Siyavuş Novruzov medallarından danışdı ÖZƏL-AÇIQLAMA -VİDEO-FOTOLAR

Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzovun ödülləndirilməsi sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Sosial şəbəkələrdə onun barəsində yazılan yazılara YAP İcra katibinin müavini Siyavuş Novruzov SƏS TV-yə açıqlamasında aydınlıq gətirib: “Qeyd edirlər ki, guya mən hərbi xidmətdə olmamışam və s. kimi digər absurd fikirlər yayırlar. Təəssüfləndirici məqamdır ki, medalın xüsusiyyətini bilməyənlər medal haqqında danışırlar. Onlar bir şeyi bilməlidirlər ki, bu gün kiməsə elə-belə orden və medal verilmir. İstərdim ki, mənə indiyədək təqdim olunan orden və medallar haqqında məlumat verim. 18 noyabr 2017-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirakıma görə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilmişəm. 16 fevral 2019-cu ildə Prezidentin digər sərəncamı ilə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakıma görə “Şöhrət” ordeni ilə təltif edilmişəm. Hər iki ordeni dövlət başçısı mənə təqdim edib. Eləcə də Əfqanıstan və Qarabağda gedən döyüşlərdə iştirak etdiyimə görə medallara da layiq görülmüşəm”.

Siyavuş Novruzov SSRİ dövründə fəaliyyətinə görə də medallarla təltif edildiyini deyib: "Mixail Qorbaçov məni SSRİ Ali Sovetinin Rəyasət Heyətinin qərarı ilə iki ordenlə təltif edib. General-polkovnik Şpankov adına Qvardiya məktəbini bitirmişəm. Bu ordenlər heç kəsin üzərində ola bilməz. Bu mənada demək istəyirəm ki, bilməyən, xidməti olmayan, medaldan anlayışı olmayan adamlar medaldan danışmasın. Mən qazandığım bütün bu nailiyyətlərə görə, Ümummilli Lider Heydər Əliyevə borcluyam. Mən bir daha Ulu Öndər Heydər Əliyevə, cənab Prezident İlham Əliyevi və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya minnətdaram”.

Qeyd edək ki, Siyavuş Novruzov 17 fevral 1969-cu ildə Naxçıvan Muxtar Respublikası, Babək rayonunun Cəhri kəndində anadan olub. 1990-1995-ci illərdə Bakı Dövlət Universitetinin Hüquq fakultəsini,1999-2002-cı illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət və bələdiyyə idarəetməsi fakültəsini bitirib. Hüquq üzrə fəlsəfə doktorudur. Əfqanıstan və Qarabağ müharibələri veteranıdır. Siyavuş Novruzov sərbəst güləş üzrə idman ustasıdır. 10 yaşından peşəkar idmanla məşğuldur. Hərbçilər arasında keçirilən yarışın qalibi olub.

Siyavuş Novruzov 1990-cı ildən “Əlincə” Xeyriyyə Cəmiyyətinin şöbə rəisi, məsul katibi işləyib. 1994-1999-cu illərdə Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının İşlər müdiri, Təşkilat şöbəsinin müdiri vəzifələrində çalışıb, 1995-2005-ci illərdə partiyanın Gənclər Birliyinin sədri olub. Yeni Azərbaycan Partiyası Siyasi Şurasının və İdarə Heyətinin üzvü, partiyanın İcra katibinin müavinidir.

Azərbaycan Respublikasının Milli Məclisinə II, III, IV və V çağırışlarının deputatıdır. O, uzun müddət parlamentin İntizam Komissiyasının sədri işləyib, hal-hazırda isə Milli Məclisin İctimai birliklər və dini qurumlarla iş komitəsinin sədridir.

Ailəlidir, iki övladı var.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə