Bakıda Sivilizasiyalar Alyansı naminə Qlobal Gənclər Hərəkatının I Konqresi başa çatıb

Bakıda Sivilizasiyalar Alyansı naminə Qlobal Gənclər Hərəkatının I Konqresi başa çatıb

9 aprel 2011-ci il tarixində Beynəlxalq Mugam Mərkəzində start götürən Konqresi giriş sözü ilə Gənclər və İdman Naziri Azad Rəhimov açıb. SİA-nın xəbərinə görə, nazir bildirib ki, hələ 2009-cu ildə Türkiyənin İstanbul şəhərində Birləşmiş Millətlər Sivilizasiyalar Alyansının Gənclər Tədbiri çərçivəsində 40 ölkənin 100 gənci bir araya gəlib.

Azad Rəhimov bu Konqresi dünya gənclərinin fəaliyyətinin genişləndirilməsi istiqamətində böyük təkan adlandırıb ki, bu da gənclər təşkilatlarının səfərbərliyi və gücləndirilməsi, gənclərin fəaliyyətində şəbəkələşmə, gənclərin səsinin dəstəklənməsi, BMT Sivilizasiyalar Alyansının bütün sektorlarında iştirakı və s. məsələlərin müzakirəsi ilə nəticələnəcək.

"Əminik ki, bu görüş hamı üçün təhlükəsiz olan bir dünyanın rifahı naminə təşəbbüslərin geniş müstəvidə yer alması üçün bütün dünya gənclərini ruhlandıracaq və onların fəaliyyətinə istiqamət verəcəkdir. Gənclər daha yaxşı gələcək qurmağa hazırdırlar və buna görə öz məsuliyyətlərini başa düşürlər", Azad Rəhimov deyib.

Nazir eyni zamanda qeyd edib ki, Qlobal Gənclər Hərəkatının konsepsiyası Gənclər Sivilizasiyalar Alyansı Fəaliyyəti Naminə üzərində qurulub, Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumu tərəfindən inkişaf etdirilib.


Azad Rəhimovun çıxışından sonra videobağlantı vasitəsilə BMT baş katibinin Sivilizasiyaların İttifaqında yüksək nümayəndəsi Jorj de Sampayonun və İslam Konfransı Təşkilatının baş katibi Ekmələddin İhsanoğlunun konqres iştirakçılarına təbrikləri çatdırılıb.


İSESKO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri 40 ölkədən 100-dən çox gəncin iştirak etdiyi konqresin Azərbaycanda keçirilməsini sevindirici hadisə kimi qiymətləndirib.


Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun baş katibi Elşad İsgəndərov, Avropa Şurasının gənclər və idman departamentinin direktoru Ralf-Rene Vaynqartner, BMT-nin Sivilizasiyalar İttifaqı Katibliyinin icraçı direktoru Mark Şuer, BMT-nin Sivilizasiyaların İttifaqı gənclər proqramının əlaqələndiricisi İzabella Leqare konqresin əhəmiyyətini vurğulayıb, onun işinə uğurlar arzulayıblar.

Konqres öz işini aprelin 10-da davam etdirib. Növbəti gün konqresdə gənclər təşkilatlarının mədəniyyətlərarası dialoq üzrə fəaliyyətlərinin gücləndirilməsi, BMT-nin bu sahədə həyata keçirdiyi layihələrdə iştirakı məsələləri müzakirə etdirilmiş, hərəkatın fəaliyyət mexanizmləri, beynəlxalq təşkilatlarla əməkdaşlıq, xüsusilə mədəniyyətlərarası fobiya zəminində baş verən münaqişələrin həllinə yönəlmiş mexanizmləri özündə əks etdirən Nizamnamə, Bakı Bəyannaməsi və Fəaliyyət Planı qəbul olunub.


Bununla da, Konqres öz işini 10 aprel tarixində yekunlaşdırıb.
Qeyd edək ki, Sivilizasiyalar Alyansı naminə Qlobal Gənclər Hərəkatının (SAQGH) I Konqresi BMT-nin Sivilizasiyaların İttifaqı Katibliyinin, Heydər Əliyev Fondunun, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun (DƏ-İKGF) təşkilatçılığı ilə gerçəkləşib.

Bütün xəbərlər Facebook səhifəmizdə