xadimlər, hüquqi və fiziki şəxslər, sahibkarlar və digər insanlar da qoşulub. Dünyanın heç bir ölkəsində heç bir dövlət bu qədər öz xalqını bu pandemiyadan qorumaq üçün işlər görməyib. Bununla yanaşı insanlarımız, bəzi vətəndaşlarımız öz sosial məsuliyyətini bu gün də dərk etmirlər. Biz görürük ki, dünyanın inkikaf etmiş ölkələri İtaliya, İspaniya, Almaniya, Hollandiya, Amerika və s. bu virusun qarşısında aciz qalmaqdadırlar. Bu mənada hər bir Azərbaycan vətəndaşını bu məsələyə çox ciddi məsuliyyətlə yanaşmağa çağırırıq".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...