"Prezident beynəxalq hüquq normalarına əsaslandı və göstərdi ki,..." ÖZƏL-AÇIQLAMA

"Azərbaycan Prezidenti cənab İlham Əliyevin dəlillərlə, faktlarla Ermənistan baş naziri Nikol Paşinyanı susdurması əlbəttə ki, onun uzaqgörən siyasətindən, beynəlxalq aləmdə baş verən hadisələrə yanaşmasından, hadisələri düzgün qiymətləndirməsindən irəli gəlir. Çünki cənab Prezident bir siyasətçi kimi dünyada baş verən hadisələri düzgün qiymətləndirməyi və ona lazımi qiymət verməyi bacarır. Elə Paşinyanla söhbətində də dövlətimizin başçısı bu faktlara, dəlillərə istinad etdi və Azərbaycanın, Qarabağın tarixini dəqiq, düzgün bildiyini aydın sübutlarla şərh etdi". Bunu SİA-ya açıqlamasında millət vəkili Tahir Rzayev deyib.

"Bir sözlə, cənab Prezident Paşinyana bir dərs keçdi. Əlbəttə ki, bu, mükəmməl bir dərsdir və xalqa, torpağa, Qarabağ məsələsinə olan məhəbbətdən irəli gələn dərsdir. İlk növbədə dövlət başçısı nəinki dəlillərə, faktlara arxalandı, həm də beynəxalq aləmin Azərbaycana olan münasibətini diqqətə çatdırdı. Göstərdi ki, Qarabağ əzəli Azərbaycan torpağıdır və nəinki Qarabağ əraziləri işğal olunub, eləcə də Qarabağa qonşu olan yeddi rayon erməni təcavüzkarları tərəfindən işğala məruz qalıb. Cənab İlham Əliyev həm də danışıqların gedişi prosesindən söz açdı ki, artıq beynəxalq aləm – BMT, bir çox mötəbər təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıyır, təsdiqləyir və Azərbaycan torpaqlarının işğaldan azad olunması ilə bağlı əldə çox mühüm sənədlər var. Təəssüflər olsun ki, erməni rəhbərliyi bu faktlara, sənədlərə lazımi məhəl qoymur və yenə də Qarabağ torpaqları işğal altındadır. Prosedur qaydalarına gəldikdə isə cənab Prezident beynəxalq hüquq normalarına əsaslandı və göstərdi ki, bu normalar beynəlxalq təşkilatların verdiyi qərarlardır və bu qərarlara, qətnamələrə sözsüz əməl olunmalıdır"-deyə, deputat fikrini tamamlayıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...