"Biz düşməni, işğalçını cəzalandırmaq üçün çox güclü olmalıyıq" ÖZƏL-MÖVQE

"Biz düşməni, işğalçını cəzalandırmaq üçün çox güclü olmalıyıq" ÖZƏL-MÖVQE

“Bu gün bütün xocalılar üçün danışmaq çox ağırdır. Biz 28 il bundan öncə bilmirdik ki, fevralın 25-i Xocalının son günü olacaq. Çünki Respublika rəhbərliyi bizim gündəlik müraciətlərimizə belə cavab verirdi: “Qorxmayın, möhkəm dayanın, sabah gələcəyik” son 1 ayın danışıqlarının məzmunu bu cür idi”. Bunu SİA-ya millət vəkili Elman Məmmədov deyib.

Deputatın sözlərinə görə, Xocalı son 4 ayını mühasirə şəraitində yaşadı: “1991-ci ilin noyabr ayının 1-dən bugünkü günə qədər bu mühasirə davam edir. Bu 4 ayda o dövrün deputatları Arif Rəhimzadə, Eldar İbrahimov da təsdiq edə bilər ki, mən dəfələrlə Ali Sovetin iclaslarında xahiş etdim ki, bizə kömək edin. Çünki rəhbərliyin başı burada hakimiyyət uğrunda mübarizəyə qarışmışdı. Ancaq bu çağırışların faydası olmadı. Ümidverici vədlərdən başqa bizə heç nə deyilmədi. Nə vaxt ki, millətə, dövlətə, xalqa rəhbərlik edənlər yerində olmur, vəzifəsinin məsuliyyətini dərk etmir, onda Xocalı məhv olur. Bakıda gedən hakimiyyət davaları nəticəsində düşmənin əlinə fürsət düşdü, düşmən istədiyini etdi, soyqırım törətdi. Xocalının ətrafında Xocalıdan başqa ikinci bir azərbaycanlılar yaşayan yaşayış məntəqəsi yox idi. Xocalı təkcə ortada qalmışdı”.

E.Məmmədov qeyd edib ki, Xocalı soyqırımı ilk dəfə dünyada Heydər Əliyev tərəfindən tanıdılmağa başlanılıb: “Bu tədbirlər bu gün də çox geniş vüsət alıb. Artıq xeyli dövlətlər müxtəlif səviyyələrdə bu soyqırımı tanıyıb. Beynəlxalq güclər bu gün Xocalı soyqırımına qarşı da, bütövlükdə Azəebaycan torpaqlarının 20%-nin işğal altında qalmasına da göz yumur. Buna görə də işğalçı, terrorçu dövlət bu günə kimi cəzasız qalıb. Biz torpaqlarımızı işğaldan azad etmək, düşməni, işğalçını cəzalandırmaq üçün çox güclü olmalıyıq. Çünki gücün sözünün kəsəri olur, güc qalib gəlir”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə