"Sosial şəbəkələrdə hay-küy salmaqdan başqa bir fəaliyyətlə məşğul deyillər" ÖZƏL-MÜNASİBƏT

"Sosial şəbəkələrdə hay-küy salmaqdan başqa bir fəaliyyətlə məşğul deyillər" ÖZƏL-MÜNASİBƏT

"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edərkən bir sıra mühüm məsələlərə də toxunmuşdur. Onlardan biri də siyasi partiyalarla dialoq məsələsi idi". Bunu SİA-ya Yurddaş Partiyasının sədri Mais Səfərli deyib.

"Ölkə başçısı bildirdi ki, Prezident Administrasiyası bütün siyasi partiyalara dialoq təklif edib. Cənab Prezident bunu çox mühüm addım kimi qiymətləndirir. Mən də öz növbəmdə hesab edirəm ki, doğurdan da bu gün siyasi partiyalarla hakimiyyət arasında dialoqun mövcudluğu çox mühüm bir məsələdir. Azərbaycan demokratik və hüquqi bir dövlətdir. Bildiyiniz kimi siyasi partiyalar dövlətin ümumi siyasi mənzərəsinin əsas tərkib hissəsindən biridir. Azərbaycanda çoxpartiyalılıq sisteminin mövcud olması ölkəmizdə demokratik hüquqi dövlətin mövcudluğundan xəbər verir. Siyasi partiyaların gücləndirilməsi, siyasi partiyalarla ünsiyyətin genişləndirilməsi, ölkəmizdəki ictimai-siyasi məsələlərin müzakirə edilməsi, bir sıra məsələlərdə birgə mövqedən çıxış edilməsi elə hesab edirəm ki, demokratik hüquqi dövləti əsas xarakterizə edən amillərdən biridir. Azərbaycan Prezidenti İlham Əliyevin də siyasətinin məhz əsas istiqamətlərindən biri də bu gün Azərbaycanda siyasi partiyalar arasında hormonal münasibətlərin olması, bu münasibətlərin inkişaf etdirilməsi, dövlətçilik naminə, dövlətimizin dayanıqlı inkişafı naminə bu münasibələrin həmişə normal səviyyədə olmasıdır. Bu gün cənab Prezidentin qeyd etdiyi kimi aparılan bu dialoqda çox partiyaların əksəriyyəti böyük məmnuniyyətlə iştirak edib. Bunu özlərinin çox mühüm bir vəzifəsi kimi qəbul ediblər.

Amma təəssüflər olsun ki, bəzi siyasi partiyalar, xüsusilə də radikal düşərgədə olan partiyalar bu görüşdən bu və ya digər bəhanələrlə, qondarma səbəblərlə boyun qaçırıblar. Hətta onlar seçkilərdə belə iştirak etmirlər. Elə hesab edirəm ki, radikal düşərgədə olan bu partiyalar yalnız sosial şəbəkələrdə hansısa siyasi fəaliyyətlə məşğul deyil, sosial şəbəkələrdə hay-küy salmaqdan başqa bir fəaliyyətlə məşğul deyillər"-deyə, M.Səfərli fikrini tamamlayıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə