"Hər bir vətəndaş öz üzərinə düşən vəzifəni yerinə yetirməlıdır" RƏY-ÖZƏL

"Hər bir vətəndaş öz üzərinə düşən vəzifəni yerinə yetirməlıdır" RƏY-ÖZƏL

"Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan dövləti tərəfindən vətəndaşlarımızın sağlamlığının qorunması istiqamətində dünya ölkələri arasında ən yüksək səviyyədə, fərqlənən qaydada tədbirlər görülür. Biz də vətəndaş olaraq görülən tədbirlərə öz dəstəyimizi, köməyimizi etməliyik". Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov deyib.

O bildirib ki, sağlamlığımızı qorumaq üçün hər bir kəs bir vətəndaş, ailə üzvü olaraq qəbul edilən qərarlara, edilən tövsiyələrə yüksək səviyyədə əməl edərək həm şəxsi sağlamlığının qayğısına, həm də dövlətin gördüyü işlərə dəstək vermiş olur.

Deputat söyləyib ki, dünyanı bürüyən epidemiyanın ölkəmizdə geniş yayılmasının qarşısının alınması istiqamətində bütün tədbirlər görülür: " Lakin dövlətin 10 milyondan çox insanın hər birnin yanında dayanmaq imkanı yoxdur. Burada artıq vətəndaşlar öz üzərilərinə düşən vəzifəni, məsuliyyəti, bir insan kimi borcunu yerinə yetirməyə çalışmalıdırlar".

E. Məmmədov qeyd edib ki, əgər 65 yaşından yuxarı olan insanların evdən çıxmasına qadağa qoyulursa, bu əlbəttə ki, həmin şəxslərin sağlamlığının qorunması üçündür: " Hər kəsə məlumdur ki, yaşlı insanların immun sistemi cavan şəxslərlə müqayisədə daha zəif olur. Bu da o deməkdir ki, yaşlıların virusa yoluxma riski daha artıqdır. Belə olan halda, yaşı 65-dən yuxarı olanların hər biri qəbul edilən qərarlara, qoyulan tələbələrə əməl etməlidir. Bu ilk növbədə həmin şəxs, daha sonra cəmiyyətimiz, eləcə də dövlətimiz, ölkəmiz üçün vacibdir".

O əlavə edib ki, əgər biz dövlət tərəfindən görülən işlərin, atılan addımların təsirli olmasını, bəladan tez bir vaxtda və az itki ilə azad olmaq istəyiriksə, o zaman hər kəs deyilənlərə riayət etməlidir: "Mən bir vətəndaş olaraq Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya görülən işlərə, yaradılan Fonda görə təşəkkür edirəm. Düşünürəm ki, hər bir vətəndaş yaradılan Fonda gücü çatan qədər öz tövsiyəsini verməlidir. Bu bizim ümummilli, ümumxalq işimizdir. Burada həmrəylik, vətəndaşlıq nümunəsi göstərərək deyilənlərə, qaydalara, qanunlara əməl etməliyik. Hesab edirəm ki, belə olduğu təqdirdə prosesdən qalib çıxacağıq".

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə