Xarici İşlər nazirinin müavini Ramiz Həsənov BMT Baş katibinin müavini ilə görüşüb

Fevralın 25-də Azərbaycan Respublikası Xarici İşlər nazirinin müavini Ramiz Həsənov İsveçrəyə səfəri çərçivəsində BMT-nin Baş katibinin müavini, BMT-nin Təlim və Tədqiqatlar İnstitutunun (UNİTAR) icraçı direktoru Nikhil Set ilə görüşüb. SİA "AZƏRTAC"a istinadən xəbər verir ki, əvvəlcə Nikhil Set təmsil etdiyi qurumun yaranma tarixi, fəaliyyəti, dünyanın müxtəlif yerlərində həyata keçirdiyi proqramlar və layihələr barədə ətraflı məlumat verib və UNİTAR ilə ölkəmiz arasında mövcud əməkdaşlıq münasibətlərini və əlaqələrin möhkəmləndirilməsi istiqamətində atılan addımları yüksək qiymətləndirib. O, qarşıya qoyulan layihələrin uğurla icra olunduğunu, xüsusi ilə Bakı Ali Neft Məktəbi ilə UNİTAR arasında təhsil sahəsində davam edən əməkdaşlığı yada salıb və yeddi nigeriyalı gəncin 2019-2023-cü tədris illəri müddətində neft-qaz mühəndisliyi ixtisası üzrə Bakıda təhsil aldığını vurğulayıb. Daha sonra nazir müavini Ramiz Həsənov ölkəmizin beynəlxalq təhsil mübadiləsi sahəsində fəaliyyətinə toxunaraq, artıq bir çox təhsil müəssisəsində yerli və xarici mütəxəssislər üçün müxtəlif sahələr üzrə ixtisaslaşmış təlim və tədris proqramlarının təşkil edildiyini, ənənəvi olaraq digər ölkələrdən çoxsaylı tələbələrin neft mühəndisliyi və başqa ixtisaslar üzrə təhsil aldıqlarını və məhz bu istiqamət üzrə UNİTAR ilə ölkəmiz arasında mövcud olan əməkdaşlıqdan böyük məmnunluq duyduğunu bildirib. Sonra Azərbaycan ilə UNİTAR arasında gələcək əməkdaşlıq və perspektiv imkanlarına dair geniş fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə