"Azərbaycan xalqı bu çətin dövrdən də xilas ola biləcək" ÖZƏL-MÜNASİBƏT

Azərbaycanda milli birlik, həmrəylik, xalqın ölkəmizin müstəqilliyi uğrunda sıx birləşməsi həmişə lazımdır, lakin bu günkü ağır dövrdə, hansıki, koronavirus təhlükəsi bütün dünyanı təhdid edir, Azərbaycanda həmrəylik xüsusilə lazımdır. Bu sözləri SİA-ya müsahibəsində millət vəkili Aydın Mirzəzadə deyib.

Millət vəkili xüsusilə qeyd edib ki, bu gün Azərbaycanda hamı cəmiyyətdə bu bəlaya qarşı aparılan mübarizəyə ümumi dəstək ifadə etməli, Azərbaycanda bu problemlərin tezliklə aradan qaldırılması üçün öz töhfəsini verməlidir.
"Milli birliyə xələl gətirən, bu situasiyadan sevincini gizlətməyən, xarici ölkələrin burada 5-ci kalonu kimi fəaliyyət göstərməyə çalışan qüvvələr öz hərəkətləri haqqında ciddi düşünməlidirlər. Düzdür, bunlar çox deyillər və bunların sosial bazası da böyük deyil. Amma bununla belə, kimin kim olduğu hazırki dövrdə xüsusilə bilinir.
Koronavirusa qarşı mübarizədə Azərbaycan dünyada ən yaxşı nümunələrdən birini göstərir. Hər bir milyon nəfərə düşən xəstəyə görə Azərbaycan ən önəmli yerlərdən birini tutur. Bu xəstəlik Azərbaycana kənardan gəlib. Onun geniş yayılmaması üçün Azərbaycanda bu gün çox ciddi addımlar atılır. Cənab Prezidentin dünən Azərbaycan Televiziyasına verdiyi müsahibəsində həm bu sahədə görülən işlər, həm bu koronavirus təhlükəsinin iqtisadiyyat üçün yaratdığı çətinliklərdən çıxmaq üçün Azərbaycan hökumətinin atdığı addımlardan danışması insanlara böyük inam verdi. İnsanlar dövlət başçısının, inandıqları liderin onların taleyini düşündüyü, onların təhlükəsizliyinin qorunması üçün mühüm işlər apardığının fərqindədirlər. Azərbaycan xalqı bu günkü çətin dövrdən də Cənab Prezidentin apardığı siyasətlə, milli birliklə, həmrəyliklə xilas ola biləcəkdir", deyə Aydın Mirzəzadə bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə